Deputat: “Marketlərdə ucuzluq başlayacaq” - MÜSAHİBƏ

Deputat: “Marketlərdə ucuzluq başlayacaq” - MÜSAHİBƏ

2022-ci il bütün dünyada olduğu kimi, Azərbaycanda da qiymət artımları ilə yadda qaldı.

Cari ildə ən təhlükəli məqam bir çox ölkələrin ərzaq buğdası böhranı ilə üzləşməsi oldu. Azərbaycan da dünyanın bir parçası olduğundan qlobal bazarlarda baş verən proseslər ölkəmizdən də yan keçmədi.

Cebhe.info-nun müsahibi millət vəkili Azər Badamov bu məsələlərlə bağlı suallarımızı cavablandırıb.

-Cari ilin başa çatmasına az qalıb və bu il əsasən iqtisadi böhran, bahalıq kimi yadda qaldı. Bir vətəndaş kimi siz də ölkədə bahalığı müşahidə etdiniz. Sizcə bahalıq, iqtisadi problemlər yeni ildə də bizi təqib edəcək?

-Ölkəmizin qarşısında böyük vəzifələr dayanıb. Dünyada baş verən proseslərin qlobal iqtisadiyyata mənfi təsirləri də gündən-günə dərinləşdi. Ancaq ölkədə aparılan düzgün iqtisadi siyasət sayəsində ili yekuna doğru iqtisadi artımla başa vurmağımıza imkan yaratdı. Bu ilin uğurlu iqtisadi göstəriciləri gələn ilin dövlət büdcəsində də yenidən artımların nəzərdə tutulmasına imkan verdi. Təbii ki,cari ildə pensiyalar, maaşlar, müavinətlər artırıldı.

Dünyada baş verən bahalaşmaların ölkə vətəndaşlarının rifahına mənfi təsirlərinin azaldılması istiqamətində dövlətimiz sosial-iqtisadi siyasət yürütdü.

Malların qiymətlərin bahalaşması yalnız Azərbaycanın deyil, qlobal problemdir. Əksər vətəndaşların qlobal bazarlarda baş verən qiymət artımlarla bağlı məlumatları var. Azərbaycan da dünyanın bir parçasıdır və bu bahalaşma ölkəmizin iqtisadiyyatına da gəlib çatdı. Təbii ki,malların və xidmətlərin bahalaşması vətəndaşlarımızın gəlirlərinin alıcılıq qabiliyyətinin azalmasına gətirib çıxartdı. Qlobal bahalaşmanın davamlı olması bütün ölkələrdə öz mənfi təsirlərini göstərib. Dövlətimiz yenə də malların bahalaşmasınnın vəəndaşların sosial rifahına təsirinin azaldılması istiqamətində xüsusi proqramlar qəbul elədi və antiinflyasiya tədbirləri həyata keçirilməyə başladı. Ən əsası da qlobal bazarda narahatlıq doğuran əsas məsələ olan ərzaq qıtlığının qarşısının alınmasını uğurla təmin edə bildi.

Baxmayaraq ki, qlobal risklər ərzaq qıtlığına doğru aparır, ölkəmizdə bununla bağlı heç bir problem yaşanmır. Ancaq qiymət artımları var. Gələn il üçün yeni proqramlar, planlar nəzərdə tutulub və bu da ölkəmizin ərzaq təhlükəsizliyinin təmini istiqamətində davamlı addımların atılması ilə bağlıdır. Cari ildə narahatlıq doğuran məqamlardan biri də ərzaqlıq buğdasının bahalaşmasıdır ki, biz ərzaqlıq buğdanın müəyyən hissəsini xaricdən idxal edirik. Yaxın gələcəkdə bu idxalı yerli istehsal hesabına kifayət qədər azalda biləcəyik. Ölkə başçısıının gələcəyə hesablanmış iqtisadi siyasəti sayəsində bu gün baha qiymətə idxal etdiyimiz digər ərzaq məhsullarını ölkəmizdə istehsal edə biləcəyik. Ölkəmizin idxaldan asılılığını minimuma endirmək imkanına nail olacağıq. Qlobal bazarlarda neftin qiyməti yüksəkdir və bu da bizim neft və qaz istehsal edən ölkə olaraq gəlirlərimizi artırır.

Bu gün həm də dövlət qarşısında böyük bir vəzifə dayanıb ki, bu da işğaldan azad edilmiş ərazilərin yenidən qurulması, bərpası və Böyük Qayıdışın həyata keçirilməsi ilə bağlıdır. Cari ildə biz bu Böyük Qayıdışı Ağalıdan başlaya bildik və gələn illərdə də bunun davamı olacaqdır. Bütün bu işləri xaricdən heç bir qrant, yardım almadan, Azərbaycan dövləti öz gücü hesabına həyata keçirir.

-Son iki ay ərzində dünya bazarlarında bir sıra ərzaq məhsullarının qiymətlərində enmə müşahidə edilsə də, Azərbaycan ərzaq bazarında, o cümlədən marketlərdə bunun əksini görürürk. Bu isə ölkədəki işbazların “fəaliyyəti”, yerli istehsalın, rəqabətin olmaması kimi amillərlə əlaqələndirilir. Bu, nə dərəcə doğrudur?

- Mənim yanaşmam tamamilə əksinədir. Çünki ərzaq məhsulları elədir ki, hər bir idxal edən şirkət 2-3 aylıq ehtiyat yaratmaq üçün böyük həcmdə idxal edir. Son bir neçə ayda dünya bazarlarında qiymətlərdə enmə müşahidə edilsə də, ölkə bazarında bunu görmürük. Təbii ki, mən bunu satışda olduğu ərzaq malların baha qiymətə olduğu dövrdə ölkəyə gətirilməsi ilə əlaqələndirərəm. Bu ehtiyat bitdikdən sonra ucuz qiymətə idxal olunan mallar ticarət şəbəkəsinə daxil olacaq və bazarlarda da ərzaq məhsullarının qiymətlərini aşağı enməsini müşahidə edəcəyik. Həm də ancaq idxal olunan mallar daxili bazarda qiymətlərin ümumi şəkildə enməsini təmin etməyəcək.

Burada işbazlar da var ki, müəyyən bazarları monopoliyaya alaraq yerli istehsalı olan məhsulları paytaxt və böyük şəhərlərdə qiymətlərini süni şəkildə yüksək saxlamaqla böyük gəlirlər əldə edirlər. Məsələn, region bazarlarında 1 kq xurmanın qiyməti 50 qəpik olduğu halda, Bakının bazarları, marketlər və meyvə tərəvəz dükanlarında 1 manatdan yuxarıdır. Yaxud kartofun qiyməti bölgələrdə 1 manatdan aşağı olduğu halda, Bakıda 1,50 manatdan da yuxarıdır.

Mərkəz və regionlar arasında bu kimi yüksək qiymət fərqinin olmasını yerli kənd təsərrüfatı məhsullarının paytaxtdakı satışında monopoliyanın olması ilə əlaqələndirirəm. Buna qarşı tədbirlər görülməlidir. Kəndlinin istehsal ediyi öz məhsulunu paytaxt bazarına çıxarması üçün yollar araşdırılmalıdır və bu istiqamətdə tədbirlərin görülməsini vacib hesab edirəm.

-Yeni büdcədən əhalinin gözləntiləri hər zaman olduğu kimi sosial paketlərin təqdimatıdır. Vətəndaşlar yeni sosial paketlərlə sevinəcəkmi?

-Yeni ildə dövlət büdcəsinin həm gəlirləri, həm də xərcləri hissəsinin artırılması nəzərdə tutulub. Bunun da əsas səbəblərindən biri ölkə əhalisininin sosial rifahının yüksəlməsinə xidmət edəcək sosial proqramların icrasının davam etdirilməsidir. Yəni gələn il yenə də pensiyaların, müavinətlərin, yardımların artırılması nəzərdə tutulur. O cümlədən, dövlət büdcəsindən maliyyələşən təşkilatların əmək haqlarının artırılması gözlənilir. ümumilikdə dövlət büdcəsinin 50 faizə qədəri sosialyönümlü xərclərin qarşılanmasına yönəlib. Bu, o deməkdir ki, ölkədə sosial siyasət davamlı xarakter daşıyır və gələn ildə də əhalinin sosial vəziyyətini yaxşılaşdırılması istiqamətində işlər davam etdiriləcək.

-Son vaxtlar qlobal bazarda neft qiymətlərində enmə müşahidə edilir. Eyni zamanda, yeni ildən dövlət büdcəsində neftin qiyməti 85 dollar səviyyəsində nəzərdə tutulur. Neftin qiymətlərində enmə davam edərsə, bu, necə tənzimlənəcək?

-Qlobal bazarlarda neftin son 1 illik dinamikasına diqqət yetirsək, 85 dollardan yüksək olub. Ona görə də dövlət büdcəsində bu gün orta hədd olaraq neftin qiyməti 85 dollardan götürülüb. Dünyada baş verən qlobal hadisələr, müharibələr, sanksiyalar neftin qiymətinin gələn ildə yüksək qalması ilə bağlı proqnoz verməyə imkan yaradır. Hesab edirəm ki, 2023-cü ildə də neftin qiyməti 85 dollardan aşağı enməyəcək. Qiymətin aşağı enəcəyi və kəskin ucuzlaşacağı təqdirdə isə biz dövlət büdcəsində neftin qiymətinə yenidən baxılaraq yenidən hesablanması məsələsi aktuallaşa bilər.

-Hesablama Palatasının məlumatına görə, 2021-ci il üçün Dövlət Sosial Müdafiə Fondunun icra olunmuş gəlir və xərc göstəriciləri cəmi məbləğ baxımından hesabatlarda düzgün əks edilsə də, ayrı-ayrı istiqamətlər üzrə bəzi uyğunsuzluqlar aşkarlanıb. Ancaq baş verən nöqsanların eks-nazirin dövründə baş verdiyi iddia edilir. Sizcə, burada əsas məsələ problemin mövcudluğu deyilmi?

-Dövlət büdcəsindən maliyyələşən təşkilatlarda yoxlamaların aparılması vacibdir. Bu yoxlamalar ona görə aparılır ki, dövlət büdcəsi vəsaitlərinin mənimsənilməsi hallarının qarşısı alınsın. Korrupsiya əməlləri varsa, onlar müəyyənləşdirilsin və müvafiq tədbirlər görülsün. O cümlədən, Hesablama Palatasının funksiyası da dövlət büdcəsindən ayrılan vəsaitlərin öz təyinatı üzrə xərclənməsinə nəzarəti həyata keçirmək və yayınmaların qarşısını almaqdan ibarətdir. Təbii ki, insanın əli olan hər bir təşkilatda belə bir yayınmalar mövcuddur və davam edir.

Yaxşı hal odur ki, belə yayınmaların sayı azalmağa doğru gedir. Bu da aparılan davamlı uğurlu nəzarət tədbirləri sayəsində reallaşır. Ola bilsin ki, əvvəlki nazirin dövründə yayınmalar daha çox olub, yaxud indiki nazirin dövründə az olub. Hesab edirəm ki, nazirliyin rəhbərliyinin dəyişilməsi bir gündə bu sahənin şəffaflaşmasına gətirib çıxarmır. İlk növbədə dövlət məmurlarda yeni şüur, şəffaf işləmək düşüncəsi formalaşmalıdır. Aparılan yoxlamaların məqsədi də bu şəffalaşmanın təmin edilməsinə dəstək verməkdən ibarətdir.

Nigar Abdullayeva

Cebhe.info