Göylərə açılan qapı: Dünyaya meydan oxuyan Əskişəhər möhtəşəmliyi - I YAZI

Göylərə açılan qapı: Dünyaya meydan oxuyan Əskişəhər möhtəşəmliyi - I YAZI

Bu səfər başqa səfər idi... İndiyə qədər ən müxtəlif səbəblərlə-gəzmək, müalicə, təhsillə bağlı Türkiyəyə getsəm də, bu dəfə təəssüratım tam başqa oldu.

Bir daha anladım ki, Türkiyəni dünya sivilizasiyalarının qovuşduğu məkan adlandıranlar haqsız deyillər. Burada çox şeyi bir arada görmək olar- qədimlə müasirlik bir-birinə o qədər qarışıb ki, ayırmaq mümkün deyil, amma seyr edib zövq almaq mümkündür. Yetər ki, yolunuzu buradan salasınız, onsuz da heç azalmayan problemləri arasında bu gözəllikləri görüb dünyanın dünənini bu gün görüb gələcəyi təsəvvür edəsiniz.

Biz də səyahətimizə adı kimi qədim, köhnəliklə yeniliyin sintezinin ən yaxşı nümunələrindən biri Əskişəhərdən başladıq.

Göylərə açılan əl

Bu şəhərin hər küçəsində, hər evində, hər daşında tarix yatır. Ayaq basdığınız hər yer “Sən mənim barəmdə nə bilirsən?” deyə soruşur. Əlbəttə, müasir texnologiya sayəsində istənilən yer haqqında istənilən məlumatı öyrənmək cəmi iki dəqiqənizi alacaq, amma bu şəhərdə keçirdiyiniz hər saat dünyada yaşadığınız ömrə unudulmaz xatirələr yazacaq. İndi seçim sizindir...

Bu şəhərdə özünüzə verəcəyiniz birinci sual “Haradan başlayım?” olacaq. Gəzməli, görməli o qədər gözəl yerlər, tarixi abidələr, mədəniyyət və incəsənət nümunələri var ki, sıralamada hansının əvvələ, hansını sonraya saxlamaq qərarı vermək belə çətindir.

Biz, yəni Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin "Go Türkye" proqramı çərçivəsində bu ölkədə səfərdə olan Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Bosniya, Rumıniya jurnalistləri Sivrihisardakı Ulu Camidən başladıq. O yerdən ki, orada türk-islam mədəniyyəti Bizans ənənəsini də içinə alaraq ortaya həm gözəl mədəniyyət abidəsi, həm də insana hüzur verən məkan çıxarıb. Burada hər küncdə yüzilliklərdən gələn tarix ev sahibidir, ehtiyatla gəzmək, ayağını ehmalca basmaq, əlini əzəmətli taxta dirəklərə üsulluca sürtmək kifayətdir ki, qədimdən gələn səs içinə hopub dünyaya daha da gözəl gözlərlə baxmağa sövq etsin.

Əgər bunu indiyə qədər etməmisinizsə, mütləq edin. Tarixə yolçuluq insanda qəribə bir duyğu yaradır, əgər bu həm də bir türk tarixidirsə, böyüklüyünün fərqində olacasınız. Mən bu hissi Bakıda, İçərişəhərin qala divarlarına əlimi hər sürtdüyümdə təkrar-təkrar yaşayıram.

Eyni hiss, eyni duyğu, fərli məkan... Kim bilir bu camidə kimlər Tanrıya əl açıb, kimlər Tanrıdan mədəd umub, kimlər Tanrıya təşəkkür edib, kimlərin duası qəbul olunub...

Bu məsciddəki kitabələr keçmişdən bu günə körpüdür, toxunsanız, özünüzü bir an da olsa o qədimliyin düz ortasında hiss edəcəksiniz. Biz də belə hiss etdik, həm də bu hissi təkcə məscidi ibadət yeri, Tanrıyla təkbətək söhbətdə özünə yeganə şahid tutan müsəlmanlar deyil, tarixin bu qədim möhtəşəmliyinə heyran olmuş xristian həmkarlarımız da yaşayırdı. Kimsə danışmazdı, əgər peşəmizə görə həm də sual vermək məcburiyyətində olmasaydıq, sadəcə susar və içəridəki o rahatlığı ruh halımıza köçürmək üçün daha çox zaman qazanardıq. Amma bir də peşəmizin məcburiyyətləri var, öyrənməli, öyrəndiklərimizi başqalarına da çatdırmalıyıq.

Sivilizasiyaların birləşdiyi yer

Öyrəndik ki, Anadolunun ən böyük ağac dirəkli məscidlərindən biri olan olan Ulu Cami 1274-cü ildə Mövlana Cəlaləddin Ruminin müridlərindən və I I Qiyaseddin Keyxosrovun naiblərindən olan Eminəddin Mikayıl tərəfindən tikdirilib. Fatih Sultan Mehmet dönəminin din xadimi, İstanbulun ilk qazısı Xızır Bəy bu camini l440-cı ildə məsləhət görüb. 1485 kvadratmetrlik bir ərazidə tikilən məscidin tavanını düz 67 taxta dirək saxlayır.

Bu dirəklərdən altısı müxtəlif motivlərlə bəzədilib. Sivilizasiyaların birləşdiyi yerdir bu dirəklər, üzərində hətta Bizans dönəminə aidmotivlərdə var. Məscidin minbəri isə əsl sənət əsəridir. Əl işlərini xorasanlı İbn Məhəmməd bizə yadigar qoyub, məscidə getsəniz, onun da, məscidi tikdirənlərin də, orada dua edənlərin də ruhuna bir salam göndərin.

Məscidin sağ və sol qanadı üzərində kitabələr var. 4 giriş qapısı olan məcidin minarəsinin 1409-cu ildə Osman oğlu Hacı Həbib tərəfindən tikdirildiyi də bu kitabələrdə yazılır. Sivrihisar Bələdiyyəsinin müraciəti ilə məscid 2016-cı ildə UNESCO-nun “ümumdünya irsi”nin müvəqqəti siyahısına daxil edilib.

Həyatını toxuyan əl

Məscidin döşəməsində dünyaca məşhur Sivrihisar kilimlərinin örnəkləri möhtəşəmliyə elə bir gözəllik qatır ki, gözlərinizi çəkə bilməyəcəksiniz. Əgər bu kilimlərin daha başqa örnəkləri ilə tanış olmaq istəsəniz, yolunuzu Sivrihisar Kilim Muzeyindən salın.

Bəlkə onları kilim adlandırmaq da doğru deyil, onlar həyatını kilim xanası arxasında keçirən sənətkarın iç dünyasıdır, uzun illər keçsə də, o, öz dünyasından bizim dünyaya olan sevgisini o qədər canlı, o qədər rəngarəng ötürüb ki, hər ilməsində o həyatı hiss etmək mümkündür.

O kilimlər hər biri bir həyatdır. Onu toxuyan şəxsin həyatı...

Bu muzey qədim türk mədəniyyəti və çağdaş sənətin harmoniyasını gözlərimiz qarşısına sərir. 600 kvmetrlik sahədə iki mərtəbəli muzeydə toxuma və satış yeri, 2 sərgi salonu və 42 sərgi sahəsi var. Hər kilimə o qədər ehtiyatla yanaşılır ki,hər bir ilməsi tarixi yaşadan o kilimlərin hələ uzun-uzun illər tariximiizn carçısı olacağı şəksizdir. Bəlkə 100 il sonra bu muzeydə olan kimsə bir kilimin qarşısında dayananda, ürəyindəki təlatümləri ilmələrlə bizim həyatımıza köçürən qadını gözündə canlandırmağa çalışacaq. Bəlkə də tarix o zamanlar daha qiymətli olacaq.

O tarixi bu dünyaya əmanət edənlər də o zaman daha dəyərli olacaq...

Odunçu bazarındakı qəzetçi Əli

Bu tarixlə qol-boyun olmuşkən, yolunuzu Əskişəhərin mərkəzindəki Odunçu bazarından salın. Əslində, Əskişəhər deyiləndə sıralanan ilk yerlərdən biridir Odunçu bazarı.

Öz qədimliyi ilə bu gün də müxtəlif ölkələrdən gələnlərin, eləcə də yerli turistlərin ən çox axın etdiyi yerlərdən biridir. Odunçu bazarı da 2012-ci ildə UNESCO-nun “ümumdünya irsi”nin müvəqqəti siyahısına daxil edilib. Bura ayaq basar-basmaz gözləriniz qarşısında rəngarəng evlər, o evlərin pəncərəsindən süzülən işıq könlünüzü oxşayacaq. Bu səmtin adının qəribəliyini soruşsanız, ətrafdakı istənilən yerli sakin sizə böyük həvəslə cavab verəcək.

Bizim suallarımızı isə bələdçimiz böyük həvəslə cavablandırdı. Kənddəki insanlar şəhərə satmağa gətirdikləri odunları məhz bura daşıyırmışlar. O zamandan etibarən bu səmtin adı belə alıb. Burada hər kəsin zövqüncə olacaq gəzməli məkanlar var-qədim evlər, muzeylər, türbələr. Ən maraqlısı bu tarixi evlər restavrasiya edilərək şəhər sakinlərinin həm də dolanışıq mənbəyinə çevrilib.

Təsəvvür edin ki, qədim bir evdə yerə sərilmiş kilim üzərində çay və ya qəhvə içmək insana zövq verməzmi? Hələ gözləriniz qarşısında tarixə açılan rəngarəng bir mənzərə canlanırsa, o an üçün Tanrıdan istəyəcəyiniz daha başqa nə ola bilər ki?

Odunçu bazarının evləri arasında qəzetçi Əlinin evini gəzmək bir həmkar kimi mənə xüsusi zövq verdi. Evdə kiçik bir muzey yaradılıb, maraqlı, diqqətçəkən, Osmanlı tarixini canlandıran eksponatlar var.

Əslində burda hər küçədə tarix görmək mümkündür. O tarix insanı təkcə özünə cəzb etmir, həm də möhtəşəmliyi ilə dünyaya sanki meydan oxuyur.

Bunlar Əskişəhərdə görə biləcəklərinizin ancaq cüzi bir hissəsidir, siz oxuduqca, mən ardını yazacağam. Birlikdə gəzək, görək, qürurulanaq...

Elnarə Kərimova, Türkiyə, Əskişəhər
Cebhe.info