Kinoteatrların Azərbaycan dilində film problemi - MÜSAHİBƏ
Artıq bir neçə ildir ki, ölkəmizdə kinoteatrlara maraq artır.
Kinoteatrlar əsasən şəhərin mərkəzi hissələrində mollarda, ticarət mərkəzlərində fəaliyyət göstərir. Fəaliyyətə başladığı dövrlərdən xarici filmlər Azərbaycan dilində təqdim olunsa da, lakin sonralar ingilis, rus və türk dillərində nümayiş edilməyə başlayıb.
Bəs, sinemalarda nümayiş etdirilən xarici filmlər nə zaman Azərbaycan dilinə dublyaj ediləcək?
“CineMastercard” kinoteatrlar şəbəkəsinin İctimaiyyətlə Əlaqələr üzrə rəhbəri Nərmin Həsənovanın “Cümhuriyət” -ə müsahibəsini təqdim edirik:
- Nərmin xanım, niyə kinoteatrlarda xarici filmlər Azərbaycan dilində nümayiş edilmir?
- Əvvəllər Cinemazadə studiyası “CineMastercard” kinoteatra Azərbaycan dilində dublyaj olunan filmləri təqdim edirdi. Biz bildiyimiz qədəri ilə onların dublyaj fəaliyyəti dayandırılıb. Gələcəkdə hər hansısa şirkət öz öhdəliyinə filmlərin dublyajını götürüb Azərbaycan dilində bizə təqdim etsə, biz əməkdaşlığa hər zaman şad olarıq. Kinoteatrlar dublyajla məşğul deyil. Biz çalışırıq ki, filmlər üç dildə – rus, ingilis və türk dillərində nümayiş olunsun.
- Filmlərə daha çox türk dilində baxılır?
- Bəli, Azərbaycan dilində filmə baxmaq istəyənlər əksər hallarda türk dilində olan filmlərə baxırlar.
- Ölkəmizdə xarici filmlərə maraq necədir?
- Kinoteatrlara maraq çox olur. Kino izləmək insanlar üçün əyləncə və istirahət növüdür. Yeni filmlərin nümayişi, xüsusi tədbirlər və kino festivalları da kinoteatrlara olan marağı artırır. Həmçinin, kinoteatrlarda təqdim olunan yüksək keyfiyyətli görüntü və səs texnologiyaları izləyicilərə unikal təcrübə bəxş edir.
- Kinoteatrlarda daha çox hansı texnologiyalardan istifadə edilir?
- Hazırda fəaliyyət göstərən “CineMastercard” Azərbaycanın ən böyük premium kinoteatr şəbəkəsidir. Yalnız “CineMastercard” kinoteatrında ən son 4DX texnologiyası olan zal fəaliyyət göstərir. 4DX istifadəyə verildikdən sonra tamaşaçılar kinoteatra böyük həvəslə gəlir və istirahətdən parlaq xatirələr əldə edirlər. Çünki hər kəs özünü kinonun bir hissəsi kimi hiss etmək istəyir. - Daha premium xidmət göstərmək üçün başqa nə təklif edilir?
- Kinoteatrımızın, zalların yuxarı pillələrində yerləşən, 6 nəfərdən 12 nəfərədək oturacaqları olan Skybox 6 şüşəli mini zallar da var. Burada tamaşaçılar restoranlardan yemək sifariş edərək, fərdi işıqlandırma və şarj cihazı ilə təchiz olunmuş rahat oturacaqlarda film izləməkdən zövq ala biləcəklər. Eyni zamanda kinoteatrda qonaqlar üçün xüsusi quraşdırılmış masalar və ayaq dayağı olan geniş, rahat, avtomatik qatlanan oturacaqlarla təchiz olunmuş iki VIP DIAMOND zalları da var.
- “ScreenX” texnologiyası “CineMastercard”da var?
- Bəli, yeni “ScreenX” texnologiyası “CineMastercard” kinoteatrında mövcüddur. “ScreenX” 270 dərəcə baxış bucağına malik, filmdən həzz almağa imkan verən tamamilə yeni innovativ texnologiyadır. Kinoteatrın zalında üç proyektor və iki əlavə yan ekran var. Filmin əsas səhnələri mərkəz ekranda nümayiş etdirilir, yan səhnələr isə kadr kompozisiyasını artırır. Bu genişlənmiş məkan tamaşaçıda fərqli hisslər yaratmaqla yanaşı, filmi yaşamağa imkan verir.
Həsən Məmmədov
"Cebheinfo.az"