Sədr müavini: “Rusiya dağılarsa, nüvə başlıqları...” - MÜSAHİBƏ

Sədr müavini: “Rusiya dağılarsa, nüvə başlıqları...” - MÜSAHİBƏ

“Qərb Rusiyanın siyasi xəttinin dəyişdirilməsini hədəfləyir”.

Bu sözləri Ümid Partiyasının sədr müavini Bakir Həsənbəyli “Cebhe.info”-ya müsahibəsində deyib.

Müsahibəni təqdim edirik:

- Bakir müəllim, başda ABŞ olmaqla, Qərb ölkələri Rusiya-Ukrayna müharibəsi başlayanda Rusiyanı iqtisadi baxımdan çökdürməyi hədəfləmişdi. Amma tarixin ən ağır sanksiyaları Rusiya iqtisadiyyatını zəiflədə bilmədi. Sizcə, bunun səbəbi nədir?

- Hazırda Rusiya-Ukrayna müharibəsi özünün daha kritik həddindədir. Bəli, bu müharibənin başlaması Rusiyanın çöküşünə hesablanmışdı. Amma müharibənin başladığı 24 fevral 2021-ci ildən 2023-cü ilin 31 dekabrına qədər Rusiyanın yalnız neft, qaz və kömür satışından əldə etdiyi gəlir 600 milyard dollardır. Bu pulun təxminən 200 milyard dolları isə sadəcə Avropa ölkələri ilə olan ticarətin payına düşür. 

Bununla yanaşı, Rusiya hər gün müharibəyə 300 milyon dollar vəsait xərcləyir. Bu isə müharibə başlayandan ötən ilin 21 dekabrına qədər olan müddətdə 200 milyard dollar edir. Belə çıxır ki, müharibə başlayandan Rusiyanın maliyyələşdirən Avropa olub. Nəzərə alaq ki, Avropa Rusiyaya 12 sanksiya paketində 20 minə qədər müxtəlif sanksiya tətbiq edib.

Amma yalnız 3 məhsulun istehsalından Rusiyaya 200 milyard avro qazadırıblar. Kreml isə həmin qazancı imperiya siyasətini həyata keçirmək üçün istifadə edib. Onda Qərbin, konkret olaraq ABŞ-nin qeyri-səmimi olduğu ortaya çıxır.

- Nə qədər qəribə olsa da, 2023-cü ildə iqtisadiyyatı ən çox böyüyən Avropa ölkəsi məhz Rusiya olub. Hətta qarşıdakı 3 ildə də bu inkişafın davam edəcəyi proqnozlaşdırılır. Rusiya müharibəyə rəğmən, bu uğura necə nail olub?

- Bəli, Rusiya iqtisadiyyatı ötən il 2,7 faiz böyüyüb. Bundan başqa, Rusiya xarici borcunun da 27 milyard dollarını ödəyə bildi. Bu isə kifayət qədər böyük rəqəmdir. Hətta bir çox ölkənin büdcəsindən belə artıqdır. Həmçinin, Rusiya ilə ABŞ arasındakı ticarət dövriyyəsi də artıb. Belə ki, ötən ilin noyabr ayında tərəflər arasındakı ticarət dövriyəsi 92,3 faiz artım qeydə alınıb.

Bütün bunlar isə ABŞ və Avropa Rusiyanın tam mənada çökməsini istəmədiyini göstərir. Həmçinin, müharibə başlayanda Rusiya ordusu əsgər sayına görə dünya 5-ci sırada idi. Bu gün isə o qədər itki olsa da, 1,3 milyon şəxsi heyətlə Çindən sonra 2-ci sırada gəlir. Bu müddət ərzində ABŞ ordusu isə 2-ci sıradan 3-cü sıraya düşüb. 

- Bütün bunların fonunda Qərbin məqsədinin nə olduğunu deyə bilərik?

- Düşünürəm ki, Qərb və Avropa dialoq qurula bilən Rusiyanın axtarışındadır. Onlar imperiya xisləti olan Vladimir Putinin mövqeyini dəyişdirməyə çalışır. Nəzərə almaq lazımdır ki, dünyada ən çox nüvə silahı olan ölkə məhz Rusiyadır. Yəni Rusiya dağılacağı təqdirdə, həmin nüvə başlıqlarının kimlərin əlinə keçəcəyi də sual altındadır. Əlbəttə ki, bütün bunlar düşünülür.

Onu da xatırladım ki, Rusiya-Ukrayna müharibəsi başladıqdan bir gün sonra Rusiya Dumasının sədri Vyaçeslav Volodin Qərbin tətbiq edəcəyi sanksiyaların öldürücü olmayacağını demişdi. Nəticə etibarilə, bu gün onun da haqlı çıxdığını görürük.

- Belə çıxır ki, Qərb əslində Putinsiz Rusiya istəmir?

- Qərb sadəcə olaraq Rusiyanın siyasi xəttinin dəyişdirilməsini hədəfləyir. Qərb masa ətrafında danışılacaq Rusiyanın arzusundadır. Ona görə ki, Rusiyada avtoritar bir rejim var. Avtoritar rejimlərdən sonra gələcək siyasi qüvvələr isə cəmiyyət tərəfindən ciddi dəstək almır. Görünür, post-Putin dövrü ilə bağlı qorxu hissi var. Artıq Rusiyada elə bir nəsil yetişib ki, Putinsiz bir ölkə düşünmürlər. Bu amillər isə Qərbin Putinsiz Rusiya istəməməsinə səbəb olur.

- Necə düşünürsünüz, Rusiya-Ukrayna müharibəsi bu il bitə bilər?

- Rusiya-Ukrayna müharibəsi Qərbə də təsirsiz ötüşmür. Çünki bu məsələlərdə itirən həm də Qərb və Avropadır. Amma bu ilin sonuna qədər Rusiya-Ukrayna müharibəsinin bitəcəyi gözlənilmir. Nə Ukrayna, nə də Rusiya buna hazırdır. Ukrayna darmadağın olub və Rusiya daha çox ərazi işğal edib. Kreml hələ ki, dominant olaraq öz prinsiplərinin qorunub saxlanmasında maraqlıdır. Nə qədər qəribə səslənsə də, bu müharibənin bitməsi ilə bağlı məsələlərdə ilk etiraz edən Ukrayna Prezidenti Volodimir Zelenski olmuşdu. Çünki ona sui-qəsd edilməsi və devrilməsi ilə bağlı ehtimallar səsləndirilirdi. 

- Ötən günlərdə ABŞ Ukraynaya 60 milyard dollar yardım ayırdı. Ukrayna uğurlu əks-hücum əməliyyatları həyata keçirə bilərmi?

- Nəzərə alaq ki, 2023-cü ildə Ukraynaya olan dəstək 233 milyard dollar idi. Bu pulla heç bir uğura nail ola bilməyən Ukraynanın bundan sonra 60 milyardla nə isə edəcəyi də inandırıcı görünmür. O qədər yardımla daha çox ərazi və insan itkisi ilə üzləşən Ukraynanın bundan sonra nə qədər irəliləyə biləcəyi də şübhə doğurur. Hesab edirəm ki, məsələyə obyektiv və reallıq müstəvisindən baxsaq, daha məqsədəuyğun olar.

- Bəzi ekspertlər isə düşünürlər ki, ABŞ Ukrayna-Rusiya müharibəsini ya bitirərək, ya da donduraraq diqqətini Tayvanda başlaması gözlənilən müharibəyə yönəldəcək. Bu ehtimalı necə dəyərləndirirsiniz?

- Belə bir ehtimal var. Bu ehtimal real və gözləniləndir. Tayvan Çin üçün “qızıl yumurtlayan toyuq” kimidir. Nəzərə almaq lazımdır ki, dünyada istehsal olunan mikroçiplərin 60 faizi Tayvanın payına düşür. Buna görə də dünya ölkələri orada müharibə olmasını istəməz. Yəni müharibə nəticəsində Tayvanın Ukraynanın vəziyyətinə düşməməsi ilə bağlı addımlar atıla bilər.

Əvvəllər Rusiya bəzi ölkələri müdafiə edirdi, sonra isə geri çəkilirdi. İndi də eyni situasiyada ABŞ və Avropanı görürük. ABŞ və Avropa hansısa ölkəyə müəyyən qədər dəstək verərək geri çəkilir. ABŞ Yaxın Şərqdəki proseslərə indiyə qədər 9 trilyon dollar çox vəsait xərcləyib. Amma Əfqanıstan və İraqdan qaçdı.

Elmir Mustafa
“Cebhe.info”