Quruluşun və qurtuluşun şəhəri: Kütahyadakı Zevs məbədindən dünyaya baxış... - V YAZI

Quruluşun və qurtuluşun şəhəri: Kütahyadakı Zevs məbədindən dünyaya baxış... - V YAZI

Türkiyəni gəzmək, görmək, kəşf etmək üçün uzun müddət lazımdır.

Bu ölkəyə səfər zamanı qarşınıza hər an elə mənzərə çıxa bilər ki, təəccübdən nə edəcəyinizi bilməzsiniz. Eyniylə mənim Kütahyada düşdüyüm durum kimi...

Kütahya deyəndə çoxlarımızın ağlına əsasən reklam mətnlərindən eşitdiyimiz “Kütahya porselen” sözləri gəlir. Yəqin bizim kimi elə dünya da Kütahya məhz bu sözlərlə daha çox xatırlanır. Amma elə ilk səfərdəcə Kütahyanı tanımaq və sevmək üçün daha başqa-başqa səbəblərin olduğunu görəcəksiniz. Bu səbəblər o qədər çox, o qədər müxtəlifdir ki, bir qismini belə görməyə günlər lazımdır.

Quruluşun və qurtuluşun şəhəri

Şəhərin quruluş tarixi dəqiq məlum deyil. Bununla belə, miladdan 3 min əvvələ qədər uzanır. Buradakı torpaqlarda yaşayan ən qədim xalq frigiyalılardır. Milladdan əvvəl 1200-cü illərdə Anadoluya gələn bu xalq daha sonra Kütahya bölgəsində də məskən salmağa başladı. Uzun müddət əldən-ələ keçən Kütayha 1078-ci ildə Anadolu Səlcuqlu Dövlətini quran Kutalmışoğlu Süleyman Şahın hakimiyyəti altına keçdi. Daha sonra da dəfələlə əldə-ələ keçən Kütahya 1-ci Ələddin Keyqubadın zamanında, yəni 1233-cü ildə yenidən Səlcuqlu imperatorluğuna qaytarıldı. Osmanlıların dönəmində Sancaq mərkəzi olan Kütahya milli mübarizə illərində, 1921-ci ildə qərb cəbhəsinin məğlubiyyəti ilə Yunanıstanın işğalına məruz qaldı. Kütahyanın qurtuluşu 30 avqust 1922-ci ilə təsadüf edir.

Kütahyaya ayaq basar-basmaz eşitdiyim ilk söz “quruluş və qurtuluşun şəhəri” oldu. Şəhərin tarixi o qədər qədimdir ki, adam o qədimlikdə rahatlıqla qeyb olar.

Osman Qazinin beşiyindən asılan dünya

Burada nələr yoxdur ki? Şəhzadələr şəhəri, çini ve termal suların paytaxtı, mədəniyyət və sənət məbədi, quluruluş və qurtuluşun şəhəri olan Kütayhada frigiyalılardan Germiyanoğullarına, Çavdarhisar Aizanoi Antik şəhərindən Kütahya qalasına, dünyaca məşhur nağıl qəhrəmanı Ezopdan məşhur səyyah Övliya Çələbiyə qədər dünyada tanınır.

Kocatəpədə başlayan Başkomutan Meydan müharibəsinin zəfərlə bitdiyi Dumlupınar Kütahyanın bir rayonudur. 30 avqust 1922-ci ildə qazanılan bu zəfərdən düz 30 il sonra bölgədə Dumlupınar Şəhidliyi açılıb. Mərkəzə 58 km məsafədə yerləşən Çavdarhisar bölgəsi yerli və əcnəbi turistlərin böyük marağına səbəb olur. Burada 1926-cı ildə başlayan arxeoloji qazıntılar nəticəsində Aizanoi antik şəhəri tapılıb. Dünyada ilk stadionlu teatr, körpülər, olimpiadanın şərəf tribunası, dünyann ilk birjası, qayalardakı evlər...

Bunlar Kütayhada görə biləcəyiniz gözəllik və qədimliyin ancaq bəzi nümunləridir. Osmanlı imperatorluğuna gedən yolun üzərində yerləşən Kütayhadakı meşələr hansı tarixi hadisələrə şahidlik etməyib ki? Osmanlı imperiyasının qurucusu olan Osman Qazinin yatdığı beşik bu meşələrdəki ağacdan asılıb. Təəssüf ki, 750 illk bu ağac 1987-ci ildə qırılıb.

Qədim dünyanın ürəyi burada döyünür

Kütahyada “Go Türkiye” proqramının iştirakçılaır kimi getdiyimiz ilk tarixi abidə Aizanoi oldu. Qərbi Anadoluda mövcud olmuş qədim yunan şəhərinin dağıntıları indiki Kütahya yaxınlığındakı Çavdarhisar qəsəbəsində, Penkalas çayı sahilində, dəniz səviyyəsindən təxminən 1000 metr yüksəklikdə yerləşir. Roma dövründə şəhər mühüm siyasi və iqtisadi mərkəz idi.

O dövrdən qalan qalıqlar arasında Zevs məbədi və qeyri-adi birləşmiş teatr-stadion kompleksi var. Obyekt 2012-ci ildə UNESCO-nun ümumdünya İrsi Siyahısına daxil edilməsi üçün təqdim edilib.

Bölgədə Tunc dövründən bəri məskunlaşma olub. Şəhər öz adını frigiyalıların əfsanəvi əcdadlarından Arkas və pəri Eratonun üç oğlundan biri olan Azanın adından almış ola bilər.

Aizanoinin dağıntıları 1824-cü ildə Avropa səyyahları tərəfindən kəşf edilib. 1830-cu və 1840-cı illərdə aparılan tədqiqat işləri 1926-cı ildən etibarən Alman Arxeologiya İnstitutu tərəfindən hələ də həyata keçirilən sistematik qazıntılarla davam etdirilib.

2021-ci ilin yanvar ayında Pamukkale Universitetindən Dr. Elif Özerin rəhbərlik etdiyi arxeoloqlar ərazidəki dərənin yanında basdırılmış və təxminən 2 100 il əvvələ aid 651 Roma sikkəsini ehtiva edən küp aşkar etdiklərini açıqladılar. Tədqiqatçılar ərazidə ilk dəfə 2019-cu ildə küp aşkar etmişdilər. Küpdəki sikkələrin 439 ədədi denari (Qədim Romada gümüş sikkə), 212-si Kistofor, Perqama adi gümüş sikkə idi. Yaxşı qorunan pulların üzərində əsasən Sezar, Brut və Mark Antoni həkk olunmuşdu.

Zevs məbədi-möhtəşəmlik abidəsi

Bu əraziyə gözünüzü dolandırdığınız zaman qarşınızada, təpənin üstündə yerləşən Zevs məbədini görəcəksiniz.

Zevs məbədinin tikintisi miladdan sonra 2-ci əsrin birinci yarısında başlayıb. Arxitrav kitabəsinin son oxunuşuna görə, məbədin inşasına Domisianın dövründə başlanılmışdı. Zamanında bura şəhərin əsas müqəddəs yeri idi. Ərazidə aşkarlanmış seramik tapıntılar buranın eramızdan əvvəl III minilliyin birinci yarısından bəri yerli yaşayış məskəni olduğunu göstərir.

Daha sonralar təpəni ələ keçirən Çavdar tatarları məbəddə atlı və döyüş səhnələrini həkk etmişdirlər. Məbədin uclarında səkkiz, yan tərəflərində isə on beş sütun var. Məbəd 1970-ci il Gediz zəlzələsi nəticəsində zərər görsə də bərpa edilib.

Bir anlıq özünüzü tarixin tən ortasında hiss edə biləcəyiniz bir yerdir. Məbəd dağıntıların olmasına baxmayaraq, kənardan belə o qədər möhtəşəm bir təəssürat yaradır ki, gözlərinizi çəkə bilməyəcəksiniz.

Məbəd ümumilikdə 4 bölümdən ibarətdir. Zevs məbədinin altındakı məkana enirik. Əvvəllər məbədin üzərində olan Kibele büstü 1970-ci il zəlzələsində qoparaq düşüb və hazırda məbədin qarşısına qoyulub.

Ana tanrıça Kibele Anadoluda yenidən doğuşun, bərəkətin, təbiətin anası kimi qəbul edilir. Frigiya dönəmində qəbul edilen “Meter steunene” ait kült yeri olan qaya içinə oyulan mağara zəlzələ nəticəsində şöküb. Mağaranın üst hissəsinə Roma dönəmində torpaq və bərəkət tanrısı olan Kibelenin şəfərinə mərasimlərin düzənləndiyi qan çuxurları qazılıb.

22-27 mart ana tanrı Kibelenin oyanış zamanıdır, qədim türk mifologiyasında da bu tarix təbiətin oyanışı kimi Novruz bayramı olaraq qeyd olunur.

Rəvayətlərə görə, Kibelenin hüzuruna getmək istəyən şəxslər məhz 22-27 martda Kibelenin rahibindən görüş alardılar. Görüş saatında şəxs yanına bir buğa alaraq “Meter Steunene”ə gəlirdi. Ardınca Kibelenin rahibləri gəlir və şəxs qan çuxurunun içində oturur. Buğa kəsilir və şəxs onun qanında çimir. Beləliklə, qanda yuyunan şəxs uşaq kimi tərtəmiz olur və ancaq bundan sonra Kibelenin hüzuruna çıxa bilirdi.

Turistlərin ən sevimli məşğuliyyəti bu büstün qarşısında foto çəkdirməkdir. Biz də təbii ki, dünyanın ən qədim məkanlarından birində olduğumuzu foto ilə əbədiləşdirdik.

Hər addımda sivilizasiya

Ərazidə qladiatorların məzar daşlarından Frigiya məzar qalıqlarına qədər çox şey var. Pilləkənlərlə məbədin alt qatına enirik. Mükəmməl işıqlandırma ilə bu məkanda qədim, lap qədim tarixə şahidlik etmək mümkündür. Kütahya Mədəniyyət və Turizm İdarəsi əməkdaşlarının, bizimlə ərazidə görüşən arxeoloqların verdiyi məlumata görə, məbədin düz qarşısındakı kompleks milladdan sonra 2-ci əsrdə hazırlanıb.

Burada hətta hamam da var ki, suyu isitmə kanallarının olması sivilizasiyanın bu ərazilərdə lap qədimdən məskən saldığını göstərir. Hamamın içində soyuq və isti otaqlar var. Olduqca zəngin memarlıq xüsusiyyətləri ilə seçilir. Arxeoloqlar bildirir ki, burada bir çox qədim idman yarışlarının keçirilməsi üçün olduqca əlverişli şərait var.

Tibb tanrısı Asklepiosun qızı Hygieianın heykəli də burdadır. Kütahyanın bir bölgəsində sığınmış böyük bir dünya ilə tanışlıq insana qəribə bir həyəcan verir. Sanki dünyanın ürəyi burada döyünürmüş kimi...

Elnarə Kərimova, Kütahya
Cebhe.info