Həkimdən sərt təpki: “Axı deyirik, etmək olmaz, etməyin də...”

Həkimdən sərt təpki: “Axı deyirik, etmək olmaz, etməyin də...”

Artıq 1 həftədir ki, Azərbaycanda dəniz mövsümü başlayıb.

Lakin hər il olduğu kimi, bu il də aktual mövzulardan biri də dəniz saatını düzgün seçmək və günvurmadan qorunmaqdır. Xüsusilə, müəyyən saat aralığında dənizdə olmaq, günəşlənmək olmaz. Bu, təkcə böyüklər deyil, uşaqlar üçün də önəmlidir. Uşaq orqanizmi daha həssas olduğundan, dəniz suyu günorta saatlarında onlar üçün məsləhətli hesab olunmur. 

Bəs dəniz üçün pik saatlar hansılardır? Uşaqları bu aralıqda hansı xəstəliklər gözləyə bilər? 

Pediatr Vaqif Qarayev "Cebhe.info"-ya açıqlamasında bildirib ki, son zamanlar dənizə aparılan uşaqlarda baş və qarın ağrısı, başgicəllənmə, qusma kimi şikayətlər çoxalıb:

"Günəşin ultrabənövşəyi şüaları birbaşa insanın başına vurursa, bədənin açıq yerlərinə dəyirsə, günvurma qaçılmaz olur. Son zamanlar isti havaya görə insanlar dənizə axışır. Uşaqlar arasında qızdırma, baş ağrısı, başgicəllənmə, qusma, qarın ağrısı kimi şikayətlər çoxalıb. Hamısında birmənalı olaraq səbəb kimi dəniz göstərilir. Gəlib soruşurlar ki, nə edək? Getməyin də”. 

Həkim bildirib ki, dəniz getmək üçün saat aralığı düzgün olmalıdır: 

“Səhər saat 11:00-dan 18:00-a qədər dənizə getməyin. Mən hələ saat 11 üçün deyirəm, saat 9-dan hava isinir. Bu qədər isti isə təkcə uşaq üçün deyil, böyük üçün də ziyandır". 

Onun sözlərinə görə, isti havaya hər orqanizm eyni reaksiya vermir:

"Uşaq bədəni bu istiyə daha tez reaksiya verir. Hər gün valideynlər uşağının şəklini atır ki, bu yanıqları nə edək? O yanıqların olmaması üçün azyaşlı uşaqları günəşin ultrabənövşəyi şüasından uzaqda saxlamaq lazımdır. Əvvəlcə bədəndə yanıqlar yaranmağa başlayır, daha sonra başgicəllənmə, ürəkbulanma olur. Azyaşlı uşağa bunu etmək olmaz". 

Pediatr deyib ki, dəniz suyu xeyirli olsa da, saatı düzgün seçilmədikdə ziyanı daha çox olur:

"Yazırlar ki, dənizə niyə getməməliyəm? Get, amma onda həkimə yazma, öz başına çarə qıl. Axı deyirik, etmək olmaz, bu saatlarda olmaz, ziyandır.

Bu bəladır, bu xeyirli günəş şüası deyil, bu ziyandır. Dənizin havası, suyu faydalıdır, amma bu, o demək deyil ki, günorta saatında gedib bədənini oda verməlisən". 

Naibə 
"Cebhe.info"