Türk dünyasının qızıl körpüsü: Qərarı Təbriz verəcək

Türk dünyasının qızıl körpüsü: Qərarı Təbriz verəcək

Güney Azərbaycanda və milli hərəkatın ən anlamlı, dərin şüarlardan biri "Təbriz, Bakı, Ankara-Biz hara, farslar hara" və ya "Ankara, Bakı, Təbriz- Birlikdə güclüyük biz" şüarıdır.

Bu şüarlarda 4 siyasi və coğrafi mərkəzlərin adı keçir- Türkiyə, Quzey, Güney Azərbaycan və İran.

Əlbəttə ki, burada məqsəd Azərbaycanın Quzeyi, Güneyi və Türkiyənin birlikdə, çiyin-çiyinə hərəkətinin önəmidir. Ancaq Bakı, Ankara və hətta Tehranın əksinə Təbriz indilik və hətta bir əsrdirqərar verəcək gücə, imkana sahib deyil.

Bəs nə etməliyik?

Doğrudur, bu gün Güney Azərbaycan özgür deyil və İran dövləti tərəfindən istənilən şəkildə idarə olunur. Ancaq bu da bizim əl-qolumuzun tam bağlı olması anlamına gəlməz. İndilik Təbrizin qərar verəcək gücü yoxdur. Amma Təbriz təsir edəcək güc və imkana sahibdir. Yetər ki, bunu dəyərləndirə bilək. 

Bu gün İranda Tehran dövlətinə qarşı ən böyük və təsirə imkanı olan güç Güney Azərbaycan Milli Hərəkatıdır. Habelə, molla rejiminə müxalif farspərəst və İranpərəst müxalifətə rəqib isə yenə Azərbaycan Milli Hərəkatıdır. Hər iki tərəfdə bunu yaxşı bilir ki, Güney Azərbaycanda türkçü və Azərbaycançı bir siyasi hərəkət Bütöv Azərbaycan deməkdir və bu da onların sonunu yaxınlaşdırır. 

Digər tərəfdən xaricdə bizə yaxın olan və bizdən olan Azərbaycan, Türkiyə kimi türk dövlətlər,  bütün türk dünyası var- Ankara, Bakı, Kərkük, Daşkənd, Astana, Borçalı və s.

Əminəm ki, Güney Azərbaycanı yaxından izləyən digər böyük və qlobal güçlər də var. Onlar isə qardaşlıq duyğularına görə yox, maraqlarına görə bizə münasibəti bəsləyirlər. Əlbəttə, bizim də öz maraqlarımız və hədəflərimiz var. Ancaq bilindiyi kimi, siyasətdə əbədi dost və ya əbədi düşman olmaz, maraqlar olur. Bu qrupa da yanaşmamız belə olmalıdır. 

Onun üçün dünyanın bu həssas dönəmində Güney Azərbaycanın mərkəzi olan Təbrizin qərarlara təsir və hətta yönləndirmək üçün hər gündən çox güclü olmalıyıq. "Təbrizin baxışı həm Bütöv Azərbaycan, həm türk dünyası üçün vacibdir. 

Unutmayaq ki, Güney Azərbaycan türk dünyasının altın körpüsüdür. Bu körpü əbədi olaraq sağlam və dik qalmalıdır. 

Dr. Kərim Əsgər
Cebhe.info