İlahiyyatçı: "Arıqlamaq üçün tutulan oruc günahdır" - MÜSAHİBƏ

İlahiyyatçı: "Arıqlamaq üçün tutulan oruc günahdır" - MÜSAHİBƏ

Ramazan ayının 5-ci günüdür.

Belə ki, builki təqvimə əsasən, Ramazan ayı martın 23-də başlayıb. Ramazan ayı bütün dünya müsəlmanları üçün müqəddəsdir və bu İslam dinində bu ayda möminlərin oruc tutmaları buyurulub.

Bəs Ramazan ayının vacib əməlləri nələrdir? Hansı hallarda oruc batil hesab olunur? Kimlər oruc tutmamalıdır?

Bu və digər suallarımızı ilahiyyatçı Tural İrfan Cebhe.info-ya müsahibəsində cavablandırıb:

-Oruc tutmaq üçün hansı vacib şərtlərə əməl edilməlidir?

-Oruc İslam dinində, Qurani-Kərimdə namazdan sonra ikinci vacib buyurulmuş əmrdir. Ramazan orucu vacib fərzdir və tutulmadığı halda hökmən qəzası tutulmalıdır, yaxud tutulmayan günlərin hər birinə görə bir ehtiyacı olanı doyuzdurmaq lazımdır. Oruc aclıqdan əlavə, insanın mənəviyyatının təmizlənməsi, paklanması üçündür. Bunun sosial tutumu var. Bu ayda varlı və kasıb eyni olur. Həmişə tox olan zənginlər də ac qalaraq kasıbların hansı hislər keçirdiyini öyrənir və yemədikləri günlərin ərzağını da Ramazandan sonra fitrə olaraq kasıblara paylayırlar. İnsanın ac qalması ilə bədəni sağlamlaşır, qan dövranı düzəlir.

-Oruc hansı hallarda pozulmuş hesab olunur?

-Yemək yemək, maye qəbul etmək, sistem köçürmək, imalə, intim münasibət, cinsi əlaqə də orucu pozur. Din alimlərinin fikrincə, Allahın, Peyğəmbərin adına yalandan istinad etmək də orucu pozan əməllərdəndir. Dindən çıxaraq oruc tutmaq da onu pozur. Bəzi din alimlərinin fikrincə, başı bütövlükdə suya saldıqda oruc pozulur. Qatı tüstünün, qatı tozun boğaza düşməsi orucu pozan əməllərdəndir.

-Oruc tutan şəxslərin düşündürən suallardan biri də budur ki, kosmetik vasitələrdən, ətirdən, gigiyena üçün spirtdən istifadə etmək məqbuldurmu?

-Kosmetik vasitələrdən, ətirdən istifadə orucu pozmur, hətta ətirdən istifadə savab hesab oluna bilər. Sadəcə oruc tutan şəxsin qatı ətirdən istifadə etməsi bir qədər bəyənilməyən işdir. Spirtdən gigiyenik vasitə kimi istifadə orucu pozmur, o paklayıcıdır. Spirti sadəcə içmək İslam dinində doğru hesab olunmur.

-Arıqlamaq üçün oruc tutanların orucu savaba yazılırmı?

-Arıqlamaq üçün tutulanda oruc hesab olunmur, əksinə, günah hesab olunur. Oruc sırf Allah üçün olmalıdır. Hətta insan öz sağlamlığına görə də oruc tutsa, bu, haram hesab olunur.

-Bəs kimlər oruc tutmaya bilər və orucdan azaddır?

-Oruc tutmaq üçün insan sağlam, əqli yerində, həddi-büluğa çatmalıdır, azad olmalıdır səfərdə olmamalıdır. Məhbəsdə olan şəxslərə icazə verilməyə bilər, ona görə də o şəxslər də orucdan azad olunur. Hər şeydən öncə belə bir hədis var: Dilin orucu qarının orucundan, qəlbin orucu da dilin orucundan üstündür. Oruc tutan adam tək ac qalmaqla yox, digər pis işlərdən də pəhriz saxlamalıdır.
Xəstələr, hamilə qadınlar, səfərdə olanlar, 70 yaşını keçən qocalar, həddi-büluğa çatanlar, ruhi xəstələr, ağır işdə çalışanlar oruc tutmaya bilər. Oruc tutsalar, onlara problem yaranacağını, məyusluq hasil olacağını düşünənlərin oruc tutması düzgün hesab olunmur.
Qeyd edək ki, təqvimə görə, aprelin 21, 22-si Azərbaycanda Ramazan bayramı qeyd ediləcək. Qədr (Əhya) gecələrinə gəlincə, bu, aprelin 9-u, 11-i, 13-ü və 17-nə təsadüf edəcək.

Naibə
Cebhe.info