Paşiyanın qələbəsi indi Azərbaycanın maraqlarına cavab verir: BƏS SONRA?
İyunun 7-də Ermənistanda keçirilmiş parlament seçkilərinin yekun nəticələri iyunun 14-də elan olunacaq.
Erməni mediasının məlumatına görə, Ermənistan Mərkəzi Seçki Komissiyasının sədri Vaaqn Ovakimyan bildirib ki, seçkilərin nəticələri ilə bağlı bəzi məsələlər tam dəqiqləşdirilməlidir.
"Cümə gününə qədər biz hələ yenidən sayım aparacağıq, düzəliş mərhələləri olacaq. Bundan sonra şikayət və ərizələr qiymətləndiriləcək. Artıq iyunun 14-də yekun nəticələr açıqlanacaq", - o deyə Ovakimyan qeyd edib.
Qeyd edək ki, Baş nazir Nikol Paşinyan artıq rəsmən partiyasının qələbəsini elan edib. Bülletenlərin 100 %-nin sayılmasının yekunlarına əsasən, Paşinyanın "Vətəndaş Müqaviləsi" Partiyası seçicilərin 49,83 % səsini toplayıb.
İkinci yeri iş adamı Samvel Karapetyanla əlaqəli olan və 23,28 % səs toplayan "Güclü Ermənistan" Partiyası tutub. Keçmiş prezident Robert Köçəryanın rəhbərlik etdiyi "Ermənistan" bloku isə 9,93 % səs alıb.
Politoloq Elçin Xalidbəyli “Cebheinfo.az” – a şərhində qeyd edib ki, Paşinyanın seçkidə qələbəsi yaxın perspektiv üçün Azərbaycanın maraqlarına cavab verir:

“Paşinyanın seçkidə qələbəsi, təbii ki, Cənubi Qafqazda geosiyasi proseslərə təsir göstərəcək. Paşinyanın növbəti hakimiyyəti dönəmində hansı addımları atacağına gələincə, ilk növbədə o, ölkə konstitusiyasının dəyişdirilməsi üçün referendum keçirə bilər.
Belə bir ehtimal var. Bəzi məlumatlara görə, Ermənistan konstitusiyasının yeni versiyası hazırlanıb və yaxın zamanda müzakirəyə çıxarılacaq. Bu məsələ Azərbaycan ilə Ermənistan arasından yekun sülh müqaviləsinin imzalanmasında əsas maneədir. Bu problem həll olunduqdan sonra heç bir əngəl qalmayacaq və iki ölkə arasında sülh sazişi imzalanacaq”.
Politoloqun fikincə, ikincisi, Zəngəzur dəhlizinin açılması – TRİPP layihəsinin reallaşması prosesinin sürətlənməsidir:
“ABŞ və Ermənistan arasında bu layihənin reallaşdırılmasına yönələn hüquqi sənədlərin imzalanması prosesi yekunlaşmaq üzrədir. Bu, o anlama gəlir ki, layihənin baş tutması reallığa çevrilə bilər,” – deyə E.Xalidbəyli bildirib.
Ekspert onu da vurğulayıb ki, Paşinyanın növbəti dönəmdə atacağı bütün addımlar Ermənistanın inkişaf perspektivlərinə yönəlib:
“Paşinyan hakimiyyətinin yaxın gələcəkdə əsas hədəfləri sırasında Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılması və iqtisadi-ticari əlaqələrin qurulması yer alır.
Burada önəmli məqamlardan biri budur ki, Paşinyanın bu hədəfi yalnız onun Cənubi Qafqazda sülh və sabitlik istəməsindən irəli gəlmir, o, sadəcə olaraq anlayır ki, regional sülh və sabitlik Ermənistanın maraqlarının tələbatıdır.
Bu baxımdan, regionda sülh, sabitlik və təhlükəsizliyin bərqərar olunması Ermənistan üçün xüsusi əhəmiyyət kəsb edir. Paşinyan hakimiyyətinin gələcək addımları Ermənistanın inkişaf perspektivlərinin önünün açılmasına yönəlib. Azərbaycan da Cənubi Qafqazda dayanıqlı və davamlı sülhün və sabitliyin təmin olunmasında maraqlıdıdr.
Bu, Azərbaycanın da inkişaf perspektivlərini sürətləndirəcək. Təsəvvür edək ki, sülh və sabitlik şəraitində Cənubi Qafqaz Avropa və Asiya arasında tranzit bölgəyə çevrilir, bütöv istiqamətlər üzrə regionun inkişaf imkanları daha da artır.
Bu baxımdan, Paşinyanın seçkidə qələbəsi yaxın perspektiv üçün Azərbaycanın maraqlarına cavab verir. Ancaq orta və uzun müddətli perspektiv üçün bunu söyləmək çətindir.”
Yunis Abdullayev
“Cebheinfo.az

