Möhtəşəmliyin əski üzü: Bunu görmək üçün Əskişəhərdən gözəl məkan? - II YAZI 

Möhtəşəmliyin əski üzü: Bunu görmək üçün Əskişəhərdən gözəl məkan? - II YAZI 

Ötən yazımda qeyd etmişdim axı, bu səfər tamam başqa səfər idi.

O qədər başqa idi ki, Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin "Go Türkiye" proqramı çərçivəsində 5 ölkənin jurnalistləri gördüyümüz hər gözəllikdən sona qədər zövq almağa fürsət tapmamış başqa bir gözəlliklə qarşılaşırdıq. Başqa sözlə, Əskişəhərdə gözəllik gözəlliyə qarışmışdı. Gördüklərim barədə növbəti düşüncələrimə keçməzdən əvvəl bir müşahidəmi bölüşmək istərdim.

Çe Gevara burada...

Əskişəhər o qədər sakit, eyni zamanda, dolu bir şəhərdir ki... Şəhərin küçələrində xüsusilə qızlara dəstək, onların hərtərəfli inkişafına yönəlik tədbirlər həyata keçirən fondların, birliklərin ofislərinə rast gəlmək olar. Görünən odur ki, gənclər burada özlərini daha rahat hiss edirlər. Hətta küçədə müasir gənclərin sevimlisi Çe Gevaranın rəsminin çəkildiyi divarı görmək də ayrı bir sürpriz oldu...

Şəhərdəki ən maraqlı məkanlardan biri Odunbazarı Modern Muzeyə (OMM) gedərkən yolda xarici ölkələrdən olan həmkarlarla da məhz bu sakitliyi, hüzuru müzakirə etdik. Qarşıda bizi fərqli məkan, şəhər əhalisi arasında da, bütün Türkiyədə də əsasən OMM kimi tanınan muzey gözləyirdi. Muzeydə bizi Əskişəhərin mədəniyyət və turizm idarəsinin rəhbəri Şənnur xanım Azadə qarşıladı. Veriləcək suallar çox idi, cavablar da hazırdı.

Hətta sözarası Qazaxıstandan olan həmkarım Nurəddən bəy şəhərdə sahibsiz itlərinin çox sakit gəzib dolaşmasından təəccübünü gizlətmədi.

Bildirildi ki, yerli səhiyyə idarəsi sahibsiz heyvanların peyvəndlənməsinə diqqət ayırır və onlar ətraf üçün heç bir təhlükə doğurmadan sakitcə öz həyatlarını yaşaya bililər.

Qədimlik içindəki müasirlik - OMM

Növbə OMM-dəki qəribəlikləri izləməyə gəldi. Muzey bəldəçisi əvvəlcədən xəbərdarlıq etdi ki, bütün eksponatlara baxmaq, hər biri haqqında qısa da olsa məlumat vermək üçün bizə bir neçə saat belə yetməz. Ona görə də proqram nəzərə alınaraq sürətləndirilmiş təqdimata üstünlük verildi.

Muzeyin binası belə içəridə maralı nələrinsə olacağını söyləyirdi. Başqa sözlə, ilk siqnalı muzey binasını görərkən aldıq, növbə eksponatlara çatanda hətta təəccübümüzü gizlədə bilmədik. Adı qədər qədim bir şəhərdə - Əskişəhərdə bu qədər modern sənət əsərinin bir muzeydə toplanması olduqca maraqlı idi və hətta müasir sənətdən o qədər anlayışı olmayan mənim kimi birini belə qarşısında dəqiqələrlə ayaq saxlamağa məcbur edəcək əsərlər vardı.

Şənnur Azadə bölgənin turizm potensialı, mədəniyyət obyektləri, yerli və əcnəbi turistləri bölgəyə cəlb edən tarix-mədəni abidələr barədə geniş məlumat verdi.

Muzey 7 sentyabr 2019-cu ildə ilk ziyarətçilərini qəbul edib. Tarixi evlər arasında yerləşən muzey əskişəhərli kolleksioner və memar Erol Tabanca tərəfindən açılıb. Müzeydə atelyeler, sərgi salonları, hətta kafe və müzey dükanı da var. 3 mərtəbəli bina 4500 kvm əraziyə sahibdir.

Müasir sənəti sevənlər bu qədər maraqlı əsərləri bir arada, eyni məkanda görmək istəyirlərsə, OMM-yə mütləq baş çəkməlidirlər. Muzeyin təkcə eksponatları deyil, binası belə maraq doğuracaq.

Osmanlı və yapon memarlığının modern sintezi olaraq ortaya çıxan binada “Marshmallow Laser Feast”ə ait sanal gerçəklik əsəri də sərgilənir. Odunbazarının simvollarından biri olan bu mezeydə yox yoxdur. Yəqin elə buna görədir ki, EMF (Avropa Müzey Forumu) tərəfindən 2021-ci ildə Avropada İlin Muzeyi mükafatları sahəsində xüsusi təqdirnaməyə layiq görülüb.

Həyat ağacı həyatın özündə - Əskişəhərdə

Burada rəsm, heykəl, hətta yeni media sənətinin örnəklərini bir arada görə bilərsiniz. Daimi kolleksiyada Nejad Melih Devrim, Jaume Plensa, Fahrelnissa Zeid, Marc Quinn, Canan Tolon, İnci Eviner, Erol Akyavaş, Burhan Doğançay, Erdağ Aksel, Julian Opie ve Gülsün Karamustafanın əsərləri sərgilənir. Bu əsərlər arasında qarşısında ayaq saxlayacağınız bir çox əsərin olacağına əminəm.

Burada hər şey var - həyat, sevgi, insanlıq, qadın hüquqları, uşağa sevgi və hətta ailə bağları. Sonuncunun örnəyi o qədər əzəmətli və gözəldir ki, üzərində xüsusi dayanmağa ehtiyac var.

Muzeydə birdən-birə gözləriniz önündə böyük bir ağacı canlandırın. Mən canlandırmadım, birbaşa gördüm. Bambuk sənətinin dünyaca məşhur ustası olan yaponiyalı Tanabe Chikuunsai OMM üçün özəl yaratdığı əsər elə ilk baxışdan özünə heyran edir. Ailə ənənəsi olan bambuk sənətini davam etdirən sənətkarın əl işinə nə qədər böyük sevgi verdiyini hiss etməmək mümkün deyil. Bu əsəri ancaq sənətə olan böyük sevgi ilə ərsəyə gətirmək olardı.

O sevgini isə sənətkarda Əskişəhər yaradıb. Təsadüfi deyil ki, usta sənətkar onu hazırlamağa başlamazdan əvvəl Əskişəhərin küçələrini gəzib, tarixi məkanlarına gedib, şəhərin keçmişini, bu gününü öyrənib. Ənənələrin nəsildən-nəsilə ötürülməsi onu elə heyran edib ki, əsəri ilə bu ənənələri dünəndən bu günə və gələcəyə ötürməyin mesajını verib.

Bunun üçün isə Əskişəhərdən daha yaxşı məkan təsəvvür etmək bəlkə də mümkün deyil.

Muzeylər şəhəri

Əskişəhər başdan-başa muzeylər şəhəridir - Qurtuluş muzeyi, Cümhuriyyət tarixi muzeyi, Karikaturalar muzeyi, Eti şəhər və köç muzeyi, Əskişəhər Muzeyləri Kompleksi, Müasir şüşə sənəti muzeyi, Yılmaz Böyükerşen balmumu heykəlləri muzeyi, Türk Dünyası Elm-Mədəniyyət-Sənət Mərkəzi, Eti arxeologiya muzeyi, Xan antik şəhəri, Şeyx Ədəbalı türbəsi, daha nələr, nələr...

Dədə Qorqud və Molla Nəsrəddin də qonaq qarşılayır

Əskişəhərdəki məşhur Odunbazarında Dədə Qorqud parkının olduğunu eşitmək isə həm də xoş oldu. 2014-cü ildə açılan park ziyarətçilərin çox olduğu məkanlardandır. Parkın içərisində Dədə Qorud hekayətlərinin simvolları və Dədə Qorudun heykəli var.

Həm bizim, həm də Özbəksitan və Qırğızıstandan olan həmkarlamız üçün başqa bir sürpriz isə ortaq xalq qəhrəmanımız, 13-cü əsrdə yaşamış Molla Nəsrəddin, yaxud Türkiyədə deyildiyi kimi, Nəsrəddin Xocanın abidəsidir.

1208-ci ildə Sivrihisarın Hortu kəndində doğulduğu rəvayətini burada hər kəsdən eşitmək olar. Konyada təhsil aldıqdan sonra doğma yerinə geri qayıtdığı və qazılıq etdiyi bildirilir. Bölgədə aparılan arxeoloji qazıntılar zamanı Molla Nəsrəddinə aid məzarın da qalıqları tapılıb. Molla Nəsrəddinin evi muzeyə çevrilib və hər ilin 3-10 iyun tarixlərində burada ona aid şənliklər düzənlənir.

Erməni yalanına daha bir sübut

Bu şənliklərə qatıla bilməsək də, Sivrihisar bölgəsinin mərkəzindəki erməni kilsəsini ziyarət etdik. Dünyaya qondarma soyqırım nağılı danışan ermənilər bu kilsədən bir daşın belə əskik olmadığını görəsən, necə izah edirlər? Qırmızı kəsmə daşlarla inşa edildiyinə görə Qızıl kilsə də adlandırılır.

Anadolunun ən böyük üç kilisəsindən biri olan Sivrihisar erməni kilisəsi 1650-ci ildə inşa edilib. 1876-cı ildə yanğından böyük zərər görüb.

1881-ci ildə restavrasiya edilən kilsədə hazırda ibadət mərasimləri keçirilməsə də, turistlərin üzünə açıqdır. Zatən əcnəbi turistlərin də ən çox gəldiyi yerlərdən biri buradır. İçəridə hazırda sənət əsərləri sərgilənir.

Rumıniyadan olan jurnalist həmkarlarımız üçün bu kilsəni bütün erməni yalanlarına rəğmən, bir daş belə əskik olmadan görmək də deyəsən, növbəti sürpriz idi. Görünür, bundan sonra erməni yalanlarına ən azından onları inandırmaq bir az çətin olacaq...

Saat qülləsi insana həm də sabahı xatırladır

Axşam saatları olmasına baxmayaraq, Əskişəhərə gedib bölgənin simvollarından olan Saat qülləsinə getməmək olmazdı. Əskişəhərdə görməli olduğunuz yerlər sırasında Saat qülləsinin öz yeri var. 1899-cu ildə Mahmut Bey tərəfindən tikdirilən qüllə yüksək qayalıq üzərində yerləşir. Səbəb bölgənin hər yerindən saatın görünməsi idi.

Qüllədəki saat həftədə bir dəfə qurulur və düyüdən hazırlanan bir toxmaq sayəsində hər saat çalır. Bizim də orada olmağımız məhz o saata təsadüf etdi. Bu, həm də sabah erkəndən daha bir gözəl bölgəyə Afyona gedəcəyimizin bir işarəsi idi...

Elnarə Kərimova, Türkiyə, Əskişəhər
Cebhe.info