"Əqrəb mövsümü"ndə öpüşmə səhnəsinə çəkilən aktyor qalmaqala son qoydu: “Bu, sadə şeydir”

"Əqrəb mövsümü"ndə öpüşmə səhnəsinə çəkilən aktyor qalmaqala son qoydu: “Bu, sadə şeydir”

Xəbər verdiyimiz kimi, İctimai kanalın efirində yayımlanan "Əqrəb mövsümü" serialı öpüşmə səhnəsinə görə sözün əsl mənasında gümdəm yaradıb.

Aktyor Əli Əlizadənin həmkarı Şəhanə Rzayeva ilə öpüşdüyü anlar televiziyada yayımlanıb. Sosial şəbəkə izləyiciləri televiziyada belə səhnənin yayımlanmasını qınayıb, normal qəbul etməyiblər.

Serialın öpüşmə səhnəsini canlandıran aktyoru Cebhe.info-ya eksklüziv olaraq bu barədə danışıb. Azərbaycan Dövlət Pantomima Teatrının aktyoru olan Əli Əlizadə belə səhnənin onun üçün sadə bir şey olduğunu bildirib:

"Sənət adamıyıq. Bu, qalmaqal olası iş deyil. Sadə bir şeydir. Ona görə bu barədə danışmağına dəymir".

Aktyor bildirib ki, bu mərhələni sənət olaraq çoxdan keçməliydik:

"İnanıram ki, bunu keçəcəyik də. Bunu keçə bilsək, nə yaxşı. Burada sensasion şey yoxdur. Çünki biz buna sənət kimi baxmalıyıq".

Əli Əlizadə İctimai kanalın təbiiliyi, cəsarəti, dürüstlüyü filmdə tamaşaçılara göstərdiyi üçün alqışlayıb:

"Sənət naminə atılan addımları qiymətləndirirəm. Çox əfsuslar ki, bu gün reallıqda belə səhnələr insanlar tərəfindən isə başqa cür dəyərləndirilir".

Aktyor öpüşmə səhnəsinə çəkilməsinə görə nə qədər məbləğ aldığını açıqlamayıb. Bu səhnədən əvvəl buna oxşar səhnələrdə rol almadığını bildirib. Qeyd edək ki, bir sıra seriallarda rol almış aktyor Əli Əlizadə ailəlidir. 1984-cü ildə Bakıda doğulub. 2006-cı ildə Mədəniyyət və İncəsənət Universitetini bitirib. Azərbaycan Dövlət Pantomima Teatrınının, 2015-ci ildən "Rebus" müstəqil teatrının aktyorudur. Onunla sözügedən səhnədə rol alan aktrisa Şəhanə Rzayeva isə subaydır. 2001-ci ildə Mingəçevirdə doğulub. Şəhanə Azərbaycan Dövlət Mədəniyyət Universitetinin aktyorluq ixtisası üzrə təhsil alıb. Uşaq yaşlarından filmlərə çəkilir, müğənnilik edir, aparıcılıqla məşğuldur.

Aylin
Cebhe.info