Uşaqlar niyə kriminal dünyaya meyil edirlər? - MÜSAHİBƏ
Son illər uşaqlar və yeniyetmələr arasında kriminal hadisələrə və şiddətə maraqları artır.
Elə ki, “oğru dünyası”nda tanınan şəxsləri özlərinə kumir kimi qəbul edirlər.
Psixoloqların fikrincə, uşaq və yeniyetmələrin kriminala meyil göstərməsinin səbəblərindən biri də düzgün istiqamətdə maarifləndirilməməkdir. Buna səbəb TV proqramlarda qətl, bıcaqlanma və digər kriminal xəbərlərin çox yayılması da göstərilir.
Sözügedən məsələ ilə bağlı psixoloq Rəsmiyyə Qurbanova “Cümhuriyət”-ə müsahibə verib. Müsahibəni təqdim edirik.
- Rəsmiyyə xanım, gənclərin zorakılığa, qətlə maraq göstərməsinə səbəb nədir?
- Belə deyə bilərəm ki, indiki dövrdə gənclərə təsir göstərən əsas faktor sosial şəbəkələr və televiziyadır. Sosial şəbəkədə hadisələrin açıq -aydın şəkildə qabardılması iradəsi zəif olan gənclərə bir növ ilham mənbəyi kimi gəlir. Düşünür ki, əgər o bacarırsa, mən niyə bacarmıram?! Təbii ki, bunu əksər gənclərimiz müsbət yox, mənfi yöndə edir.
- Uşaqlarım kriminal aləmdə tanınan bəzi personajları özünə kumir seçməsi bu səbəbdən qaynaqlanır?
- Uşaqların kriminala meyilli olmasının səbəbi cizgi filmlərində olan şiddət səhnələri, həmçinin bəzi TV proqramlarının onların psixologiyasına mənfi təsiridir. Valideynlər də “uşağım ağlamasın, sakit qalsın” deyib telefonla onu susdurmağa çalışırlar. Hesab edirlər ki, uşaq sakit qalarsa, valideynin başı dinc olar. Amma əksi olur, uşağa nə qədər ziyan verdiklərindən xəbərləri olmur. Nəticədə uşağın ilkin tərbiyə mərhələsində bünövrəsi pozulur.
- Məktəblər uşaqların inkişaf etməsində nə qədər önəmli rol oynayır?
- Məktəb uşağın sosial həyata, cəmiyyətə ilk atdığı addımdır. Məktəbdə tanıdığı çevrə, gördüyü münasibət onun inkişafı üçün müsbət nəticədir. Yeni dostluqlar, yeni mühit - bunların hər biri onun sosial həyata atılması üçün müsbət amildir.
- Uşaqları tam sağlam böyütmək, formalaşdırmaq üçün nədən başlamalıyıq?
- Hər bir uşaq dünyaya göz açdığı andan etibarən fərd sayılır, lakin şəxsiyyət olaraq formalaşması üçün müəyyən zaman çərçivəsində düşüncəsi və şüuru inkişaf etməlidir. Uşaq dünyaya gələndə beyni ağ kağız kimi olur. Onu hansı mühitə daxil etsən, həmin mühitə asanlıqla uyğunlaşacaq. Sözümün əsası ondandır ki, uşağın sağlam böyüməsi üçün əsas faktor sağlam ailə mühitidir. Ailə təməli nə qədər sağlam olarsa, uşaq bir o qədər sağlam şəkildə və normal tərbiyə ilə böyüyəcək.
- Uşaqları daha çox hansı sahəyə yönəltmək lazımdır?
- Mənim düşüncəmə görə, uşağın hansı sahəyə marağı olarsa, ona yönəlməlidir. Məcburi sürətdə hansısa ixtisasa yiyələnmək həmin gəncin gələcəkdə sadəcə ay sonu gələcək maaşını düşünməsi ilə keçən boş zaman itkisi olacaq. Uşağın sevdiyi, hansısa xüsusi qabiliyyəti olan sahəyə yönəlməsi, onun həyatına təsir edəcək qərarın verilməsi sadəcə valideynlərin öhdəsinə buraxılmamalıdır.
- Sonda valideynlərə nə tövsiyə edərdiz?
- Tövsiyəm odur ki, övladları ilə öz yaşadıqları dövrü müqayisə etməsin, ümumiyyətlə, övladlarını kimlərinsə övladı ilə heç müqayisə etməsin. Çünki bu uşağın gələcəkdə özünü əksik hiss etməsinə, başqalarının yanında susqun olmasına gətirib çıxarır. Övladlarınıza hər şeyi səbr və təmkinlə izah edin, düşüncələrinə hörmətlə yanaşın. İmkan verin ki, uşaqlar öz gələcəklərini uşaq ikən müəyyən edə bilsinlər.
Həsən Məmmədov
"Cebheinfo.az""