Jalə Əliyeva: “Azərbaycan əleyhinə bütün addımlar fiaskoya uğrayacaq”

Jalə Əliyeva: “Azərbaycan əleyhinə bütün addımlar fiaskoya uğrayacaq”

“ABŞ Konqresinin bəzi ermənipərəst üzvləri son günlər Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsi ilə bağlı təkliflər irəli sürüblər. Lakin bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyətli mövqeyi var. Həmçinin, Milli Məclisin bir qrup deputatı xarici işlər nazirinə adekvat cavab verilməsi üçün müraciət etdi. Hər bir Azərbaycan vətəndaşı da heç bir əsası olmayan, tamamilə qərəzdən ibarət olan ədalətsiz çağırışla öz etirazlarını bildirirlər”. 

Bu sözləri Milli Məclisin deputatı Jalə Əliyeva “Cümhuriyət”-ə açıqlamasında deyib. 

O deyib ki, hər zaman Qərbin bir çox ikiüzlü dairələrinin, qüvvələrinin, eləcə də ABŞ-nin zaman-zaman ölkəmizə qarşı qərəzli və ikiüzlü mövqeyinin şahidi olmuşuq:

“Sözdə dost olduqlarını deyirlər, amma pozuculuq fəaliyyətlərini davam etdirirlər. Biz 30 illik işğal dövründə də, 44 günlük Vətən müharibəsi zamanı da onların iç üzünü gördük. Həmçinin, müharibədən sonrakı dönəmdə də bu münasibət davam etdi. Yəni bütün proseslərdə onların Azərbaycana qarşı pozuculuq fəaliyyəti olub. Bu addımların arxasında dayanan məqsəd bölgədə Azərbaycanın inkişafını ləngitmək və ölkəmizin uğurlarına mane olmaqdır”. 

Həmsöhbətimiz qeyd edib ki, sözügedən qüvvələr bununla da ölkələrindəki erməni lobbilərini razı salmaq istəyirlər: 

“Eyni zamanda, gələcəyə istiqamətlənmiş planlarını həyata keçirməyə cəhd edirlər. Bu gün Azərbaycanın müstəqil siyasət yürütməsi ABŞ-nin maraqlarına toxunur. ABŞ-nin bölgədə və dünyada mövcud olan hökmranlıq iddialarına Azərbaycan qətiyyətlə cavab verir. Ümumiyyətlə, heç kim Azərbaycanın daxili işlərinə qarışa bilməz.

Bununla bağlı dövlət başçısı səviyyəsində də bəyanatlar verilib.

ABŞ tarix boyu ancaq öz maraqlarını güdən, özünü “demokratiyanın beşiyi” adlandıran və bütün dünyada digər ölkələrə fərqli prizmalardan yanaşan dövlətdir. Həmçinin, inkişaf etməkdə olan ölkələrə qarşı da hər zaman qərəzli siyasət həyata keçirən qüvvələri Azərbaycanın mövqeyi qane etmir. Bütün dünyada baş verən hadisələrin arxasında ABŞ-nin planları dayanır”.

Millət vəkili ABŞ konqresmenlərinin ölkəmizə qarşı bu addımı nə üçün indi atması barədə danışıb: 

“ABŞ Konqresində ölkəmizə qarşı da belə məkrli planlar quranlar var. Azərbaycanın yüksələn xətlə inkişaf etməsi, getdikcə daha çox tərəfdaş toplaması və gücünü artırması rəsmi Vaşinqtonda narazılıq yaradır. Həmçinin, COP29 kimi çox mötəbər bir beynəlxalq tədbirin paytaxtımızda keçirilməsi də onları qıcıqlandırır. 

Çünki bu tədbir də ölkəmizə yeni dividentlər və tərəfdaşlar qazandıracaq, habelə Azərbaycanı daha üstün mövqeyə gətirib çıxaracaq. Bundan başqa, Azərbaycan Ermənistanla da sülh müqaviləsi imzalamağa çox yaxındır. 

Lakin bunun özü də bölgədə maraqları olan və regiona hər zaman təzyiq göstərməyə çalışan qüvvələrin istəyinə uyğun deyil. 

Azərbaycanın qonşu ölkələrlə münasibətlərinin yüksək səviyyədə olması da ABŞ-nin maraqlarına cavab vermir. Yəni bu faktlar ölkəmiz və regional bağlı məkrli siyasətlərini həyata keçirməyə çalışan qüvvələri narahat edir”. 

Jalə Əliyeva bildirib ki, Azərbaycan öz mövqeyində möhkəm dayanıb:

“Rəsmi Bakı ədalət prinsiplərinə əsaslanaraq addımlar atır və balanslı siyasət həyata keçirilir. Əminik ki, dünya sadəcə qərəzli siyasət həyata keçirən və öz haqqı uğrunda mübarizə aparanları boğmağa çalışan qüvvələrdən ibarət deyil. 

Lakin biz heç kimdən qorxmuruq. Azərbaycan xalqı dövlətinin yanındadır. Ona görə də hər zaman olduğu kimi, yenə də ölkəmiz əleyhinə atılan addımlar fiaskoya uğrayacaq. Azərbaycan düzgün yoldadır və doğru olan addımları atır. Heç kim bizi haqq yolumuzdan döndərə bilməz”. 

Elmir Mustafa
"Cebheinfo.az"