Bakıda 1 dollar almaq istəyirsinizsə: Vəsiqənizi əlinizdə hazır tutun, yoxsa... - REPORTAJ

Bakıda 1 dollar almaq istəyirsinizsə: Vəsiqənizi əlinizdə hazır tutun, yoxsa... - REPORTAJ

Azərbaycanda 2015-ci ildə devalvasiya baş verəndən sonra sərbəst valyuta satışı qadağan edilib.

Vətəndaşlarımız banklardan xarici valyuta, xüsusilə dollar alarkən hələ də müəyyən məhdudiyyətlə üzləşirlər. Belə ki, Mərkəzi Bankın banklara göndərdiyi yazılı təlimatı əsasında bir sıra məhdudiyyət tətbiq edilir. Qeyri-rəsmi məlumatlara əsasən, Azərbaycanda hər bir vətəndaş 1 il boyu şəxsiyyət vəsiqəsi təqdim etmək şərtilə maksimum 10 min dollar ala bilər. Mərkəzi Bankın tətbiq etdiyi məhdudiyyətlə yanaşı, bankdaxili qaydalarla da tənzimlənən qadağalar var.

Belə ki, Ffiziki şəxs banklardan 1 dollar belə alanda ondan mütləq şəxsiyyət vəsiqəsi tələb ounur. Halbuki, bir fiziki şəxsin şəxsiyyət vəsiqəsi təqdim etmədən ala biləcəyi xarici valyuta 500 dollar müəyyənləşib.

Sadəcə, 1 dollar almaq üçün xüsusi prosesə, şəxsiyyət vəsiqəsinə ehtiyac varmı və bu hansı qaydayla tənzimlənir?

Cebhe.info-nun əməkdaşı 1 dollar alarkən hansı qaydalarla rastlaşacağını öyrənmək üçün bir neçə banka baş çəkib.

Ölkənin böyük banklarından olan “Kapital bank”da 1 dollar almaq üçün mütləq şəxsiyyət vəsiqəsi təqdim etməlisiniz. Bankın nümayəndəsi məbləğdən asılı olmayaraq xarici valyuta, xüsusilə dollar alan hər kəsdən şəxsiyyət vəsiqəsinin tələb olunduğunu deyib. O, əvvəlki ilərdə 500 dollara qədər valyuta alanlara belə bir tələbin qoyulmadığını vurğulayıb. Son illərdə hər kəsdən şəxsiyyəti təsdiq edən sənədin istənildiyini qeyd edib. “Kapital bank”da bir dolların satış qiyməti 1,7020 AZN-dir.

“Yapı Kredi Bank”da da qayda eynidir. Şəxsiyyət vəsiqəni təqdim edirsən, satışı göstərən çeki imzalayıb, 1 dolları alırsan. Burada dolların satış qiyməti isə 1,7025 AZN təşkil edir. Bankdan bildirdilər ki, 1 dollara görə şəxsiyyət vəsiqəsinin təqdim edilməsi daxili qaydayla tənzimlənir. Bank nümayəndəsi il ərzində fiziki şəxsin yalnız 11700 dollar almaq imkanının olduğunu bildirib.

“Muğanbank”da isə vəziyyət bir az fərqlidir. Bir dollar alacağımızı biləndə əvvəl satışı vəsiqəsiz həyata keçirmək istəsələr də, sonra zənglə dəqiqləşdirib şəxsiyyət vəsiqəsiz mümkün olmadığını qeyd etdilər. Bunun hansı qayda ilə tənzimləndiyini isə heç bir bank işçisi konkret bilmir.

Görünən odur ki, digər banklarda da proses bu cür həyata keçirilir. Amma bunun səbəbi hamıya naməlumdur. Çünki hazırda Azərbaycanda xarici valyutaya olan tələbatın ödənməsində hansısa problem yoxdur. Dünya bazarında neftin qiyməti də yüksək həddədir. Statistik və rəsmi olan məlumatlara görə, bu il yanvar-aprel ayında Azərbaycanın idxalı 4 milyard 40 milyon 527.97 min dollar, ixracı 11 milyard 823 milyon 376.95 min dollar təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə ixracın həcmində 85,8 faiz, idxalda isə 14,5 faiz artım olub.

Günay Şahmar
Cebhe.info