ATƏT-in Minsk qrupunun bundan sonrakı taleyi necə olacaq?

ATƏT-in Minsk qrupunun bundan sonrakı taleyi necə olacaq?

Bu gün Qarabağın qondarma rəhbəri Samvel Şahramanyan 19 sentyabr 2023-cü ildən sonra regionda yaranmış vəziyyətlə əlaqədar “dövlət idarə və təşkilatlarının buraxılması barədə” sənəd imzalayıb.

Bildirilir ki, bütün dövlət idarə və təşkilatları 1 yanvar 2024-cü ilə qədər buraxılsın və "Dağlıq Qarabağ Respublikası" özünün fəaliyyətini dayandırır.

Vaxtilə Azərbaycan dövlətçiliyinə təhdid edən separatçı rejim təmamilə sıradan çıxaralacaq.

Bununla da 30 il ərzində xalqımıza saysız-hesabsız fəlakətlər yaşadan Qarabağ münaqişəsi tarixə qərq oldu. Tezliklə Azərbaycan Qarabağ iqtisadi rayonuna daxil olan - Ağdərə, Xocalı, Xocəvənd və Xankəndi üzərində öz suverenliyini və nəzarətini daha da möhkəmləndirəcək. Həmin ərazilərdə ölkəmizin icra strukturları və hüquq-mühafizə orqanları fəaliyyət göstərəcək.

Xatırladaq ki, hazırda siyasi gündəmin mövzusundan çıxan bir qurumun da ləvğ edilməsinə zərurət yaranıb. 30 il öncə, yəni 1994-ci ildə ATƏM-nin Budapeşt sammitində Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi üçün yaradılan ATƏT-nin Minsk qrupudur. Doğrusu, ATƏT-nin bu institutu İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun erməni işğalçıları üzərində qələbəsindən sonra faktiki olaraq fəaliyyətini dayandırmışdı.

Ötən ilin fevralında Rusiyanın Ukraynada müharibəyə başlaması da bu prosesə ciddi təsirini göstərib. Amma ATƏT-nin Minsk qrupunun hüquqi cəhətdən ləvğ edilməsi üçün ATƏT-nin özünün və ona üzv olan ölkələrin qərarı lazımdır.

Məsələ ilə bağlı Milli Məclisin deputatı, siyasi şərhçi Hikmət Babaoğlu Cebhe.info-ya açıqlamasında qeyd edib ki, ATƏT-nin Minsk qrupunun hüquqi ləvği üçün ATƏT-ə üzv olan ölkələrin XİN rəhbərlərinin yekun qərarı lazımdır:

“Nəhayət, 44 günlük Vətən Müharibəsindən sonra üç il ərzində Azərbaycan dövlətçiliyini təhdid edən qondarma qurumun buraxılmasına nail olduq.

Bu, bizim növbəti zəfərimizdir və ölkəmizin tarixində mühüm bir hadisə kimi yadda qalacaq. Şanlı ordumuzun bölgədəki qeyri-qanuni erməni silahlı birləşmələrinə qarşı uğurlu antiterror əməliyyatlarından sonra erməni separatçılarının dövlətimizin iradəsinə tabe olmaqdan başqa çarələri qalmadı. Artıq Qarabağda belə bir qurum yoxdur və Azərbaycan həmin ərazi üzərində tam olaraq suverenliyini bərpa edib.

O ki qaldı ATƏT-nin Minsk qrupuna, bu institut Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi üçün yaradılıb. Biz 30 il ərzində Minsk qrupunun fəaliyyətinin səmərəsiz olduğunu gördük. ATƏT-Minsk qrupunun üç həmsədrinin BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvləri olmasına baxmayaraq, Qarabağ münaqişəsi sülh yolu ilə həll edilmədi. Ermənistanın işğalı davam etdi.

Nəticə etibarı ilə Azərbaycan öz gücü və iradəsi hesabına Qarabağ problemini həll etdi. 44 günlük Vətən Müharibəsində Azərbaycan Ordusu erməni işğalçılarını darmadağın edərək Qarabağı azad etdi. Əgər Qarabağ problemi həll olunubsa, ATƏT-nin Minsk qrupunun fəaliyyətinin davam etməsi məntiqi və hüquqi baxımdan tamamilə mənasızdır.

Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Serqey Lavrov Ermənitanın XİN rəhbəri Ararat Mirzoyanla son görüşündə Minsk qrupunun artıq fəaliyyət göstərmədiyini diqqətə çatdırdı.

Amma ATƏT-nin Minsk qrupu hüquqi cəhətdən ləvğ olunmayıb. Bunun üçün ATƏT-ə üzv olan ölkələrin XİN rəhbərləri tərəfindən qərar qəbul olunmalıdır. Gərək, ATƏT-nin xarici işlər nazirləri şurasının növbəti iclasında ATƏT-nin Minsk qrupunun yaradılması ilə bağlı Budapeşt qərarının qüvvədən düşməsi barədə yekun qərar qəbul edilməlidir.

Lakin bu qərar qəbul olunsun və ya olunmasın, Minsk qrupunun fəaliyyəti faktiki baxımdan dayanmış hesab olunur. Azərbaycan üçün bu, prinsipal məsələ hesab olunmur”.

Yunis Abdullayev
Cebhe.info