İsrailli politoloq: “Azərbaycan İrana müqavimət göstərən yeganə ölkədir”
İran-İsrail-“Hizbullah” üçbucağında vəziyyət gərginləşib.
İrandan gələn təhdidlərə cavab olaraq İsrail bu ölkənin nüvə infrastrukturu və Fars körfəzindəki “Xarq” neft adası kimi strateji obyektlərinə zərbə endirməyə hazır olduğunu açıqlayıb.
Bu obyekt İran iqtisadiyyatı üçün çox böyük əhəmiyyət kəsb edir və onun dağıdılması ölkə üçün fəlakət olar.
İsrailin keçmiş baş naziri Naftali Bennet və digər nüfuzlu siyasətçilər İranın nüvə proqramının dərhal məhv edilməsinin zəruriliyindən danışırlar. Bununla belə, bu addım böyük riskdir.
İranın cavab tədbirləri genişmiqyaslı müharibəyə səbəb ola, regionun digər ölkələrini də əhatə edə bilər.
Baş verənləri təkcə İsrail deyil, digər ölkələr də diqqətlə izləyir. Böyük Britaniya və ABŞ artıq İsrailin özünümüdafiə hüququnu vurğulayaraq ona dəstək ifadə ediblər. Britaniyanın Baş naziri Keir Starmer hücumdan sonra müraciətində İsrailə dəstək çağırışı edib və İranın hərəkətlərini pisləyib.
Beləliklə, İsraili dəstəkləyən ölkələrin ritorikası münaqişəyə xarici qüvvələrin daha da çox cəlb olunmasının mümkünlüyü ortaya qoyur. İsrailin ənənəvi müttəfiqləri olan ABŞ və Böyük Britaniya İrana qarşı birbaşa hərbi əməliyyatı istisna etmir.
Son baş verən proseslər isə “Hizbullah”la yanaşı, İranın da cəzalandırılacağını söyləməyə əsas verir. İsralli politoloq Avraam Şmuleviç “Cebheinfo.az”-a çıqlamasında deyib ki, İran Yaxın Şərqdə “şiə kəməri” yaratmaq istəyir və bunu bacarır:
“Uzun illərdir ki, “Hizbullah" İsrailə təcavüz edir və dinc şəhərləri atəşə tutur. “Hizbullah”ın arxasında İranın dayandığı aydındır və Tehran bunu heç gizlətmir. İran "Hizbullah"ı silahlandırır, maliyyələşdirir, öyrədir.
İlk növbədə, İraqda şiələr yaşadığı ərazilər İrana sadiq qüvvələr tərəfindən idarə olunur. "Hizbullah", Yəmən, və Əfqanıstandakı şiə azlıqları buna misaldır. Bu azlıqlardan Suriya və digər ölkələrdə İslam İnqilabı Keşikçiləri Korpusunda (SEPAH) döyüşmək üçün istifadə olunur. İran Səudiyyə Ərəbistanında şiələrin məskunlaşdığı bölgələrdə iğtişaşlar törədir.
Azərbaycan yeganə ölkədir ki, əhalisinin böyük hissəsi şiələrdən ibarət olsa da, müstəqil qalmağı bacarıb və İranın dağıdıcı təsirinə uğurla müqavimət göstərib.
İran "Hizbullah"dan İsrailə qarşı nizə kimi istifadə edir. HƏMAS-ın süqutundan sonra "Hizbullah" təxribatlarını daha da gücləndirib. İsrailin bu əməliyyatda hədəfi “Hizbullah”ın İsraillə həmsərhəd bölgələrdə tərksilah edilməsidir.
Bunun üçün "Hizbullah"ın raket potensialının məhvi və Livanın cənubunda, İsrail ərazisindən təxminən 20-30 kilometr aralıdakı Letan çayının o biri sahilinə göndərilməsi tələb olunur. BMT-nin “Hizbullah”ın qüvvələrinin geri çəkməsini tələb edən qətnaməsi var. “Hizbullah” praktiki olaraq Livana, onun hökumətinə nəzarət edir. Livanda təkcə şiələr yaşamır. Orada bir çox başqa qüvvələr də var, üstəlik livanlılar bu hərəkətlərdən razı deyillər.
Livanda yaşayan siələr belə “Hizbullah”ın əlində oyuncaq olmaqdan beziblər”.
Ekspert bildirib ki, bu ölkələrin sakinləri İranın imperiya maraqları üçün qurban verilir:
“Ona görə də “Hizbullah” və Livan şiələri arasında müxalifət var. Bu, İsrail üçün faydalıdır və bu mənada Livan xalqının əhəmiyyətli bir hissəsi İsraili dəstəkləyir. Ümumiyyətlə, “Hizbullah”In tam məhvi üçün təkcə hərbi əməliyyatlar yox, həm də Livanda mövcud olan qüvvələrlə siyasi razılaşma lazımdır. Yeri gəlmişkən, Suriyada, Livanda, hətta İranda insanlar Nəsrullahın öldürülməsinə sevindilər”.
Politoloq deyib ki, Amerika administrasiyasının gizli bəyanatlarında İsrail sərhədlərində “Hizbullah”ın məhv edildiyi kimi ifadələr var:
“Hazırda ABŞ administrasiyası zəifdir, çətin ki, İsrailə təzyiq edə bilsin. Ümid edirəm ki, İsrail hökumətinin ikinci məqsədinə çatmaq, yəni “Hizbullah”ı qəti şəkildə məhv etmək üçün kifayət qədər siyasi iradəsi var və İranın bütün dünyaya uzanan qollarını kəsəcək.
“Hizbullah” təkcə Livanda deyil, şiə azlığı olan bütün ölkələrdə gizli fəaliyyət göstərir və şayiə yayırlar ki, bu guya “Allahın partiyası”dır. (“Hizbullah” tərcümədə “Allahın partiyası” mənasını verir-müəll.)
İranın siyasətindəki bu cür taktikaları dayandırmaq, şiələrdən öz silahlı marionetləri kimi istifadəyə imkan verməmək bütün Yaxın Şərqdə sülhə təkan olacaq”.
İranın İsrailə raket hücumuna münasibət bildirən Şmuleviç deyib ki, İran silahlı qüvvələr baxımından kifayət qədər zəifdir:
“İran birbaşa toqquşmada tam məğlub olacaq. Onun nə müasir aviasiya, nə zirehli texnikası var. Olsa belə, uğur qazanması mümkün deyil, çünki İran ordusu İraq, Suriya və ya İordaniya ərazisindən keçməlidir. Bu, tamamilə fantastik bir ssenaridir.
İranın ikinci ssenarisi İsrail hədəflərinə qarşı bütün dünyada sivil fəaliyyəti gücləndirməkdir. İran dəfələrlə İsrail qüvvələrinə qarşı terrordan istifadə edib. Livandan danışarkən onu da xatırlamaq lazımdır ki, İran və “Hizbullah” bu ölkəyə qarşı da terror törədiblər. Livanın Baş naziri Rafik Həriri “Hizbullah” tərəfindən qətlə yetirilib.
Deməli, terror dəfələrlə istifadə olunan bir kartdır. Burada uğurlar ola bilər, təbii ki, əgər buna uğur demək olarsa... İsrail kəşfiyyatı terrorla mübarizə aparmağı öyrənib. Amma uğursuz terror hadisələri baş versə belə, onların heç bir strateji təsiri olmayacaq”.
Ekspert bildirib ki, İranın edə biləcəyi üçüncü şey İsrailə raket atmaqdır:
“Amma bu hücumların da nəticəsiz olduğunu gördük. İsrail birbaşa bəyan edib ki, belə hücum və ya terror aktları baş verərsə, İranın strateji obyektləri vurulacaq, ali rəhbərliyi fiziki cəhətdən məhv ediləcək.
İranda daxili mübarizə gedir. Orada fəlakətin astanasında olduğunu başa düşən qüvvələr var və çoxları rejimdən narazıdırlar.
İsrail cavab zərbəsi ilə İranın strateji, o cümlədən nüvə obyektlərini, İranın ali rəhbərliyini fiziki olaraq məhv edə və ölkə iqtisadiyyatını dağıda bilər”.
Səbinə Uğur
“Cebheinfo.az”