ABŞ-nin Kursk planı: Nəyə hesablanıb?
"Rusiya Prezidenti Vladimir Putin danışıqlar masasına oturmağı qəbul etməsə, Ukrayna işğal etdiyi Rusiya ərazilərini özündə saxlayacaq".
Bunu Ukrayna Prezidenti Volodimir Zelenski Amerikanın "NBC News" telekanalına müsahibəsində bildirib.
Zelenskinin sözlərinə görə, Ukrayna bu ərazini özündə saxlayacaq, çünki bu, onun müharibəni bitirmək üçün "qələbə planının" tərkib hissəsidir.
O əlavə edib ki, bu təklifi ABŞ kimi beynəlxalq tərəfdaşlara təqdim edəcək.
"Hələlik buna ehtiyacımız var", - o, Ukraynanın hazırda özündə saxladığı Rusiya ərazisi haqqında deyib.
Eyni zamanda, Zelenski Ukraynanın daha çox Rusiya ərazisini ələ keçirməyə cəhd edib-etmədiyini müzakirə edə bilməyəcəyini bildirib.
"Bu barədə danışa bilmərəm. Bu, bizim Kursk əməliyyatımızın başlanğıcı kimidir. Düşünürəm ki, uğur gözlənilməzliyə çox yaxındır", - o bildirib.
Qeyd edək ki, Ukrayna ordusunun Rusiyanın Kursk bölgəsində mövcudluğunun davam edib-etməyəcəyi sual altındadır. Çünki qarşıdan payız-qış mövsumu gəlir.
Məhz qış mövsumunun sərt keçdiyi Rusiya ərazisində Ukrayna qoşunlarının irəliləməsi, hərbi əməliyyatları davam etdirməsi və qoşunların ərzaqla tədarükü qeyri-müəyyən olaraq qalır. Eyni zamanda Donbas istiqamətində Rusiya qoşunları bölgənin içərilərinə doğru irəliləyir.
Maraqlıdır, belə olan halda Ukrayna Rusiyanın Kursk vilayətində tutduğu əraziləri öz nəzarətində saxlaya biləcək?
Məsələ ilə bağlı politoloq Elçin Xalidbəyli “Cebheinfo.az”-a şərhində qeyd edib ki, Ukraynanın Kurskdakı hərbi birləşmələrinin mövcudluğu noyabrın 5-də ABŞ-də keçiriləcək prezident seçkilərinin nəticələrindən asılıdır:
“Əlbəttə ki, bu, Ukraynaya verilən hərbi dəstəkdən asılıdır. ABŞ və NATO Ukraynaya nə qədər güclü dəstək verərsə, Ukrayna ordusunun müqavimət potensialı o qədər də artacaq.
Ukrayna ordusunun Kurskdakı hərbi əməliyyatına gəlincə, bu əməliyyat müəmmalı bir əməliyyatdır. Bunun Ukrayna üçün strateji və taktiki baxımdan nə qədər faydalı olub-olmayacağı böyük mübahisə doğurur.
Öz ərazisini işğaldan azad etməməyə nail olmamış bir ölkənin ordusunun bir hissəsini Rusiyanın Kursk vilayətinə yönəldiblər. Hazırda Ukrayna hərbi birləşmələri Kurskun müəyyən ərazilərinə nəzarət edirlər. Bununla paralel olaraq, Rusiya ordusu Ukraynanın Donbas bölgəsində irəliləyir və bir sıra məntəqələri nəzarətə götürüb.
Bildirim ki, Kurskdakı əməliyyat Ukraynanın maraqlarından qaynaqlanan əməliyyat deyil. Sadəcə olaraq, bu əməliyyatı Bayden administrasiyanın maraqları tələb edirdi. ABŞ-də prezident seçkiləri ərəfəsində Demokratların prezidentliyə namizədi Kamala Harrisin təbliğatı üçün Kurskdakı əməliyyat uğurlu bir mövzu idi.
ABŞ cəmiyyətində təbliğ edirlər ki, Vaşinqtonun dəstəyi ilə Ukrayna ordusu Rusiya ərazisinə girib və Rusiya biabırçı vəziyyətə düşüb. Məzh ABŞ və NATO rəhbərliyinin təlimatları əsasında Ukrayna hərbi birləşmələri Rusiyanın Kursk vilayətinə müdaxilə edib.
Bu, Bayden administrasiyasının seçki maraqlarına xidmət edən düşünülmüş bir plandır. Ona görə də Kurskdakı Ukrayna ordusunun taleyi noyabrın 5-də ABŞ-da keçiriləcək prezident seçkilərində kimin prezident seçkilməsindən sonra məlum olacaq.
Əgər Kursk ABŞ üçün öz əhəmiyyətini itirərsə, onda Ağ Ev Zelenskiyə təlimat verəcək ki, Kurskdan qoşunlarını geri çəksin. Yox, əgər ABŞ Ukrayna qoşunlarının Kurskda qalmasını məsləhət bilərsə, buna uyğun Zelenskiyə təlimat veriləcək”.
Yunis Abdullayev
“Cebheinfo.az”