Bu gün Cəfər Cabbarlının doğum günüdür

Bu gün Cəfər Cabbarlının doğum günüdür

Bu gün Azərbaycanın görkəmli dramaturqu, şairi və naşiri Cəfər Cabbarlının doğum günüdür. Böyük ədibin anadan olmasından 124 il ötür.

Oxu.Az dahi şairin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edir.

Cəfər Qafar oğlu Cabbarlı 1899-cu il martın 20-də Bakının 110 km-də yerləşən Xızı kəndində yoxsul bir kəndli ailəsində anadan olub.

Ailəsi 1903-cü ildə Bakıya köçərək şəhərin “Dağlı məhəlləsi” adlanan yuxarı hissəsində yaşayıb. Hələ ibtidai sinifdə oxuduğu zaman Abdulla Şaiq və Süleyman Sani Axundov kimi müəllimlərinin təsiri ilə Cəfərdə ədəbiyyata həvəs daha da qüvvətlənir. Beləliklə o, da şeir yazmağa başlayır.

Cəfərin əlyazmaları içərisində hələ tamamilə bitməmiş, məktəbli xətti ilə yazılmış bir neçə şeir, hekayə, opera mətni və hətta roman da vardır.

C.Cabbarlının ilk lirik və satirik şeirlərinin tarixini 1915-ci ildə çap edilmiş “Bahar” və “Əl götür” şeirlərindən deyil, “Həqiqəti-Əfkar” qəzetinin noyabrın 5-i 1911-ci il tarixli 2-ci nömrəsində dərc edilmiş “Eşidənlərə“ və “Şücaətim” şeirlərindən başlamaq lazımdır.

1915-1920-ci illər C.Cabbarlının təkcə tələbəlik illəri deyil, ədəbiyyata, sənətə gəldiyi dövrdür. O, bir-birinin ardınca “Vəfalı Səriyyə, yaxud göz yaşları içində gülüş”, “Solğun çiçəklər”, “Nəsrəddin şah”, “Trablis müharibəsi və ya Ulduz”, “Ədirnə fəthi”, “Bakı müharibəsi”, “Aydın” kimi Azərbaycan səhnəsini düşündürən əsərlər yazır, lirik və satirik şeirlərlə, bir sıra hekayələrlə müxtəlif mətbuat orqanlarda çıxışlar edir.

“Vəfalı Səriyyə yaxud göz yaşları içində gülüş” əsərindən sonra yazıçı “Solğun çiçəklər” pyesini yazır.

C.Cabbarlının “Oqtay Eloğlu”, “Gülzar”, “Dilarə”, “Dilbər”, “Sevil”, “Almaz”, “Yaşar”, “Dönüş” və s. kimi pyes və hekayələri teatr səhnələrində tamaşaya qoyulub, ssenariləri əsasında bədii filmlər çəkilib.

C.Cabbarlı çox qısa ömür yaşayıb. Onun həyat yoldaşı Sona xanım xatirələrində yazır ki, “Cəfər səhhətinin pisləşməsinə baxmayaraq, çox gərgin işləyirdi. Ömründə bircə dəfə də kurorta, ya sanatoriyaya getməmişdi. Hətta, bağa, yaylağa da gəlməyə vaxt tapmırdı; gələndə də ancaq işləmək üçün, yazmaq üçün gəlirdi. İşə aludəliklə sarılması, get-gedə şiddətlənməkdə olan ürək xəstəliyinə əhəmiyyət verməməsi nəticəsində C.Cabbarlı çox zəiflədi və 1934-cü ilin sonunda, dekabrın 31-də, səhər saat 4-də ürək iflicindən vəfat edib”.

C.Cabbarlının xatirəsini əziz tutan ailəsi və tədqiqatçıları böyük yazıçı və sənət adamının 100 illik yubileyi ərəfəsində ədəbiyyat, elm, musiqi və incəsənət sahələrində fərqlənən şəxsləri təltif etmək üçün “Cəfər Cabbarlı mükafatı”nı təsis edib.

Cəfər Cabbarlı mükafatı ilk dəfə 1999-cu ildə, ikinci dəfə isə 2010-cu ildə təqdim edilib.

Cebhe.info