Deputat AŞPA-nı sərt tənqid etdi: “Siyasi əxlaqsızlıq edirlər”

Deputat AŞPA-nı sərt tənqid etdi: “Siyasi əxlaqsızlıq edirlər”

“Təəssüf ki, Avropa Şurası Parlament Assambleyası yarandığı ildəki siyasətindən çoxdan uzaqlaşıb”.

Bu sözləri Milli Məclisin deputatı Vüqar İskəndərov “Cebhe.info”-ya açıqlamasında deyib. O bildirib ki, AŞPA sözün əsl mənasında “xristian klubu” olduğunu təsdiq edib:

“Son zamanlarda Azərbaycanın beynəlxalq aləmdə artan siyasi çəkisi, Vətən müharibəsindəki qələbəsi, Prezident İlham Əliyevin dünya liderləri arasında durmadan artan nüfuzu AŞPA-nı və başda Fransa olmaqla bir çox qüvvələri narahat etməyə başlamışdı. Əslində Azərbaycan nümayəndə heyətinin AŞPA ilə əməkdaşlığını dayandırmaq barədə qərarı müəyyən mənada gözlənilirdi. Azərbaycan nümayəndə heyətinin bu təşkilatdakı fəaliyyətini qeyri-müəyyən vaxta qədər dondurması və bəyanat verərək oranı tərk etməsi çox doğru addımdır”. 

Vüqar İskəndərov vurğulayıb ki, bu, bir növ Avropa Şurası və onun idarəetmə orqanları üçün siqnal olmalıdır: 

“Bəyanatda da qeyd olunub ki, Azərbaycanla heç kim hədə və digər dillərdə danışa bilməz. Azərbaycan dünyanın ən güclü dövlətlərindən biridir. Təkcə bölgədə yox, həm də böyük bir arealda yeni siyasi reallıq yaradan ölkədir.

Avropa Şurası Parlament Assambleyasında verilən bəyanatlar və çıxışlar isə tamamilə absurddur”. 

Millət vəkili qeyd edib ki, bunu ən yüngül formada “siyasi əxlaqsızlıq” adlandıra bilərik:

“Çünki Azərbaycan həmişə bütün beynəlxalq hüququn norma və prinsiplərinə riayət edib. Azərbaycan hər zaman Avropa Şurasının və onun nizamnaməsinə uyğun fəaliyyət göstərmiş, təməl prinsiplərə riayət etmiş ölkə olaraq hal-hazırda çox böyük haqsızlıqla üz-üzə qalıb. Ona görə də AŞPA-da olan Azərbaycan nümayəndə heyəti bəyanat verərək bütün bu ədalətsizlikləri onların üzünə söyləyərək, müvəqqəti olaraq fəaliyyətlərini dondurublar. AŞPA yaxşı düşünməli və etdiyi səhvi görməlidir. Yalnız ondan sonra Azərbaycan nümayəndə heyətinin AŞPA-dakı fəaliyyətinə baxıla bilmir”.
 
Elmir Mustafa 
“Cebhe.info”