Günəş söndükdən sonra: Yerin taleyi necə olacaq?

Günəş söndükdən sonra: Yerin taleyi necə olacaq?

Hətta ölən ulduzlar da püskürməyə və kosmosa nəhəng kütlələr buraxmağa qadirdir.

Bu, xarici qabığını fəlakətli şəkildə itirmədən və nüvəsi super sıx “ağ cırtdan”a çevrilmədən əvvəl, gələcəkdə Marsa qədər uzanan qırmızı nəhəngə çevriləcək Günəşə də aiddir.

“Cebhe.info” xəbər verir ki, alimlər belə qənaətə gəliblər.

Bəs Günəşin sönməsindən sonra Yer və digər planetlərin taleyi necə olacaq? 

Orbitlərindəki pozğunluq səbəbindən Qalaktika ətrafında dolaşacaqlar, yoxsa ağ cırtdanın qucağına düşəcəklər? Bu planetlərin milyardlarla il ərzində yavaş-yavaş soyuduğu üçün köhnəlmiş ulduzun ətrafında sakitcə fırlanması mümkündürmü? 

Yeni kəşf bu suallara cavab verməyə və Günəş sisteminin mümkün taleyini aşkar etməyə kömək edə bilər.

“James Webb” Kosmik Teleskopundan (JWST) istifadə edən astronomlar “ağ cırtdanlar”ın orbitində fırlanan iki qaz nəhəngi ekzoplanetini birbaşa təsvir ediblər. Kosmik Teleskop Elmləri İnstitutunun (STScI) astronomu Syuzan Mullalinin rəhbərlik etdiyi komanda bildiirb ki, təsdiq edilərsə, bunlar Günəş sistemindəki nəhəng planetlərlə yaşı və məsafəsi oxşar olan planetlərin ilk birbaşa təsvirləri olacaq. 

Ekzoplanetlər adətən birbaşa müşahidə olunmur. İndi təsdiqlənmiş 5500-dən çox ekzoplanet var və minlərlə daha çox namizəd kəşf edilib. Lakin bu kəşflərin əksəriyyəti birbaşa yox, dolayı olub. Astronomlar “teleskopun baxışı” qarşısından tranzit keçid zamanı planetin ulduzun parlaqlığına təsirini müşahidə edir və bu məlumatlara əsasən planetin xüsusiyyətləri haqqında nəticə çıxarırlar.

Ekzoplanetlərin kiçik ölçüsünə, ekzoplanetlərin və ulduzun işıq emissiyasının miqyasında böyük fərq olduğuna görə onları birbaşa müəyyən etmək çox çətindir. Bununla belə, “James Webb” Kosmik Teleskopu kosmik rəsədxanalar arasında ən güclü teleskopdur ki, bu da astronomlara iki ağ cırtdanın orbitində fırlanan nəhəng ekzoplanetləri - WD 1202-232 və WD 2105-82-ni Yerdən 34 və 53 işıq ili məsafəsində aşkar etməyə imkan verib. 

Alimlər deyirlər ki, bu planetlərin dəqiq kütlələri hazırda məlum deyil, lakin şəkillər onların kütlələrinin Yupiterinkindən 1-7 dəfə çox ola biləcəyini göstərir. Gələcəkdə daha dəqiq nəticələr əldə edilə bilər.

Daha maraqlısı ağ “cırtdanlar” və onların planetləri arasındakı orbital məsafədir. WD 1202-232 orbitində fırlanan ilk ekzoplanet 11,47 astronomik vahid məsafəsində, Günəş ətrafında 9,5 aronomik vahid məsafədə fırlanan Saturndan bir qədər uzaqda yerləşir. WD 2105-82 orbitində hərəkət edən ikinci ekzoplanetin orbital məsafəsi 34,62 astronomik vahiddir ki, bu da Neptunun 30 astronomik vahid orbital məsafəsi ilə müqayisə edilə bilər.

Bu kəşf orbital məsafələri Günəş sisteminin xarici planetlərinə bənzəyən ekzoplanetlərin ulduzlarının fəlakətli ölümündən sağ çıxa və orbitində qala bildiyini göstərir.

İndiyə qədər “ağ cırtdanlar”ın ətrafında bir neçə ekzoplanet kəşf edilib. Alimlər Günəş sisteminin taleyini proqnozlaşdırmağa kömək edə biləcək məhdud məlumata malikdirlər. Məlumdur ki, “ağ cırtdanlar” yaxınlıqdakı planetləri yeyə bilirlər ki, bu da onların atmosferlərinin təhlili ilə təsdiqlənir.

Hələlik JWST-nin kəşfləri təsdiqlənməyib. Tədqiqatçılar bunun çətin olduğuna inansalar da, iki obyekt arxa planda qalaktika ola bilər. Bu iki namizəd planet bir ulduzun həyat dövrünün sonuna çatdıqda planetar sistemdə baş verənlərin hekayəsinin mühüm hissəsi olacaq.

Alimlər bu planetlərin təbiətini müəyyən etmək və əlavə məlumatlar əldə etmək üçün əlavə tədqiqat aparacaqlar:

“Təsdiq olunarsa, bu nəhəng planetlər Günəş sistemindəki nəhəng planetlərlə yaşı, kütləsi və orbital məsafəsinə görə oxşar olan ilk birbaşa təsvir edilən planetlər olacaq”.

Xəzər
“Cebhe.info”