"O dünyanın qapısından qayıdan” Həmid Herisçi: “Planlarımın başında yaşamaq var”- MÜSAHİBƏ

"O dünyanın qapısından qayıdan” Həmid Herisçi: “Planlarımın başında yaşamaq var”- MÜSAHİBƏ

Məlumdur ki, Azərbaycanın tanınmış yazıçısı, şair, publisist, aparıcı Həmid Herisçi ötən ay qızılca diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi.

O, bir neçə gün əvvəl ambulator müalicə üçün evə buraxılıb. 

Həmid Herisçi çətin keçən günlər və indiki vəziyyəti ilə bağlı "Cebhe.info"- ya danışıb:

- Həmid müəllim, çətin bir dövrdən keçdiniz. Hazırda səhhətiniz necədir? Özünüzü necə hiss edirsiniz?

- "O dünyanın qapısından qayıtmaq" bədii təyinatdır. Ölümdən qurtuldum, indi isə həyata qayıtmaq dövrüdür. Yaşamaq gözəldir. Böyük yazar Nazim Hikmətin də eyniadlı filmi, tamaşası var. Orada maraqlı bir əhvalat göstərilir. Belə ki, bir inqilabçı gizli bir evdə yaşayır və heç kim onu görməməlidir. Yəni kənardan həkim gəlməməlidir və s.

Birdən-birə bu inqilabçını haradasa bir it qapır və inqilabçı 40 gün boyunca dəli olub-olmayacağı, sağalıb-sağalmayacağı haqqında fikirləşir. Çünki onun yanına həkim gələ bilməzdi. Təxminən oxşar bir süjetlə yaşadım. 

Məlumdur ki, qızılca da yoluxucu xəstəlik olduğu üçün insan yaxınlarla təmasda ola, harasa gedə bilmir. Xəstəlik öz qurbanları arasında ayrıseçkilik qoymur. Buna görə deyə bilərəm ki, mən Nazim Hikmətin pyesini canlı şəkildə yaşadım. Mən axı yazıçıyam, yazıçı da gərək həyatı, düşdüyü vəziyyəti tanıdığı süjetlərlə dəyərləndirsin. 

- Həyat yoldaşınız İlhamiyyə xanım xəstəxanaya özünüzlə birgə Heydər Camalın kitabını apardığınızı qeyd etmişdi. İstənilən halda ədəbiyyatla sıx bağlılığınız maraqlıdır. Xəstəxana günləri ilə bağlı nə deyə bilərsiniz?

- Mənim müalicə aldığım xəstəxanada yaşlılar vardı, amma əksəriyyət uşaqlardan ibarət idi. Təsəvvür edin, oturmusunuz, uşaqların qışqırıq səslərini eşidirsiniz. Amma yaşlılar mənim kimi qışqırmır (gülür). Lakin bizim sükutumuz bəlkə də daha ağır və musiqili idi.

-Ötən gün yeni yazınız yayımlandı. Hazırda yeni yazı üzərində işləyirsiniz? Planlarınız necədir?

- Bundan sonrakı planlarımın başında yaşamaq var. İkincisi, bu müddətdə yaradıcılığıma başqa gözlə baxıram, yeni yazacaqlarımın süjetlərini qururam. Bir müddət gücləndikdən sonra yaradıcılığıma qayıdacağam.

Sizin vasitənizlə məni həyata qaytaran Azərbaycan həkimlərinə, durumumu nəzarətdə saxlayan jurnalistlərə təşəkkürümü bildirirəm.

Ləman İsmayıl
"Cebhe.info"