“Onlara müğənni demirəm...”: Əli Mirəliyev Cavanşir Məmmədov, Manaf Ağayevdən nə danışdı?- MÜSAHİBƏ 

“Onlara müğənni demirəm...”: Əli Mirəliyev Cavanşir Məmmədov, Manaf Ağayevdən nə danışdı?- MÜSAHİBƏ 

Xəbər verdiyimiz kimi, sənətçi Əli Mirəliyev səhhətində yaranan problemlə bağlı bir neçə gün əvvəl xəstəxanaya yerləşdilmişdi.

Hazırda evə buraxılan Əli Mirəliyev səhhəti və digər məsələlərlə bağlı “Cebhe.info”-ya danışıb. 

- Əli bəy, necəsiniz? Səhhətiniz necədir?

- Çox sağ olun! Səhhətimdə heç bir problem yoxdur. Vəziyyətim də yaxşıdır, heç bir narazılığım yoxdur.

- Xəstəxanadan çıxdıqdan sonra yanınıza kimlər gəldi? 

- Xəstəxanadan çıxdığım andan bəri çox adam səhhətimlə maraqlanıb. Məni istəyən hər kəs yanıma gəlmişdi. Ən çox da media nümayəndələri səhhətimlə çox ciddi maraqlanırlar. Buna görə hər kəsə təşəkkür edirəm. Lakin mənim də siz media nümayəndələrinə bir sualım var.

- Buyurun.

- Mənim xətrimi istəyib zəng edirsiniz. Mənim də sualım belədir ki, musiqi aləmində xətrini istəyib zəng eləməli nə qədər insan qalıb?

- Sizinlə birlikdə bir çox sənətkarın adını çəkmək olar...

- Mən çox adlar çəkə bilərəm. Heç kim inciməsin, adların çoxunu çəksəm, siyahınız çox böyük olar. Misal üçün, Cavanşır Məmmədov, Manaf Ağayev, Əflatun Qubadov və s. sənətkarların adını çəkə bilərəm. O sənətkarları unutmaq olmaz, gərək onları da daim yada salasınız.

- Əlbəttə, bütün sənətkarları bacardıqca diqqətdə saxlayırıq. Lakin adını çəkdiyiniz sənətkarlar mərhum sənətkarları əvəz edə bilir?

- Əvəzolunmaz insan yoxdur. Lakin Müslüm Maqomayevin yerini kim ala bilər!? Rəşid Behbudov, Şövkət Ələkbərova, Rübabə Muradova, Nərminə Məmmədova, İslam Rzayev, Gülağa Məmmədov və s. adlarını çəkdiklərimin yerini kim tuta bilər? Adını çəkdiklərim hər biri böyük korifey olub. 

- O saydığınız korifeylərin əksəriyyətini yəqin ki, görmüsünüz. Onları necə xatırlayırsınız?

- O sənətkarlarla müqayisədə mən sadəcə kiçik zərrəciyəm. Mən onları yaxşı tanımışam. Allah hər birinə rəhmət etsin. Mənim 75 yaşım var. Onların əsərlərini, musiqilərini əzbər bilirəm. Bu yaşımda belə çox oxuyuram, əlimdən gələni etməyə çalışıram ki, o sənətkarların yolu davam etsin.

- Bir halda ki, müğənnilərin fəaliyyətindən danışırıq, indiki sənət sizi qane edir?

- Biz gənclik illərimizdə mahnı bəstələmək üçün 1 ay çalışırdıq. İndi müğənnilər 2 günə bəstələnmiş mahnını oxuyurlar. Mən onlara müğənni demirəm, “mahnı oxuyan” deyirəm. Onları öz üzərlərində çalışmağa və mərhum korifeylərin ruhuna hörmət etməyə çağırıram.

Həsən Məmmədov
“Cebhe.info”