Güney azərbaycanlılar ABŞ-da yürüş keçirəcək - “Kənardan kimsə bizə şah ola bilməz” - MÜSAHİBƏ 

Güney azərbaycanlılar ABŞ-da yürüş keçirəcək - “Kənardan kimsə bizə şah ola bilməz” - MÜSAHİBƏ 

Güney Azərbaycan türklərin martın 25-də Belçikanın paytaxtı Brüsseldə “Azadlıq, Ədalət, Milli Hökumət!” şüarı ilə yürüş və mitinq keçirib.

Avropa Parlamentinə müraciət edən Güney azərbaycanlılar, bəlluc, ərəb, qaşqay və türkmənlər İranda yaşayan millətlərin haqları məsələsini beynəlxalq səviyyədə qaldırıb. Bu isə İranın gələcək siyasi taleyinin müəyyənləşməsində yeni siyasi prosesin başlanğıcı hesab olunur. Güney Azərbaycan Milli Oyanış Hərəkatının İdarə Heyətinin üzvü Ağrı Qaradağlı Cebhe.info-ya müsahibəsində aksiyaların davam etdiriləcəyini bildirib:

-Brüsseldə keçirilən yürüşdə iştirak etmədiniz. Amma bu aksiyada indiyə qədər mümkün olmayan milli birliyin olduğu deyilir. Təbii ki, bu birliyi təmin etmədən aksiyaları davam etdirmək mümkün deyil. Bu baxımdan, əvvəlcə yürüş və mitinqə münasibətinizi bilmək istərdik. Növbəti aksiyaların daha kütləvi təşkili mümkün olacaq?

- Biz bu aksiyaya ilk gündən dəstək verənlərdən biriyik. Doğrudur, mən və Türkiyədəki bəzi fəallar Brüsseldəki yürüş-mitinqə gedə bilməsək də, Avropadakı dostlarımız orada iştirak etdilər. Hətta aksiyaya iyirmi gün qalmış Güney Azərbaycan Milli Oyanış Hərəkatı olaraq bununla bağlı bəyanat da vermişdik. Türkiyədə, ABŞ-da, Kanadada yaşayan mübarizə dostlarımızın Belçikaya gedə bilməməsi həm məsafənin uzaqlığı, həm də maliyyə problemləri ilə bağlıdır. Amma belə aksiyaların keçirilməsi üçün biz lazım olan bütün dəstəyi verir və bu yöndə təşəbbüsləri məmnunluqla qarşılayırıq. Yaxın iki-üç həftə ərzində belə bir yürüşün ABŞ-da keçirilməsi planlaşdırılır. Bununla bağlı ABŞ-dakı dostlarımız görüşlər keçirir və aksiya üçün gün təyin edilir. Aksiyalar davam etdiriləcək, biz özümüzü dünyaya sübut etməliyik.

- Brüsseldə keçirilən aksiyada Avropa Parlamentinə müraciət qəbul olundu. Güney Azərbaycan türklərinin və İranda yaşayan qeyri-fars xalqların milli hüquqlarının pozulduğu, onun təmin olunmasının vacibliyi Avropa Parlamentinə çatdırıldı. ABŞ-da nəzərdə tutulan aksiyada da Konqresə, Ağ Evə belə müraciətlər ediləcəkmi?

- Təbii ki. Aksiya ABŞ-da keçirildiyi üçün həmin ölkənin hakimiyyət orqanlarına, yəni Konqresə, Prezidentə, Dövlət Departamentinə müraciət ediləcək və İranda insan haqlarının, milli hüquqların kobud şəkildə pozulduğu qeyd olunacaq. Həmin bəyanatda İranda yaşayan qeyri-fars xalqların, o cümlədən Güney Azərbaycan türklərinin öz müqəddaratını təyinetmə hüququndan istifadəsinin vacibliyi bildiriləcək. Bəzi təşkilatlar İranın federallaşmasının tərəfdarı kimi çıxış edir. Onlar hesab edir ki, dünya ictimaiyyəti İranın bölünməsinə icazə verməz.

Ancaq onlar nəzərə almalıdır ki, Birləşmiş Millətlər Təşkilatı yarananda üzvlüyündə cəmi 50 dövlət var idi. İndi üzv dövlətlərin sayı 280-ə çatıb. Yəni 230 ölkə BMT yarandıqdan sonra parçalanıb və ya öz müstəqilliyini elan edib. Ona görə də İranda yaşayan hər bir millətin, o cümlədən Güney Azərbaycan türklərinin öz tarixi torpaqlarında müstəqil dövlətini elan etmək haqqı var. Biz öz müqəddaratımızı təyinetmə hüququmuzu və müstəqilliyimizi bəyan etməliyik.

- Aksiyaların təşkili üçün Azərbaycançılıq ideyası siyasi platforma kimi təklif olunur. Yəni bütün hər kəsin təşkilati maraqları, liderlik məsələsini kənara qoyub “Azadlıq, Ədalət, Milli Hökumət” şüarı və Azərbaycançılıq ideologiyası ətrafında birləşməsi vacib hesab edilir. Sizcə, uzun müddət davam edən fikir ayrılığından sonra bu yöndə birliyi təmin etmək mümkün olacaqmı?

- Liderlik məsələsini gündəmə gətirib bu birliyi pozmağa ehtiyac yoxdur. Zamanı gələndə millət öz liderini seçəcək. Ona görə də birliyin və bərabərliyin davam etməsi üçün Azərbaycançılıq düşüncə mərkəzi ətrafında əl-ələ verib irəli getmək lazımdır. Bizim öndə gedən milli hərəkat mənsubları bunu bir araya gətirib müstəqilliyilizə nail olana qədər birgə fəaliyyət göstərməlidir. Biz də bu prosesə dəstək verəcəyik.

- Azərbaycançılıq ideyasının meydana çıxması və Brüssel aksiyasından sonra İranın federallaşması tərəfdarlarnın mövqeyində dəyişiklik müşahidə olunurmu?

- Biz bu dəyişikliyə nail olmağa çalışırıq. Brüssel yürüşü bu düşüncədə olan insanların beynində fırtına yaratdı. Artıq müstəqillik olmasa da, konfederasiya barədə düşünməyə başlayıblar. Yəni əvvəlcə İranın konfederativ dövlətə çevrilməsi, sonra isə müstəqil dövlətimizin elan edilməsi təklif edilir. Onu da qeyd edim ki, bəzi təşkilatları maliyyələşdirilən mənbələr İranda demokratiya, federallaşma məsələsini ortaya qoyur, İranın parçalanmasına qarşı çıxır. Ona görə də həmin təşkilatlar maliyyə dəstəyinin kəsilməməsi üçün onların dediyi mövqedən çıxış etməyə məcbur olur. Bu da bizim milli maraqlarımıza zərbə vurur.

- Brüsseldə aksiya iştirakçıları nə İrandakı molla rejimini, nə şahı, nə də “Xalq mücahidləri”ni qəbul etmədiklərini bildirdilər. Qərbin Rza Pəhləvinin hakimiyyətə gətirilməsi variantı üzərində düşündüyünü nəzərə alsaq, ABŞ-da keçiriləcək aksiyada da “Nə şeyx istəyirk, nə şah, nə Rəcəvi” şüarı səsləndiriləcəkmi?

- Pəhləvilərin ABŞ tərəfindən ortaya atılması fiaskoya uğradı. Rza Pəhləvinin İran müxalifətinin lideri kimi Münhen Təhlükəsizlik Konfransına çağırılmasından sonra İrandakı etiraz aksiyaları səngiməyə başladı. Etirazçılar şahın qayıtmasını deyil, İranda demokratiya tələb edirdilər. Əsas şüarlardan biri də bu idi - “Biz nə şah istəyirik, nə şeyx! Biz səltənət istəmirik. Biz demokratiyanın tərəfdarıyıq”. Ona görə də nə farslar, nə azərbaycanlılar, nə ərəblər, nə bəlluclar, nə qaşqaylar Rza Pəhləvinin İranda hakimiyyətə gəlməsini istəyir. ABŞ-ın etirazçıların əvəzindən qərar verməsi onları narazı saldı. Nəticədə aksiyalar səngidi. Bu səbəbdən, pəhləviləri irəli çəkəcəklərinə inanmıram.

Pəhləvilərin o qədər geniş maddi imkanları var ki, onlar “Xalq mücahidləri” ilə birlikdə “Milli Müqavimət Şurası” adlı hərəkat yaratdılar. Amma bu birlik baş tutmayacaq. Çünki Güney Azərbaycan türkəri nə şahı istəyir, nə şeyxi, nə də Rəcəvini. Biz milli istiqlalımızı tələb edirik. İranda yaşayan digər xalqlar da eyni mövqedən çıxış edir. Ərəblər, bəluclar bəlkə də federativ sistemdə yaşamağa razı ola bilər. Bu, onların öz işidir. Ancaq onlar da şah rejiminin bərpasına qarşıdır və hesab edirlər ki, gələcək hakimiyyət İranın öz daxilindən çıxmalıdır. Kənardan kimsə gəlib bizə şah ola bilməz.

Müşfiq Abdulla
Cebhe.info