Yerin insana bəxş etdiyi möcüzə: Afyon bütün dünyanı başına toplayır - IV YAZI 

Yerin insana bəxş etdiyi möcüzə: Afyon bütün dünyanı başına toplayır - IV YAZI 

Türkiyə deyiləndə ağlımıza gələn ilk şey nə olur? Kimisi üçün istirət, kimisi üçün iqtisad inkişaf, kimisi üçün ləziz mətbəx, kimisi üçün qədim tarix...

Türkiyəyə budəfəki səfərimdə, yəni Mədəniyyət və Turizm Nazirliynin “Go Turkiye” proqramı çərçivəsində bir neçə ölkənin jurnalistləri ilə birlikdə bu gözəl və qədim ölkəni gəzərkən bir daha əmin oldum ki, getmək, gəzmək və görmək üçün çox-çox daha başqa səbəblər var.

Proqramın növbəti dayanacağı olan Afyonda qədim tarixlə yanaşı, sizi həm də müasirlik qarşılayacaq. Burada qədimliklə müasirlik bir-biriylə elə vəhdət təşkil edir ki, hansının harada bitdiyini, digərinin harada başlağını ayırd etmək mümkün deyil. Məsələn, tarixi minilliklərə dayanan Frigiya vadisindən birbaşa müasir Afyona daxil ola bilərsiniz. Görünür, indi dünyaya meydan oxuyan müasirliyin əsasını qoyan o qədim tarixi keçmiş hələ uzun müddət təməlləri möhkəm saxlayacaq.

Termal sular-Yerin insana bəxş etdiyi möcüzə

Afyon bütün dünyada həm də termal suları ilə məşhurdur. Onun haqqında “hər dərdə dərman” deyimi lap yerinə düşür. Bölgədə yerli və əcnəbi turistlərə yüksək səviyyədə xidmət göstərən termal otellər çoxdur. Xidmət səviyyəsi yüksək, qiymət münasib, faydası çox. İstirahətlə müalicəni bir arada yaşamaq istəyənlər üçün ən gözəl fürsət Afyondadır, qalır bircə onu dəyərləndirmək. Afyon termal suları revmatizm, qadın xəstəlikləri ilə yanaşı, nefrit, allergiya, dəri xəstəlikləri kimi bir çox məsələlərdə ən yaxşı yardımçınız ola bilər. Müalicə məqsədilə Afyona gedən insan oradan mütləq dərdinə dərman taparaq qayıdır. Otellərdə qarşılaşdığım və Afyona gəzmək, tarixə şahidlik etməklə yanaşı, həm də müalicə məqsədilə gələn insanların söylədikləri də bunu təsdiqləyirdi.

Min dərdə daərman Afyon suları

Məlumata görə, Afyon termal sularının tərkibindəki karbondioksid qan dövranını tənzimləyir və bu, bir çox sağlıq problemlərinin aradan qalxmasına təkan verir:

• Rematizm, qan dövranı xəstəlikləri,
• Fiziki reablitasiya,
• Qaraciyer və öd kisəsi xəstəlikləri,
• Mədə və bağırsaqlardakı spastik ağrılı sindromlar,
• Nevrit,
• Artroz,
• Dəri xəstəlkləri,
• Uşaq ekzemaları,
• Xroniki bronxit,
• Diabet,
• Artıq çəki,
• Qadın xəstəlikləri.

Afyonda termal su qaynaqları həddən artıq çoxdur. Təsislərin şəhər mərkəzinə yaxın ərazidə yerləşməsi isə turistlərin işini asanlaşdıran məqamdır. Bizans İmperatorluğu dönəmindən etibarən qaynaqları ilə məşhur olan bu bölgə ölkə və dünya miqyasında termal şəhər ünvanını qazanıb.

Qaynaq deyildiyində ağla gələn ilk bölgələrdən də məhz Afyon olur. Afyonun termal suları həm tərkibinin zəngiliyi, həm də yüksək dərəcəsi ilə fərqlənir. Afyonun su qaynaqları həm içməli su ehtiyacını aradan qaldırır, həm də müalicə məqsədilə istifadə olunur. Afyon su qaynaqları ilə bağlı hətta rəvayətlər də var. Bu rəvayətlərdən ən çox yayılanı Sen Mişelin suya üfləməsidir.

Burada qocalı-cavanlı hər kəsdən bu rəvayəti eşidə bilərsiniz. Frigiyalıların düzəltdiyi 6 böyük dirək üzərində yaradılan mərkəz Kral Midasın qızının yaralarını məhz bu su vasitəsilə sağaldılması rəvayəti də Afyonun məşhurluğunu bir az daha artırıb.

Məsələn, Afyonda frigiyalıların dönəminə qədər qədim bir tarixi olan Hüdai palçıq vannaları dünyada məşhurdur. Antalya yolunun 65-ci kilometrində yerləşən bu palçıq vannalarında suyun temperaturu 70 dərəcədir. Brom, sülfat, nitrat, nitrit, hidrofosfat, karbonat, bikarbonat kimi minerallarla zəngindir. Afyonda Heybeəlidə 50 dərəcə isti suya sahib olan bölgə Qızıl kilsə kimi də tanınır. Şəhər mərkəzinə 15 km məsafədə yerləşən Ömər su qaynağından çıxan suyun temperaturu 45 dərəcədir, 125 illik hovuzu xüsusilə uşaq iflicində xeyirlidir.

Gecək qaynağından çıxan su ortopedik problemlərin müalicəsində fayda verir. Tərkibində amonium, litium, sodium, potasium, kalsium, maqnezium, dəmir, alüminium, manqan, sin, titan, qurğuşun, brom, sülfat, nitrat, nitrit, hidrofosfat, karbonat, əlavə sərbəst kükürdlü hidrogen qazları da var.

Gəzib-gəzib bitirə bilməyəcəyiniz şəhər

Afyona getmişkən gəzəcək, görəcək çox yerlər var. Onlardan hamısına baş çəkmək üçün uzun zaman lazımdır, amma hamıs olmasa da, bəzilərini görmədən qayıtmayın. Gediləcək yerlər arasıda aşağıdakılar daha çox məşhurdur:

• Afyonqarahisar muzeyi, Afyon Zəfər muzeyi, Afyon Bolvadin muzeyi, Afyon Arxeologiya muzeyi, Cümhuriyyət Şəhidləri mavzoleyi və Anıtkaya Şəhidliyi,
• Synnada Antik şəhəri, Dokimaia Antik şəhəri, Apameia Antik şəhəri,
• Pentapolis,
• Göynüş Vadisindki açıq hava məbədi,
• Sarıçayır qaya məzarları,
• Avdalas qalası, Qarahisar qalası, Sandıqlı qala, Bayramalilər qalası,
• Mısri məscidi, Afyon Ulu məscid, Afyon İmarət məscidi, Ot bazarı məscidi, Türbə məscidi,
• Eğerli qaya kilisəsi,
• Yeddi qapı monastrı,
• Buzluq mağarası, Kurtini mağarası və İnsuyu Mağarası,
• Milli Park, Eber gölü, Ağşəhər gölü, Acıgöl,
• Firigiya vadisi.

Siyahını çox uzatmaq olar, çünki Afyon gəzib-gəzib bitirə bilməyəcəyiniz yerlərdəndir.

Heyrətamiz memarlıq: Məsciddə təbii mikrofon

Biz də jurnalist həmkarlarla Ayfonu az da olsa, gəzmək imkanı əldə etdik. Ulu məciddə ibadət vaxtına təsadüf etdi, qarşılaşdığımız maraqlı məqam isə məscidin həyətində dəstəmaz almaq üçün istifadə olunan bulaqların qəribə və bənzərsiz memarlığı oldu. Səfərdə bizi müşayiət edən Afyon valisinin köməkçisi Uğur Kolsuz bu maraqlı memarlıq abidəsi ilə yaxından tanış etdi.

Öyrəndik ki, buradakı sütunlar təbii mikrofondur, yəni bir sütuna söykənib pıçıltı ilə danışdığını qarşı tərəfdən asanlıqla dinləmək mümkündür. Məscidin inşa edildiyi dövrdə belə bir üstün zəka və bacarıq əsrlər sonra da heyrətləndirir. Bosniyadan olan jurnalist həmkarımız Senat özünü bu sütünlardan birinə söykənib azan verməkdən saxlaya bilmir. Ətrafa insana hüzur verən səs yayılır…

Əfsanəvi xəzinə bu qalada...

Ətrafa boylandıqda uzaqda böyük bir qala gözümüzə sataşır. Dağlar arasında yerləşən Afyon şəhərinin ortasındakı qala haqqında xalq arasında əfsanələr dolaşır. İki yüz metr yüksəliyindəki qalada müxtəlif sivilizasiyalara aid fiqurlar var. Qala haqqındakı əfsanələr təkcə Frigiya dövləti, yaxud Bizans İmperatorluğu ilə məhdudlaşmır. Burada hətta Həzrəti Əli, onun apardığı döyüşlərlə bağlı əfsanələr var. Bu əfsanələrdən ən çox yayılmışı qalada xəzinə saxlanılmasıyla bağlıdır.

Hətta xalq arasında gəzən söhbətlərə görə, qalanın içərisindəki gizli xəzinəni tapmaq üçün almanların, amerikalıların müxtəlif cəhdlər edib, ancaq xalq buna imkan verməyib.

“GastroAfyon” festivalının ünü dünyaya yayılır

Afyona səfərimiz həm də bu bölgə üçün əlamətdar günə- “GastroAfyon” adlandırılan qastronomiya festivalına təsadüf edirdi. Afyonun milli mətbəxini bütün dünyaya tanıtdırmaq üçün düzənlənən festival bu il sayca dördüncü olub. Festivalda milli təhsil naziri Mahmud Özer, vali Kübra Güran Yiğitbaşı, bələdiyyə başqanı Mehmet Zeybek iştirak edib.

Bu festivalda maraqlı çox şey görmək olar. UNESCO-nun siyahısındakı qastronomiya şəhərlərinin təmsilçiləri, dünyaca məşhur aşpazlar, qastronomiya yazarları, yerli və bizim kimi başqa-başqa ölkələrdən gələn mətbuat nümayəndələri vardı.

Afyonun bələdiyyə başqanı Mehmet Zeybekin sözlərinə görə, şəhər 2019-cu ildə UNESCO tərəfindən qastronomiya şəhəri kimi qeydə alınıb. Təsadüfi deyil ki, Afyonda 600-dən çox yerli mətbəx nümunəsi var. 32 nümunə artıq tanınıb, 31 nümunənin tanınması üçün müraciət edilib. ümumilikdə 99 nümunənin tanıdılması nəzərdə tutulur. Başqa qastronomiya şəhərlərindən fərqi isə yeməklərdə daha çox tərəvəzdən istifadədir. Gedin və dadına baxın, əmin olun ki, bəyənəcəksiniz...

Tarix, mədəniyyət, sənət və ləzzətin qovuşduğu şəhər

Mətbuat nümayəndələri ilə festivaldakı görüşündə Afyon valisi Kübra Güran Yiğitbaşı bölgənin tarix, mədəniyyət, sənət və ləzzətin qovuşduğu nöqtə olaraq xarakterizə etdi. Frigiyadan Osmanlıya, Milli Qurtuluş mübarizəsindən Cümhuriyyət tarixinə qədər əzəməti ilə ayaqda qalan Afyonda beynəlxalq festivalının keçirilməsi xüsusilə önəmlidir.

Festivalda qaşılaşdığımız mənzərə yerli və əcnəbi turistlərə təqdim edilən milli mətbəx nümunələrinin çoxçeşidliliyi, ləzzəti Afyonun qarşısına qoyduğu məqsədə-dünyada həm də qastronomiya şəhəri kimi tanınmaq məqsədinə çatmaq üçün önəmli yol qət edildiyini göstərir.

Afyonda şahidi olduqlarım onu deməyə əsas verir ki, bu şəhər öz termal suları, ləzzətli mətbəxi kimi, geniş yayılmış əl sənəti ilə də xarici bazara çıxmaq imkanına malikdir. Axşam olmasına baxmayaraq, jurnalist həmkarlarla birlikdə baş çəkdiymiz sexdə ustanın böyük şövqlə, yorulmadan gilə can verdiyini, gözlərimiz qarşısında torpağı gözəl bir sənət əsərinə çevirdiyini görmək də ayrıca zövq verirdi...

Elnarə Kərimova, Türkiyə, Afyon
Cebhe.info