Qonorar istəyən müğənniyə şairdən CAVAB

Qonorar istəyən müğənniyə şairdən CAVAB

“Əvvəl dövlət televiziyasında ifalara görə qonorar alırdıq, indi yoxdur. Televiziyadan hamı pul qazanır, qonaqlara qonorar verilmir. Dünyanın heç bir yerində belə şey yoxdur”.

Bunu müğənni İlqar Muradov yerli mətbuata müsahibəsində deyib.

Onun sözlərinə görə, gözəl maarifləndirici verilişlər yerinə şouya, əyləncəyə üstünlük verilir, musiqi ilə bağlı veriliş olmalıdır.

Məsələ ilə bağlı “Cebhe.info”-ya danışan şair və yazıçı Anar Vəziroğlu bildirib ki, İlqar Muradovun sözlərində həqiqət var:

“Lakin İlqar bəy unudur ki, ailə mədəniyyəti, tərbiyəsi və əxlaqı olmayan adama qonorar vermək doğru deyil. Bu gün Azərbaycanda normal müğənnilər barmaqla sayılacaq qədərdir. Çoxları əxlaqdan uzaqdır.

Onlar nə maarifləndirmədən, nə əxlaqdan, nə də tərbiyədən danışa bilərlər? Biz indi onlara qonorar verək? Əsla belə etmək olmaz. Öncə ailədə tərbiyə, əxlaq olmalıdır. Ləyaqətini qoruyub saxlayan az sayda müğənni var. Onlara da lazımi səviyyədə diqqət və qayğı göstərilmir”.

Anar Vəziroğlu qeyd edib ki, bu gün gənc nəsil arasından xalq tərəfindən sevilə bilən az sayda reytinqli müğənnilər var:

“Biz maarifləndirmədən danışırıq. Lakin necə edək? İlqar bəyin təklifi nədir?  Xatırladım ki, 70-çi illərdə hər şəy öncədən dövlət tərəfindən hazırlanırdı. Müğənnilərə, sənət adamlarına heç bir yük düşmürdü, rahat idilər. Amma indi maarifləndirmədən danışırıqsa, yenidən nəyisə yaratmaq çox çətin məsələdir. Gərək bu məsələyə çox ciddi baxıla”.

Həsən Məmmədov
“Cebhe.info”