Xaqani Cəfərli: "İranın son addımları Rusiya ilə razılaşdırılıb" - MÜSAHİBƏ

Xaqani Cəfərli: "İranın son addımları Rusiya ilə razılaşdırılıb" - MÜSAHİBƏ

Ermənistandan Qarabağa qanunsuz hərbi ləvazimatların və silah-sursatın daşınması davam edir.

Qeyd edək ki, Müdafiə Nazirliyi məsələ ilə bağlı növbəti videomateriallar yayıb. Materiallarda Azərbaycanın Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı kontigentinin bölmələrinin müşahidəsi altında qeyri-qanuni erməni silahlı dəstələri gecə vaxtı və dumanlı hava şəraitindən istifadə etməklə Xankəndi-Xəlfəli-Turşsu torpaq yolu ilə öz döyüş mövqelərinə canlı qüvvə, silah-sursat, mina, eləcə də yanacaq, su, ərzaq və digər maddi-texniki təminat vasitələri daşımaları əks olunub.

Nazirliyin məlumatına görə, Xankəndi-Xəlfəli-Turşu torpaq yolu istiqamətində Rusiya sülhməramlı kontingentinə məxsus 1 ədəd "ZTR-82A" döyüş maşını, ermənilərə məxsus 3 ədəd "URAL" və üzərində yanacaq çəni olan "KamAZ" avtomobilinin, ümumilikdə beş hərbi nəqliyyat vasitəsinin kolonda hərəkəti nazirliyə məxsus texniki müşahidə vasitələri tərəfindən qeydə alınıb.

Nazirlik rus sülhməramlılarının müşayiəti ilə hərbi daşımaların həyata keçirilməsinin üçtərəfli bəyanatın müddəalarının kobud şəkildə pozduğunu və bunun qəbuledilməz olduğunu bildirib.

Ermənistan hakimiyyətinin və erməni separatçılarının son hərəkətləri, o cümlədən rus sülhməramlı kontigenti rəhbərliyinin onların qanunsuz və çirkin əməllərinə göz yumması qanuni ərazilərimizdə yeni məkrli siyasi oyunların planlaşdırılmasını, yəni təxribat xarakterli hərbi toqquşmalara doğru addımların atıldığını işarə edir.

Politoloq Xaqani Cəfərli Cebhe.info-ya müsahibəsində regionda hazırki siyasi proseslərin arxasında duran bir sıra önəmli məqamlara aydınlıq gətirib.

-Xəqani müəllim, son proseslər artıq onu göstərir ki, həm Ermənistan, həm də qondarma rejim Qarabağda genişmiqyaslı təxribat xarakterli hərbi toqquşmalara hazırlaşır. ümumiyyətlə, hər ikisi Qarabağda bu kimi əməllərə əl atmaqla nə məqsəd güdürlər, hədəf nəyə söykənib?

-İstər Ermənistan ərazisində, istərsə rus sülhməramlılarının müvəqqəti nəzarət etdiyi ərazilərimizdə ermənilərin genişmiqyaslı təxribatlara hazırlaşması qənaətimcə inandırıcı deyil. Ermənistanda ağılı başında olan hər kəs bilir ki, Ermənistan ordusunun Azərbaycanla yeni müharibə aparmaq imkanları yoxdur. Bəli, İkinci Qarabağ müharibəsindən əvvəl Ermənistan Azərbaycan ərazisinin çox böyük bir hissəsini işğal altında saxlayıb, həmçinin digər ərazilərimizə də təhdid yaradırdı. İndi isə vəziyyət dəyişib. Ermənistan ordusu heç bir vəchlə Rusiya sülhməramlı kontigentinin nəzarəti altında olan ərazilərimizdə döyüşlər apara bilməz.

Çünki Qarabağın bütün dağlıq hissələri faktiki olaraq, Azərbaycan Ordusunun əhatəsindədir. Bu ərazidə hərbi toqquşmalara cəhd erməni silahlı birləşmələrinin məhv olmasına gətirib çıxara bilər. İkincisi də Ermənistanın özündə Azərbaycanla növbəti müharibəyə hazırlaşmaq üçün hərbi və iqtisadi imkanlar yetərli deyil. Ən azı 15 və ya 20 il keçməlidir ki, Ermənistan ordusu müharibə vəziyyətinə hazır ola bilsin. Ola bilər ki, Rusiya və ya hər hansı siyasi qüvvə Ermənistanı təxribatlara təhrik etməklə Azərbaycana təzyiq etsin. Amma bütövlükdə Ermənistanda ağılı və düşüncəsi yerində olan hər kəs çox yaxşı bilir ki, hazırki vəziyyətdə Azərbaycanla müharibə Ermənistan üçün faciəli ola bilər.

-Rus sülhməramlıları Qarabağda təhlükəsizliyin zamini olduğu halda nəyə görə ermənilərin təxribat xarakterli planlarına göz yumurlar?

-Rusiya bölgədə münaqişənin həll olunmasında maraqlı deyil. Ona görə də ermənilərin təxribatlarına daima göz yumacaqlar. Rusiya XİN rəhbəri Sergey Lavrovun irəli sürdüyü təşəbbüslər də görsədir ki, Moskva, həqiqətən münaqişənin nizamlanmasını istəmir, daha doğrusu bu münaqişənin dondurulmasının tərəfdarıdır, məqsəd isə istənilən vaxt kənardan müdaxilə etməklə münaqişənin yenidən alovlanmasına şərait yaratsın. Kremlin Qarabağda apardığı siyasət faktiki olaraq, hazırda yaranmış vəziyyəti dondurmaq və onu bir müstəvəyə keçirərək, yəni Kosovo və Donbas nümunələri əsasında ərazilərimizdə siyasi proseslərə yol açmaqdan ibarətdir. Bu da ölkəmizin ərazi bütövlüyünü və gələcək təhlükəsizliyini zərbə altına almaq üçün çox təhlükəli bir zəmindir. Rusiyanın Qarabağla bağlı təşəbbüsləri Azərbaycanın öz əraziləri üzərində tam nəzarətinin bərqərar edilməsinə qarşı yönəlib.

-Belə ehtimal etmək olarmı ki, Ermənistan hakimiyyəti birbaşa İranın və Fransanın təhriki ilə Qarabağda vəziyyəti gərginləşdirir?

-Bunu xatırlatmaqla çox doğru etdiniz. Bildiyimiz kimi, İranın da regionda maraqları var. İran Azərbaycana qarşı təxribatları artırmaqla bərabər özünü Ermənistanda Rusiyadan daha öncə ermənilərə yardıma gələ biləcək tərəf kimi göstərməyə başlayıb. Lakin bu təsadüfü deyil. İran heç bir zaman Cənubi Qafqazda Rusiyanın razılığı olmadan, hətta Moskvanın birbaşa göstərişi olmadan fəal şəkildə hər hansı addım ata bilməz. Hesab edirəm ki, İranın Cənubi Qafqaz siyasəti Rusiyanın Qafqaz siyasətinin bir əlavəsidir. Ona görə də İranın regionda fəallaşması erməniləri daha ürəkli hərətkət etməyə sövq edir. Rusiyadan fərqli olaraq, İran rejimi Azərbaycana qarşı açıq-aşkar hədələyici və təhdidedici bəyanatlara və davranışlara yol verir. Amma Azərbaycanda və digər ölkələrdə çox gözəl bilirlər ki, İranın Cənubi Qafqazla bağlı son addımları Rusiya ilə razılaşdırılıb.

Çox güman ki, bu, bəlkə də, üçtərəfli və ya dördtərəfli planlaşdırılan əməliyyatdır. Burada, həmçinin Fransa da iştirak edir. İsrail mətbuatında dərc olunan analitik məqalələrdə qeyd olunur ki, Fransa İranla birlikdə Cənubi Qafqazda Azərbaycan, Türkiyə və İsrailə qarşı bir cəbhədə birləşib. İsraildə analitiklər və təhlilçilər çox aydın görürlər ki, Fransa İran və Rusiya ilə birlikdə Qarabağ məsələsində eyni mövqeyini bölüşür. Bölgədə sabit vəziyyətin qorunub saxlanılmasında, eləcə də Azərbaycanın ərazi bütövlüyünün tam təmin edilməsində maraqlı olmayan qüvvələr var. Həmin qüvvələr də əsasən Rusiya, İran və Fransadır. Həmin qüvvələr də şübhəsiz ki, Ermənistanı Azərbaycana qarşı maşa kimi istifadə edirlər. Bu qüvvələr hər zaman Ermənistan üzərində Azərbaycana qarşı təzyiqlərini davam etdirəcəklər.

-Ermənistan hakimiyyəti Qarabağda və Laçında beynəlxalq faktlaşdırıcı missiyanın yerləşdirilməsi ilə bağlı dəfələrlə bəyanatlar səsləndirir. Bu məsələni tez-tez gündəmə gətirir. Sizcə, İrəvanın Qarabağ məsələsində son addımları buna hesablana bilər?

-Qarabağda və Laçın dəhlizində beynəlxalq missiyanın, yaxud hər hansı Avropa dövlətinin və ya Avropa İttifaqının nəzarəti altında sülhməramlı kontingentinin yerləşməsi bütövlükdə Azərbaycanın maraqlarına cavab vermir. Çünki bu, münaqişənin tam həllinə münasib deyil. Münaqişənin tam həlli o zaman mümkün olacaq ki, Ermənistan Azərbaycana qarşı ərazi iddialarından imtina edəcək və Azərbaycan ərazisində yaşayan ermənilər separatçılıq niyyətlərindən əl çəkərək, ölkəmizin qanunları çərçivəsində yaşayacaqlar. Əks halda münaqişə davam edəcək. Doğrusu, istər faktlaşdırıcı missiya, istərsə sülhməramlı qüvvələr, istərsə də vasitəçilər olsun, bunlar münaqişənin tam həllinə yox, daha çox ayrı-ayrı dövlətlərin maraqlarına xidmət edirlər. Yaxşı olardı ki, Azərbaycan Avropa İttifaqından kənar, xüsusilə ABŞ-Britaniya cütlüyünün Ermənistanla gedən sülh prosesinə cəlb olunmasına çalışsın.

Çünki hər iki dövlət regionda münaqişəli ərazilərin qalmasının əleyhinədir. Biz başa düşməliyiq ki, Rusiya, Fransa və İranın əsas hədəfləri Azərbaycanın güclənməsinin və Ermənistanın zəifləməsinin qarşısını almaqdır. Bütün bunlar Azərbaycanın digər təşəbbüslərə yönəlməsinə imkan yaradır. Azərbaycan diplomatiyası ABŞ və Britaniyanın sülh prosesində aktivliyinin artırılması üçün çalışmalıdır. Onu da əlavə edim ki, Rusiya-Ukrayna müharibəsi başa çatandan sonra Ukraynanın da sülh prosesində rolunun artacağını şübhə etmirəm. Ukraynanın regionumuzdakı proseslərə reaksiyası yalnız Azərbaycanın xeyrinə ola bilər.

Yunis Abdullayev
Cebhe.info