Montella Kuntzdan nə ilə fərqlənir? - "Ən böyük üstünlüyü" - MÜSAHİBƏ

Türkiyə futbolunda gündəmdəki əsas məsələ millidəki baş məşqçi dəyişikliyidir.
Xəbər verdiyimiz kimi, ötən günlərdə Türkiyə Futbol Federasiyası alman mütəxəssis Stefan Kuntzla yollarını ayırdıqlarını rəsmən açıqlayıb. Bu qərar gözlənilən olsa da, yeni təyinat bir qədər gözlənilməz oldu.
Belə ki, yığmanın başına yerli mütəxəssisin keçəcəyi iddia olunurdu. Hətta bu post üçün Abdullah Avcı, Fatih Terim və Sergen Yalçının adı hallanırdı. Lakin ötən mövsüm "Adana Demirspor"dakı performans ilə diqqətləri üzərinə çəkən Vinçenzo Montella Türkiyə millisinin baş məşqçisi təyin olundu. Hazırda italiyalı mütəxəssisin təyinatı və edə biləcəkləri müzakirə mövzusudur.
Bu və digər mövzularla bağlı "CBC Sport" telekanalının şərhçisi, tanınmış futbol eksperti Ramiz Mirzəzadə Cebhe.info-ya müsahibə verib.
Sözügedən müsahibəni təqdim edirik:
- Ramiz bəy, Vinçenzo Montellanın Türkiyə millisinin baş məşqçisi təyin olunmasını necə qiymətləndirirsiniz?
- Yəqin ki, Türkiyə Futbol Federasiyası (TFF) bu barədə çox düşünüb. Əslində Türkiyə futbol ictimaiyyətində Stefan Kuntzdan sonra daha çox yerli mütəxəssisin təyinatı gözlənilirdi. Amma yenidən əcnəbi baş məşqçi ilə yola davam etdilər. Buna baxmayaraq, Montella Stefan Kuntzdan xeyli fərqlənir.
Çünki Kuntz əvvəldən Türkiyəni tanımayan bir məşqçi idi. Yəni Super Liqada çalışmamışdı. Daha sonra Türkiyə millisindəki nəticələri də ürəkaçan olmadı.
Məncə, Türkiyə millisində çalışmaq o qədər də asan deyil. Nəzərə almaq lazımdır ki, qardaş ölkənin seçməsi potensialı kifayət qədər çox olan yığmalardandır. Sistem düzgün qurulsa, yaxşı nəticələr əldə edilə bilər.
Montellanın ən böyük üstünlüklərindən biri Türkiyə və Super Liqa ilə tanış olmasıdır. Həmçinin, baş məşqçi kimi oyun üslubu kifayət qədər bəyənilən mütəxəssislərdən biridir. Xüsusilə son mövsümdə gördüyü işlər göz önündədir. Amma indidən Türkiyə millisində nəticələrinin yaxşı olacağını demək bir o qədər də asan deyil.
- Sizcə, Abdullah Avcı, Fatih Terim və Sergen Yalçının adı bu post üçün keçərkən növbəti dəfə xarici mütəxəssisin seçilməsi doğrudur?
- Abdullah Avcı və Fatih Terimin Türkiyə millisi ilə təcrübələri var. Açığı, mən də Terimin qardaş ölkə yığmasının baş məşqçisi olmasını istəyənlərdən biri deyildim. Çünki artıq onun yığmada və ya hansısa komandada məsuliyyəti üzərinə götürüb yaxşı nəticələr verəcək gücdə olmadığını düşünürəm. Lakin Abdullah Avcı və Sergen Yalçın variantları da uğurlu ola bilərdi. Hər halda, Türkiyə millisi üçün uğurlu olmasını arzulayıram. Vinçenzo Montellanın da Türkiyə yığmasında daha yaxşı nəticələr qazanacağına ümid edirəm.
- Bu mövsüm Türkiyə Super Liqasına bir çox ulduz futbolçu transfer oldu. Xüsusilə, "Qalatasaray" və "Fənərbağça" dünya səviyyəli futbolçularla heyətlərini gücləndirdi. Hər iki klubun bu sezon Super Liqada çempionluq şanslarını necə dəyərləndirirsiniz? Xüsusən, "Fənərbağça" 9 illik çempionluq həsrətinə son qoya bilərmi?
- Hazırkı vəziyyətdə "Fənərbağça"nın daha yaxşı formada olduğu, "Qalatasaray"ın isə bir qədər büdrədiyinin şahidiyik. Lakin bəzi komandalarda görürük ki, mövsümün əvvəlində yaxşı formada olmurlar, amma daha sonra komplektləşirlər və oyun keyfiyyətini yüksəldirlər. Ötən mövsüm də Super Liqada məhz belə oldu. Belə ki, "Fənərbağça" mövsümə daha yaxşı başladı, amma sonlara doğru "Qalatasaray" əla çıxış edərək, yekunda çempion oldu.
Bu mövsüm isə İsmayıl Qartalın baş məşqçiliyi ilə "Fənərbağça"nın çempion olma ehtimalını yüksək qiymətləndirmək olar. Sabiq baş məşqçi Jorje Jesusun ötən mövsüm xeyli tənqidlərə məruz qalması, komanda daxilində o qədər də güvənilən sima olmaması yekunda "sarı bülbüllər"in məğlubiyyətinə gətirib çıxardı.
Təbii ki, ulduz futbolçuların adlarının önəmi böyükdür. Amma Hakim Ziyeç və ya "Qalatasaray"ın bir neçə ulduz futbolçusunun yaxşı formaya düşməsinə ehtiyac var. Düşünürəm ki, belə olmayacağı müddət ərzində işlər bir qədər yolunda getməyəcək. üstəlik, "Cim-Bom" həm də Çempionlar Liqasında mübarizə aparır və qrupu çox çətindir. "Fənərbağça"nın isə liqada çempion olması üçün yanvardan sonra da artan tempi davam etdirməyi lazımdır. Bu baxımdan da "Qalatasaray"ın avantajları daha çoxdur.
- İstər "Qalatasaray", istərsə də "Fənərbağça" bu mövsüm Avropada da kubok hədəfləyirlər. Sizcə, bunu real hədəf hesab etmək olar? ümumiyyətlə, İstanbul klublarının avrokuboklarda hara qədər gedəcəyini düşünürsünüz?
- Çıxış etdikləri turnirlərə baxanda "Qalatasaray"ın Çempionlar Liqasında, "Fənərbağça"nın və "Beşiktaş"ın isə Konfrans Liqasında olduğunu görürük.
"Qalatasaray"ın Çempionlar Liqasındakı işi çətindir. İlk görüşdə "Kopenhagen"i məğlub etmək mümkün olmadı, hətta məğlubiyyətdən son anda xilas olundu.
Məncə, hazırda "Qalatasaray" üçün qrupda üçüncü olub Avropa Liqasında yoluna davam etmək ən uyğun variant kimi görünür. Çünki mübarizə olduqca çətindir və əsas rəqibin "Kopenhagen" olduğu birinci turdan sonra göründü. Əgər "Qalatasaray" üçüncü olsa, Avropa Liqasında mümkün qədər irəliləmək daha yaxşı nəticə ola bilər.
"Fənərbağça"nın isə Konfrans Liqasında kuboku hədəfləməsi təbiidir. Çünki bu, Avropanın üçüncü dərəcəli kubok turniridir. üstəlik, İstanbul klubunun kifayət qədər yaxşı heyəti var. Hətta mübarizəyə qələbə ilə başladılar. Bəlkə də qrupun ən güclü rəqiblərindən biri olan "Norşellann"ı məğlub etdilər. Odur ki, "Fənərbağça"nın Konfrans Liqasında yarımfinala və ya finala çıxmaq, hətta çempion olmaq ehtimalı var.
"Beşiktaş"ın isə Konfrans Liqasındakı qrupu bir qədər çətindir. Amma onların da qrupdan çıxaraq, mümkün qədər irəliləmək ehtimalı mövcuddur. Ancaq Avropada kubok qazanmaq ehtimalı bugünkü günə görə "Fənərbağça"da daha yüksək qiymətləndirilməlidir.
Elmir Mustafa
Cebhe.info