Tural Abbaslı: “Deputat olmaq şansım var” - MÜSAHİBƏ

Tural Abbaslı: “Deputat olmaq şansım var” - MÜSAHİBƏ

“Deputatlığa namizədliyimi irəli sürəcəyəm”.

Bu sözləri AĞ Partiyanın başqanı Tural Abbaslı “Cebhe.info”-ya müsahibəsində deyib.

Müsahibəni təqdim edirik:

- Tural bəy, bu il ölkəmizdə keçiriləcək parlament seçkilərində namizədliyi gündəmdə olan partiya sədrlərindən birisiniz. Gözlənildiyi kimi deputatlığa namizəd olacaqsınız?

- Təbii ki, deputatlığa namizədliyimi irəli sürəcəyəm. Seçki ədalətli və demokratik olarsa, seçilmək şansım var.

- Hansı dairədən namizədliyinizi irəli sürəcəksiniz?

- İndiyə kimi 2 dəfə namizəd olduğum dairə var. Əvvəl 1 saylı Nəsimi seçki dairəsi adlanırdı. İndi isə 21 saylı Nəsimi-Yasamal seçki dairəsi adlanır. Yenə oradan namizədliyimi irəli sürmək fikrim var. İndiyə qədər həmin dairədə Məlahət İbrahimqızı şəksiz qalib olub. Yəqin ki, yenə də namizəd olacaq. Amma hələlik yekun qərarımız yoxdur. 

Mən namizədliyimi irəli sürəndə partiyanın seçki qərargahının fikrini də nəzərə almağa məcburam. Çünki seçki kampaniyasını onlar aparacaqlar. Onlar namizədliyimi haradan irəli sürməyimin daha məqbul olacağı barədə məsləhət verəcəklər.

- AĞ Partiyanın neçə üzvü deputatlığa namizəd olacaq?

- Hazırda partiyamızda bununla bağlı iş gedir. 125 məntəqənin hamısını əhatə etməyə çalışırıq. Əslində, bu, çox çətin işdir. Çünki həm kadrların tapılması çox önəmlidir, həm də bunun təşkilatı və maddi tərəfləri var. Yəni 125 dairəni əhatə etmək olduqca ağırdır. Hətta partiyaların indiki vəziyyəti ilə 2-3 dairəni belə tam əhatə etmək çox çətindir. Buna baxmayaraq, hər yerdə namizəd irəli sürmək istəyirik.

- Bəs onların neçəsinin seçilmə ehtimalı olduğunu düşünürsünüz?

- 125 dairəni əhatə etməyə çalışırıq, amma neçəsinin irəli sürülməsinin mümkünlüyünü zaman göstərəcək. Ən azından 80-dan çox dairədə namizəd irəli sürməyə çalışacağıq. Bir çoxunda iddialıyıq. İnanıram ki, demortatik seçki olsa, 35-40 deputat seçilə bilər. 

- Ümumiyyətlə, AĞ Partiyanın seçkilərlə bağlı hədəfləri nələrdir?

- Biz mübarizəmizi aparacağıq, fikirlərimizi vətəndaşlarla bölüşəcəyik. Çalışacağıq ki, vətəndaşların etimadını doğruldaq. Biz bilirik ki, 125 namizədin hamısı seçilməyəcək. 

Lakin həmin dairələrdə yaşayan insanların da AĞ Partiyanı tanımasını və onlara çıxış imkanımızın olmasını istəyirik. Yəni seçkilər partiyalarla vətəndaşlar arasında ünsiyyət şansı və dialoq mühiti yaradır. Biz də bu şəraitdən maksimum istifadə etməliyik. 

Həmçinin, AĞ Partiya olaraq bir seçkiyə hesablanmış partiya olmaq istəmirik. Zamanın şərtləri daxilində bir müddət yaranıb, sonradan tarixin arxivinə getmək də olmaz. Biz Azərbaycanda köklü, oturuşmuş və ən azından 25-30 ildə öz siyasi xətti və yeri olan partiya olmaq niyyətindəyik. Bu istiqamətdə işlər görürük. Ona görə də taktiki qısamüddətli deyil, strateji uzunmüddətli hədəflərimiz var. Yəni seçkilərdə maksimum şəkildə iştirak etmək istəyirik. 

Elmir Mustafa
“Cebhe.info”