Şuşada əbədi həyat: Yaxud bir sandığın hekayəsi... 

Şuşada əbədi həyat: Yaxud bir sandığın hekayəsi... 

-Ay ev yiyəsi!

-Kimsən, a bala?

-Mənəm, nənə!

-Bıy, başına dolanım, gəlib çıxdınmı?

-Gəldim, nənə!

-Niyə belə gec gəldin, ay bala? Samovarı bəlkə 30 dəfə qaynatmışam...

-Yollar bağlıydı, nənə, açdıq, gəldim!

-Sən gələn yollara qurban olum, bala. Dədəni gördünmü? Gör nə vaxtdır gözü yollarda qalıb.

-Hardadır, nənə?

-Harda olacaq? Get tap gətir. Bazarın qabağına bax, olmadı, Saatlı məhəlləsinə bax, olmasa məcid ətrafına baş çək, tapa bilməsən Yuxarı məhəllədə axtar, orada da olmasa, Cuhudlar məhəlləsindəki dostuna dəyməyə getməliydi, orada da ola bilər. Hacı Qulunun imarətinin ətrafında da bu gün adam çox toplaşmışdı deyirlər, bir göz gəzdir, Dəmirçilər məhəlləsindəki dükana da gedəcəkdi.

Ay gəlin, sən də o sandıqdan cehizlik süfrəni çıxart, bu gün də sərməyib nə vaxt sərəcəksən?

****
Şuşada dolambac bir küçədə qapısı açıq, həyətini adam boyunda ot-ələf basmış, tavanı uçulub tökülmüş evdəki sandıqla ilk tanışlığım belə başladı.

Sahiblərindən əvvəl o sandığı gördüyüm, onunla söhbətləşib əlimi paslamış qapağına toxundurduğuma və 30 il gecikdiyimə görə utandım...

Gözüm gördüyü hər yerdə dağıntı vardı, o gözəl şəhərdə yaşamağa haqqı və mərifəti çatmayanların törətdiyi vəhşilik vardı, özlərindən sonra izlərini silmək o qədər də çətin olmayacaq, zatən keçici izlərdir, çünki bilirdilər ki, nə Şuşa, nə Qarabağın digər bölgələri onlar üçün əbədi məkan deyil, olmayacaq, ona görə də eləcə günlərini sovublar, başlarına uçacaq dama bir mismar çaxmağa belə mərifətləri çatmayıb. Bilmirəm, bu sandığın olduğu evdə də işğaldan sonra erməni yaşayıb, ya yox, amma görünən o idi ki, yaşasalar belə, adam kimi yaşaya bilməyiblər.

****

Şəhərlər, kəndlər heç vaxt mənim üçün müqqəddəs olmayıb, torpaq müqəddəsliyini şəhərlərə, kəndlərə köçürə bilməmişəm. Mənim üçün torpağın iyini aldığım yerlərdir müqəddəs, o torpaq uğrunda döyüşənlər, şəhid olanlar, canının bir parçasını qoyanlardır müqəddəs... Şuşada bunların hamısı var - torpağın iyi də, canını o torpaq üçün fəda edənlərin qanının qoxusu da. Bacardıqca daha çox küçəni gəzmək, daha çox evin qapısının açmaq, istəyirəm. Bəlkə də bağışlanmaq istəyidir bu. O evlərdəki ruhlar bizi bağışlayacaq, özümüz özümüzü bağışlaya biləcəyikmi?

ANAMA-nın “Minadan təmizlənib” yazılmış lövhələri bu imkanı yaradır. Canını ortaya qoyub işğalçıların özlərindən sonra qoyduqları minaları zərərsizləşdirib torpağın müqəddəsliyini bir daha ona qaytaranlara da bir təşəkkür borcumuz var...

****

Şuşanın hər küçəsinə həyat qayıdır. Yaşlı kişiləri bir-biriylə salamlaşan görəndə, gənclərin bir-biriylə hal-əhval tutduğuna şahid olanda bu şəhərin artıq düşmən tapdağında olmadığına inanırsan. Hər “salam” kəlməsi Şuşa üçün daha bir doğuluş deməkdir, küçələrdəki hər ayaq izi yenidən var olmaqdır.

Cıdır düzünə doğru yol alıram. üzüyuxarı qalxan daş döşəməli yolda bir qrup əcnəbi ilə qarşılaşıram. Turistlərdimi, beynəlxalq tədbir iştirakçılarıdırmı, bilmirəm. Amma onların Şuşanın divarlarına əlini sürtdükcə ağlayan insanlara qəribə baxışlarını görəndə zamanında ən müxtəlif dilləri öyrənmədiyimə görə özümə acığım tutur. Dillərini bilsəydim, göz yaşlarının səbəbini onlara anladardım. Anlayardılarmı? “Bəlkə də yox” deyib dilləri öyrənmədiyimə görə bir az əvvəl özümə olan qəzəbimi soyutmaq üçün bəhanə tapıram.

“İqtisadi və Sosial Araşdırmalara Yardım” İctimai Birliyinin (İSAY) həyata keçirdiyi “Biz Şuşanın səfiriyik” layihəsi çərçivəsində 37 ölkədən 44 nəfər əcnəbi tələbənin iştirakı ilə birlikdə Şuşaya getdiyimiz afrikalı tələbə gözlənilmədən elə burada, Şuşanın Cıdır düzünə qalxan yolunda həmyerlisini tapır.

Tanrının qismətinə bax... Bu boyda dünyada minlərlə kilometr yol gələsən və işğaldan azad edildiyini bəlkə də elə bu layihədə öyrəndiyin bir şəhərin dar bir küçəsində həmyerlini görəsən...

****

Cıdır düzünün girişində dağ boyda bir pəhləvan dayanıb. Biri də içəridə var-gəl edir. Güman ki, xüsusi təyinatlılardır. Əzəmətli qayalıqlarla üz-üzə dayanıram. Canımdan qəribə üşütmə keçir, vahimə də demək olar. Bircə anlıq ehtiyatsızlığın nəticəsinin nə ola biləcəyini, evdə qoyub gəldiklərimi düşünüb ayağımı geri çəkirəm. Hiss edirəm ki, yenə utanıram, özüm özümdən utanıram. O qayalılardan yaralı əsgər yoldaşını çiyninə alıb Şuşa torpağının müqəddəsliyini ona qaytaran oğulların axan qanının iyini hiss edib, bu dəfə bir anlıq qorxumdan utanıram...

Deyirlər ki, Xankəndi aşağıdadır. Bəlkə bir daş atsaq, aşağıdakı suriyalı, ya da livanlı Vazgenin başını yarar. Amma o yaradan axan qan Xankəndini çirkləndirər, yaxşısı budur, özləri dəf olub getsinlər, getməsələr, qəhrəman əsgərlərimiz o torpaqlara da müqəddəsliyi qaytarmağın yolunu bilirlər.

****

Zamandan istifadə edib dağıntıların arasında dolaşmaq istəyirəm. Salamat qalan divarlardakı yazılar o qədər də uzaq olmayan tarixdə bu torpaqda müharibə getdiyinə şahidlik edir. Bəlkə kömürlə yazılıb, ancaq mənim gözümə nədənsə qan rəngində görünür. Kimi salam yazıb, kimisi dostunun adını çəkib, kimisi sevgisini izah edib. Bəlkə yaza və düşünə bildikləri son sözlərdir bu yazılar...

Özlərindən sonra azad Şuşada qorxusuz gəzə bilməmizi həm də o yazılara borcluyuq. Düşmən Şuşada nə tarixi abidələri salamat buraxıb, nə yaşayış evlərini. Xan sarayını andıran tikiliyə yaxın getmək üçün ot-ələfin arası ilə yol alıram. Yanılmamışam, 30 ildir xan kimi dirəniş göstərən bina elə doğrudan da xana məxsus imiş. Otaqların sayı hesaba gəlməz.

Amma deyəsən, düşmən heç bir tarixi binada da insan kimi yaşamağa layiqli bir erməni tapa bilməyib. Dağıdıb, söküb, yağmalayıb, amma yaşamayıb. O binada yaşamaq üçün o ruha sahib olmalısan...

****

Su almaq üçün girdiyim marketdə 2 əsgərlə rastlaşıram. Səbətlərində uşaqların təbiriycə desək, “abur-cubur” var, kassada onların əvəzinə ödəməyi təklif edirəm, hiss edirəm ki, biri tərs-tərs baxır. Digəri daha mülayim baxışlıdır, təşəkkür edib, “hər şeyimiz var”ı elə deyir ki, gülümsəyirəm. Hər şeyləri olduğuna görə yox, bizim hər şeyimiz olduqlarına görə...

****

Marketin qarşısında balaca bir pişik balası var. Süd alıb vermək istəyirəm, kassadakı satıcı pişik üçün aldığımı anlayır, deyir ki, ehtiyac yoxdur: “Əsgərlər itləri, pişikləri özləri yemləyirlər. Görmürsüz, necə kökdür? Heç ac qalana oxşayır?”

Bundan sonra fikir verirəm, doğrudan da ac qalana bənzəmir, ayaqlarıma sürtünüb yemək istəmir, özü üçün genələ-genələ var-gəl edir. Sonra da marketin qarşısındakı yolla üzüaşağı getməyə başlayır. Arxasınca düşürəm, hiss edirəm ki, qarşıda nəsə var. Xeyli getdikdən sonra ağacların arasında gözümdən itirirəm, yaxınlıqdakı meydançanı ot-ələfdən təmizləyən qrupun yaşlı üzvü həyəcanla “Orada başqa bacı-qardaşları var, yaxın getməyin, dərədir, ayağınız sürüşər”, - deyə xəbərdarlıq edir. Aşağı boylanıram, dərə bəlkə də 30 ilin zir-zibiliylə dolub, təmizləmək lazım gələcək...

****

Şuşaya yavaş-yavaş axşam düşür. Bu, həm də qayıtmaq siqnalıdır. Qaranlıq düşmədən dolanbac yolları keçmək lazımdır. Yol boyu uzaqdakı işıqları sayıram, hər işıq bir həyat deməkdir... Bu torpaqlara həyat qayıdır... Əbədi həyat...

Şuşadan çıxanda haradansa yadıma uşaqlığımın son dönəmləri düşür. Müharibə yeni başlamışdı, Şuşada “Xarı bülbül” festivalı keçirmək mümkün olmamışdı, festivalı Şəkidə keçirmişdilər.

İlini dəqiq xatırlamıram, amma o festivalda rəqs kollektivinin üzvü kimi iştirakımı, hətta göy köynəkli italyanları da yaxşı xatırlayıram. Yadıma düşür, haradasa o festivalda çəkilən şəkillər olmalıdır, amma harda? Yaddaşım aydınlanır, Şəkidəki ata evimizdə, anamın köhnə sandığında...

Elnarə Kərimova
Cebhe.info