Qayalara oyulan tarix: Afyondakı möhtəşəmlik əsəri

Qayalara oyulan tarix: Afyondakı möhtəşəmlik əsəri

Tarixə marağım böyükdür, tarixi əsərlər, filmlər həmişə maraq dairəmdə olub.

Ancaq gözünü bir anda tarixin düz ortasında açmağın verdiyi həyəcan tamamilə fərqli imiş. Bu hissi Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin dəvəti ilə 5 ölkənin ( Azərbaycan, Qırğızıstan, Qazaxıstan, Rumınya və Bosniya) mətbuat nümayəndələri üçün təşkil etdiyi “Go Turkiye” proqramı çərçivəsində səfər etdiyim Afyonda yaşadım. Bir anlıq gözlərinizi yumun və özünüzü eramızdan əvvəldə qayalıqların ortasındakı məbəddə hiss edin. Təsəvvür etməsi belə insana qəribə bir üşütmə verir, deyilmi? Bir də bütün bu antik tarixin bir addımlığında dayanıb əlinizlə ona toxunmağın mümkünlüyünü düşünün...

Qayalıqda başlayan və qayalıqda bitən tarix

Bundan əvvəl olduğumuz Əskişəhərdən yolumuzu Afyona saldığımızda qarşılaşacağımız mənzərə barədə təsəvvürümüz belə yox idi. Bəlkə də hansımızsa kitablardan nələrsə oxumuşduq, ancaq o möhtəşəm tarixin bir addımlığında dayanıb əsrlərdən gələn o gizəmi seyr etmək tamam fərqliydi. Bir anda gözümüz qarşısında ucsuz-bucaqsız qayalıqlar, o qayalıqlardakı insan məskənləri, məbədlər, evlər, məzarlar canlanır. Burada başlayan və burada bitən dövlət və insan ömrü...

Bunların heç biri hansısa tarixi filmin kadrları deyil, bunlar tarixdir, yaşanılmış və yaşayan tarix. Elə bir tarix ki, dünya bəlkə də onun varlığından hələ də xəbərsizdir. Bu qayalıqlar insanda vahimə qarışıq maraq yaradır.

Toxun və hiss et

Frigiya Türkiyənin Əskişəhər, Afyon və Kütahya vilayətləri sərhədləri daxilində, tarixi coğrafiya bölgəsində arxeoloji izlərin ən çox göründüyü dəyərli ərazilərdən biridir. Frigiya geoparkı turizm potensialına görə, bəlkə də Türkiyənin ən cəlbedici məkanlarındandır. Burda gözünüzün tuta biləcəyi hər yerdə qədim insan məskənlərinə, qədim dövlətçilik ənənəsinə rast gəlmək mümkündür. Kim bilir, bu qayalıqlar arasında hansı döyüşlərin əmri verilib, hansı hökmranların taxt-tacı silkələnib, hansı planlar qurulub...

İnsanlar burada yaşayıb, döyüşüb, dövlət qurub, vəfat edib, dəfn olunub... Eramizdan əvvəl 9-cu əsrdə bu ərazidə mövcud olan Frigiya dövləti barədə nə qədər istəsən məlumat almaq olar, ancaq o gizəmi gözlərinlə görmədən, o tarixə əllə toxunmadan o tarixi hiss etmək qeyri-mümkündür. Bələdçimiz deyir ki, vadini gəzə bilmək üçün 2-3 gün zaman lazımdır. Frigiya vadisi İkinci Kapadokya kimi də tanınır. Buradakı məbədlər, kilsələr, kral məzarları ərazinin frigiyalılar dönəmindən önəmli bir insan məskəni olduğunu söyləməyə əsas verir. Tarixi əsərlər daha çox Ayazini qəsəbəsi və ətrafındadır. Qəsəbəyə daha sonra baş çəkəcəyik, hələlik isə tarixin qədim Frigiya dönəminə səyahətimiz davam edir.

Frigiyalıların inancında ilk Tanrıça Ana mənasındakı Matar olub. Əfsanələrə görə, Tanrıça Matar qayalar arasına qoyulan bir məbəddə dəfn olunub. Bu ərazidəki bir çox qaya abidə, məhz onun adıyla yaradılıb. Hətta vəfat etmiş şəxsləri qayaları oyaraq ora qoyurdular. Bu məzar-otaqları başqalarından fərqləndirmək üçün Ana Tanrıçanın simvolu olan aslan heykəlləri ilə bəzəyirdilər.

Bacardıqca daha çox qayalıqlardakı məskənləri gəzmək istəyirəm. Bir də bu fürsət nə zaman düşəcək? üstəlik yanımızda Afyon Mədəniyyət və Turizm İdarəsinin müdiri Mehmet Tanır kimi ərazini yaxşı tanıyan, tarixini dərindən bilən biri varkən. Bu fürsəti dəyərləndirmək lazımdır. İdarə müdiri az qala hər qayalığın tarixini danışır, əsrlərə hökmranlıq etmiş qədim bir tarixi bir neçə saatda danışıb bitirmək mümkündürmü? Amma cəhd edir, bacardıqca daha çox şey anlatmaq istəyir, haqlıdır, bu tarixlə üz-üzə dayanmışkən zamanı boşa vermək olarmı?

Ayazini insanı-möhtəşəmliyin əsəri

Yol boyu hər biri özündə tarixin bir parçasını yaşadan qayalıqları seyr edirik. Yolumuz Ayazini qəsəbəsinədir, mən qəsəbədən deyim, siz tarixə səyahəti oxuyun. Adına zaman yolçuluğu da deyilə bilər, keçmişə yolçuluq da. Burada qayalıqların arasındakı evlərdə həyat adi axarında davam edir. İnsanlar sanki qədimliyin möhtəşəmliyini özlərində yaşadırmış kimi sakit görünürlər.

Bəziləri təbiətin və tarixin lütfündən yaranan fürsəti daha yaxşı yaşamaq üçün dəyərləndiriblər. Belə evlərdən birinə qonaq oluruq. Bu yerlərin ənənəvi yeməyi sayılan közdə bişirilmiş kartof və duza qoyulmuş xiyar turşusu gətirirlər. Əslində, həyatlarını da belə qazanırlar. Qədim bir dövlətin izlərini yaşadan məkanda, ocağın ətrafında jurnalist dostlarla və tarixin biliciləri ilə söhbətləşməkdən gözəl nə ola bilər ki? Gözüm evin üzərindəki güldana qoyulan xaşxaşa sataşır.

Deyəsən, mənim kimi digər həmkarların da gözündən yayınmayıb. Söhbət Afyon sözünün etimiologiyasına dayanır. Afyonun xaşxaş kapsullarından sızan mayenin qatılaştırılmasıyla əldə edilən və tərkibində morfin, kodein, papaverin, noskapin olan maddə olduğunu öyrənirik. Qədim frigiyalılar bu bitkidən məişətdə geniş istifadə edirdilər, hətta xəstələrin sağalmasında da ondan yararlanırdılar. Deyilənə görə, bölgə də adını, məhz buradan alıb.

Soyuq qayaları isidən insan nəfəsi

Afyona yolunuz düşərsə, Ayaziniyə mütləq və mütləq baş çəkin. Orada yaşayan qədim qayalıqlar kimi mətin insanlarla qarşılaşacaqsınız. Ancaq elə ilk söhbətdə nə qədər mülayim, qonaqpərvər olduqlarını görmək bir neçə dəqiqənizi alacaq. Bu kənd 1910-cu ildən Ayazini adlanır, frigiyalıların izini burda hər addımda hiss etmək də olar, görmək də. Erkən Bizans dönəmində qayalıqlar oyularaq insan məskəninə çevrilib. Yadıma nədənsə Güney Azərbaycandakı qaya evlərin məkanı-Kəndivan düşür. Bəzi evlər tək otaqlı, bəziləri yan- yana və ya üst-üstədir.

Bu evlərə çıxmaq üçün qaya pilləkənlər var, bəzilərində isə evin içində tunelə bənzəyən keçidlər hələ də qalır. İnsanlar bu evlərdə yaşayırlar, qədimliklə müasirlik iç-içə, dib-dibə gələcəyə gedir. Marağımı boğa bilməyib evlərdən birinin içinə boylanıram. Hava soyuqdur. Yağış yağır. İçəridən üzümə insanı rahatladan istilik yayılır. Soba qurulub, insan əli ilə əsrlər əvvəl oyulan qaya evlər yenə insan əli ilə isidilib. İçəridə yaşamaq üçün hər cür şərait var. Gözünü hər açıb-yumanda özünü eramızdan əvvələ məxsus bir məkanda hiss etmək necə bir duyğudur? Sualı ev sahibinə verməyi düşünürəm, amma tez də fikrimdən vaz keçirəm. Deyəsən, onlar üçün bu gizəm adi həyat tərzidir, ona görə də maraqlı baxışlarıma elə maraqla da baxır.

Öz- özümə düşünürəm ki, məhz bu ərazi turistlərin ən çox gələcəyi bölgələrdən biri ola bilər. Bu möhtəşəmliyin qarşısında kim duruş gətirə bilər ki? Kim ömründə heç olmasa bir dəfə bu qədim tarixlə iç-içə olmaq zövqündən vaz keçər? Necə ola bilər ki, dünya bu böyüklükdə tarixdən hələ də məhrum qalıb? İnternetdə kiçik bir araşdırma aparıram və məlum olur ki, Frigiya vadisini öyrənməyə çalışan həm yerli, həm də əcnəbi alimlərin sayı artır. Birgə layihələr icra olunur, tarixin elə o daş qayalıqlarda gizlətdiyi sirlər çözülür.

“Tanrı Anası”ndakı türk izi

Frigiya vadisində görməli olduğunuz bir məkan da Məryəm Ana Kilsəsidir (Oyma Kilsə). Tarixi eramzdan əvvəl 8 – 10-cu əsrlərə uzanır. Dünyada bənzəri demək olar ki, yoxdur. Adını “ Tanrı Anası “ anlamına gələn monoqramdan alıb. Oyma kilsə deyilməsinin səbəbi isə tək bir qayaya oyulmasıdır. Digər adı “Kafir hamamı”dır. Yaxın keçmişə qədər içərisində qazan qaynadılaraq hamam kimi istifadə edilib. Bu səbəbdən kilsənin divarları içəridən qara rəngə boyanıb.

Girişin yan divarında MP-OV hərflərindın ibarət bir yazı var. Bu hərflər yunanca “Tanrı Anası” anlamındadır. Kilsənin bizanslılardan qalma bir özəlliyi giriş dəhlizi və giriş bölümünün divarlarına qazınan, Türk boylarına aid damğalardır. Əfşar, Bayat və Eymir boylarına aid olan bu damgalar Anadolunun türk hakimiyyətinə keçdiyi dönəmlərin canlı şahididir. Yəni qarşımızda həm də qədim türk tarixinin canlı izləri var, onlara toxunmaq imkanı da elə Tanrı lütfüdür...

Elnarə Kərimova, Afyon, Türkiyə
Cebhe.info