Xanəndədən Şərif Ağayara cavab: “Günahdır”

Xanəndədən Şərif Ağayara cavab: “Günahdır”

Tanınmış yazıçı Şərif Ağayar sosial şəbəkə paylaşımı ilə Azərbaycan musiqi mühitində kişi ifaçılığını sərt şəkildə tənqid edib. 

O, “Facebook” hesabında paylaşdığı statusda bir sıra tanınmış ifaçıların “öz təbii səsi ilə oxumadığını”, səslərini süni şəkildə dəyişdirdiyini iddia edib.

Ş.Ağayar paylaşımında, “Həmişə düşünmüşəm, niyə bizim kişi ifaçılar illah içindən qadın səsi çıxarırlar? Mirzə Babayev istisna heç kim öz səsi ilə oxumaq istəmir", - deyə qeyd edib.

O, tanınmış müğənni, SSRİ Xalq artisti Rəşid Behbudovla bağlı qalmaqallı fikirlər yazıb: 

"Rəşid Behbudov kimi yüksək uydurulan orta səviyyəli sənətkar... səsi üçün əziyyət çəkir. Teymur Əmrah içini qarmon kimi sıxıb... bir ahəng axtarır. Görünür, kölə xalqları zamanında belə oxudublar: get, qayıt, səs çıxart... Muğam başdan-ağaya ruslara tabe olan ahəngdir. Üzeyir bəy “Uvertura”nı bu ehtiyacdan yaratdı. Şükür ki də yaratdı”. 

Onun son fikirləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub və musiqi ictimaiyyətində birmənalı qarşılanmayıb. 

“Cebheinfo.az” açıqlamasında Əməkdar artist, xanəndə Zakir Əliyev Ş.Ağayarın fikirlərini doğru hesab etməyib: 

“Muğam ifaçılığında kişi səsindən uzaqlaşma olduğunu görmürəm. Kişi səsi hər zaman olub, bu gün də sənətdə var. Hər kəsin səsi fərqlidir, bu da Allahın verdiyi səsdir. Ona nə etmək olar? Bu, onun şəxsi fikridir, paylaşıb. Mənim onunla işim yoxdur, hərənin bir zövqü var və ağlına gələni danışır. Ən azından böyük sənətkarımız haqqında bu cür ifadələr işlətmək günahdır”.

Əfsanə Rəcəb 
“Cebheinfo.az”