Bakıda ölüm qoxuyan məkan: Güllələnmə otağından REPORTAJ

Bakıda ölüm qoxuyan məkan: Güllələnmə otağından REPORTAJ

İnsanı keçmişlə üz-üzə qoyan məkan tarixi muzeylərdir.

Keçmişlə üzləşməksə həmişə xoş təsir bağışlamır. Bir sözlə, keçmişi özündə qoruyan tarixi məkanlar xatirələrdən yayınanların, keçmişlə üzləşmək istəməyənlərin yeri deyil. Çünki muzeylərdə tanış olduğun eksponatların yaranma səbəbi, qəribə, keşməkeşli insan talelərinin izi səni həm də öz keçmişinə yaxınlaşdırır. Bu gün ziyarət etdiyimiz muzey də həmin qəbildəndir.

İnsan taleləri, yarımçıq qalan ömürlər, ölümə məhkum olunmuşlar… Söhbət Dövlət Sərhəd Xidmətinin tabeliyində fəaliyyət göstərən “Repressiya qurbanları” muzeyindən gedir. Bir neçə gün öncə muzeydən reportaj hazırlamaq üçün DSX-nin müvafiq şöbəsi ilə əlaqə saxladıq və təyin edilən vaxta yollandıq muzeyə.

Ölüm qoxulu muzey…

Muzeyin girişində qısa müddətlik keçmişə dönmək istəyən gənclər də vardı. Bizi muzeyin rəisi Mirabbas Məmmədov qarşıladı. Bələdçimizin rəhbərliyi ilə zirzəmidə yerləşən muzeyə keçirik. Muzeyin ab-havası, yarıqaranlıq, yarıişıqlı otaqların divarlarından boylanan günahsız və tanış simalar, bir sözlə, muzeyin özü ölüm qoxurdu. Həmsöhbətimiz binanın 1878-ci ildə ticarət məqsədilə tikildiyini bildirdi. Milyonçu Hacı Hacıağa Dadaşovun şəxsi mülkü olan bina ikimərtəbəli, kvadratşəkilli tikilib. 1925-ci ildən etibarən Azərbaycan Fövqəladə Komissiyası bu binada fəaliyyət göstərib. Daha sonra binanın daxilində NKVD-nin (Xalq Daxili İşlər Komissarlığı) həbsxanası yaradılıb. Muzeydə repressiya qurbanlarına aid fotoşəkillər, həmin dövrə aid sənədlərin surətləri, müəyyən simvolik kompozisiyalar, həbsxana işgəncəsini üzərində daşıyan yorğun, günahsız insan maketləri yer alıb. Belə kompozisiyalardan biri haqqında sürgün qərarı çıxmış insanların özləri ilə götürdükləri çantalardan yaradılıb. Çanta həmişə yola işarədir, buradakılar isə yolun sonuna, birdəfəlik gedişə göstərir…

Eyni zalda daha bir kompozisiya “ümid işığında” adlanır. Kameralara zəncirlənən insanların qapıdan sızan işığa uzanan çəlimsiz əllərini əks etdirir. O işığa hamı eyni ümidlə göz diksə də, təəssüf ki, bəzilərinin son gördüyü işıq olub…

Eyni dəhlizdə həbsxana geyimindəki məhkumun ümidsiz gözlərinə günahsızcasına baxmaq olmur. Çiyinlərində bir yük, qəlbində bir ağrı hiss edirsən. Bu hiss etdiklərinin günahsız insanlara kömək edə bilməmək ağrısı, çarəsizlik olduğunu dərk edirsən.

Gözlərini yayındırırsan…

Gözlərini sənədlərə dikirsən. “Danışan sənədlər” adlı lövhə var. Bu lövhədə repressiyanın həyata keçirilməsinə dair sənədlərin surətləri verilib. Həmin sənədlərdə SSRİ-yə daxil olan ölkələrdən neçə nəfərin sürgün və güllələnəcəyi haqqında məlumatlar əks olunub. Muzeyin rəhbəri bildirdi ki, 1937-ci ildə qəbul edilmiş həmin sənədə əsasən, Azərbaycanda avqustun 5-dən başlayaraq 4 ay ərzində 1500 insan güllələnməli və 3750 nəfər sürgün olunmalı idi:

“Mircəfər Bağırov digər respublika rəhbərləri kimi Stalinə məktub yazır ki, planı yerinə yetirmişik, lakin bizdə yenə güllələnməli və sürgün olunmalı insanlar var. Bizə əlavə olaraq 2 min nəfəri də repressiyaya məruz qoymağa icazə verməyinizi xahiş edirik. Bu xahişdə repressiya olunacaq insanların hamısının güllələməli olduğu bildirilirdi. 31 yanvar 1938-ci ildə bu xahiş təmin olundu”.

“Danışan sənədlər” lövhəsinin yanında bir başqa lövhə repressiyaya məruz qalmış azərbaycanlı hərbi xadimlərə həsr olunub. Həmin xatirə lövhəsində həm Azərbaycan Xalq Cümhuriyyəti dövründə xidmət etmiş generallar, həm də sovet Azərbaycanının hərbçiləri haqqında fotoşəkillər, məlumatlar və tarixi sənədlər yer alıb. Digər lövhə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən 1920-ci ildə xaricə göndərilmiş tələbələrə həsr olunub. Almaniyada, Fransada, İtaliya və Tükiyədə təhsil alıb ölkəyə dönən 56 təhsilli vətəndaşlarımızdan 38-i repressiyaya məruz qalıb. Onlardan 7-si güllələnib. Beləcə min bir əzabla qurulan Cümhuriyyətin planladığı işıqlı gələcək qaranlığa qərq olub…

Başqalarının “günah”ına qurban gedənlər

Digər lövhədəki yazılar və fotolar siyasi repressiyaya məruz qalmış qadınlara həsr edilib. Qadınlar həmişə başqalarının günahının cəzasını çəkib. Belə absurd qərarlardan biri də “xalq düşməni” kimi güllələnən şəxsin həyat yoldaşının məhkəməsiz, mühakiməsiz səkkiz il sürgün olunması idi. Şəxsin 3 yaşına qədər övladı yaxın qohumlarına, 3-15 yaş arası uşaqlar isə uşaq evinə verilirdi. Bu cür sürgün olunan qadınlar üçün Qazaxıstanda Akmola vilayətində qısa adı ALJİR adlı (“Akmolinskiy laqer jen izmennikov rodinı” – Vətən xainləri qadınlarının Akmola düşərgəsi) olan xüsusi düşərgə yaradılmışdı. Bələdçimiz deyir ki, hazırda o düşərgə ərazisində repressiya muzeyi fəaliyyət göstərir. Güllələnən qadınlardan beşi haqqında isə muzeydə həm foto, həm də qısa məlumat göstərilib. Bu qadınlar Xədicə Qayıbova, Mədinə Qiyasbəyli, Nemət Məlikova, Panfiliya Tanailidi və Ayna Sultanovadı. Tanınmış şair Əhməd Cavadın həyat yoldaşı Şükriyyə Axundzadənin də adına rast gəlinir. Nemət Məlikova qardaşı güllələndiyi üçün güllələnib. Ayna Sultanovanın həyat yoldaşı və qardaşının adı güllələnən insanlar siyahısındadır. Panfiliya Tanailidi aktrisa olub, Milli Dram Teatrının səhnəsində rol alıb, özünün məktubu var, işlətdiyi adi ifadə dövlət əleyhinə ifadə kimi qiymətləndirərək həbs edilib və haqqında güllələnmə əmri çıxarılıb. Sürgün həyatında nələrlə rastlaşan, nələrə qatlanan qadınları düşünərək digər lövhəyə yaxınlaşıram.

Muzeydə yer alan başqa bir lövhə dahi dramaturq Hüseyn Caviddən bəhs edir. 1939-cu ildə haqqında həbs qərarı çıxan şair 1941-ci ildə sürgündə vəfat edib. Arxivdən əldə edilmiş sənəddə şair özü Mircəfər Bağırova müraciət edərək, özünə və yaradıcılığına qarşı təqiblərin olduğunu, xəstə və yorğun yazıçını düşünməyi xahiş edib. Lakin Hüseyn Cavid də digər aydınlarımız kimi repressiyanın qurbanı olub. Keçmişin ağırlığı və çarəsizliyi üstümüzdə dəhlizə çıxırıq. Burada haqsız həbslərə etiraz əlaməti kimi divara həkk olunan heykəllər var. Muzeydə kitabxanada da var. Kitabxanadan tələbələr istifadə edə bilərlər. Orada repressiyaya məruz qalan soydaşlarımızın bəzilərinin şəxsi işləri saxlanılır.

Başqa bir otaq isə “Kars” adlanır. Otaqlar qaranlıqdır, ölümə məhkum olunmuşlar formal olan məhkəmələrdə müstəntiqə istədikləri cavabı vermədikdə bu otaqlara salınıb. Ac-susuz nəm otaqlarda qalıblar. Divarlarda zəncirlər də var.

Muzey rəhbəri tək kameraların qapılarının həqiqətən həmin dövrdən qaldığını deyir. O bildirib ki, muzeydə bəzi əşyalar tam o dövrə aid olmasa da, qapılar həmin qapılardır. Aydınlarımızın, ziyalılarımın əllərinin, barmaqlarının toxunduğu, lakin həmişəlik üzlərinə bağlanan qapılar…

Muzeyin ən dəhşətli otağı isə “güllələnmə otağı”dır. Otağa daxil olarkən ilk olaraq həkim geyimində insan maketi qarşımıza çıxır. Həkim ölüm hökmü yerinə yetirildikdən sonra şəxsin öldüyünü təsdiq edirmiş. Güllələnənləri naməlum yerdə dəfn ediblər. Otaqda güllələnməyə hazır insan maketini muzey ziyarətçiləri də, biz də nakam şairimiz Mikayıl Müşfiqə bənzədirik.

Sonda muzeyi ziyarət etmək istəyənlər üçün muzeyin iş qrafiki öyrənirik. Muzey həftənin beş günü, saat 8:00-dan axşam17:00-dək fəaliyyət göstərir. Muzeyə baş çəkmək istəyənlər istəklərini öncədən bildirməlidirlər.

Muzeyin xatirə dəftərinə ağır keçmişin canına hopdurduğu boğuq qoxunu, ölüm ağırlığını üstümdən atmaq məqsədilə Mikayıl Müşfiqin bu şeirini yazıram:

“Ah, mən gündən-günə bu gözəlləşən
İşıqlı dünyadan necə əl çəkim?
Bu yerlə çarpışan, göylə əlləşən
Dostdan, aşinadan necə əl çəkim?”

Həyatdan məcburi şəkildə əl çəkənlərin ruhuna sayğılarla…

Günay Şahmar
Cebhe.info