AXCP-də Əli Kərimliyə qarşı üsyan

AXCP-də Əli Kərimliyə qarşı üsyan

Əli Kərimlinin sədri olduğu AXCP-də vəziyyət yenə qarışıb.

Bu dəfə sədr Əli Kərimliyə qarşı üsyan partiyanın Gəncə şəhər şöbəsində başlayıb. Belə ki, şöbənin sədri Bəxtiyar Əlizadə istefa verdiyini bəyan edib və bunun səbəbini Əli Kərimlinin yürütdüyü yanlış kadr siyasəti ilə əlaqələndirib.

O, sosial şəbəkələrdə yaydığı videomüraciətində Əli Kərimlinin ünvanına bir sıra ittihamlar səsləndirib. Bildirib ki, müraciəti tərəfdarları və partiyanın Gəncə şöbəsininü üzvlərinin istəyinə əsasən edib:

“Onların mənə haqlı iradını nəzərə alaraq bildirmək istəyirəm ki, bu yaxınlarda Gəncədə konfrans keçirilib və bu konfrans demokratik olmayıb. Seymur Həzi Gəncəyə gəldi, bizlərlə görüşdü və bildirdi ki, qayıdanda bizim narazılığımızla bağlı Əli Kərimliyə məruzə edəcək və müsbət həllinə çalışacaq. O, seçkinin demokratik keçəcəyini, üzvlərin istəyinin nəzərə alınacağını bildirdi, ancaq tam əksinə oldu”.

Şöbə sədri bildirib ki, Gəncədə heç bir demokratik seçkidən söhbət gedə bilməz:

“Çünki əksər ziyalılar, gənclər kənarda qaldı. Doğrudur, partiya sədri rəhbər vəzifələrə gənclərin gətirildiyini dedi, amma seçim zamanı heç də layiqli namizəd üzərində dayanılmayıb”.

B.Əlizadə bildirib ki, o, bir neçə namizədin adını bildirsə də, partiya rəhbərliyi başqa cür davranıb:

“Əgər partiyada gənclər rəhbər vəzifələrə gətirilirsə, niyə digər yaşlılar dəyişdirilmir? Məqsəd aydındır, bu, partiyanın yanlış kadr siyasətidir. Bunun da əziyyətini biz çəkirik. 33 illik fəaliyyətimi kölgə altına alıb, mənə şər-böhtan yağdıran şəxsi, məni, Saleh Rüstəmlini həbs etdirəni mən necə rəhbər kimi qəbul edim? Bu qəbuledilməzdir, buna görə də tərəfdarlarımın istəyini nəzərə alıb bu müraciəti edirəm və şöbə sədrliyindən istefa verirəm”.

Göründüyü kimi, Əli Kərimlinin partiya daxilindəki avtoritarizmi hətta 33 ilini bu siyasi qurumda mübarizəyə həsr edən şəxsi belə incik salacaq səviyyədə olub. B.Əlizanənin çıxışında onu və Saleh Rüstəmlini həbs etdirən Əli Kərimlini artıq rəhbər kimi qəbul etmədiyini açıq söyləməsi partiya sədri barəsində indiyə qədər səsləndirilən fikirlərə bir daha aydınlıq gətirir. Siyasi cameə ilə az-çox tanışlığı olan hər kəs bilir ki, Əli Kərimli intriqaçıdır və siyasətini də məhz bu keyfiyyəti üzərində qurur.

Hətta rəhbərlik etdiyi partiya daxilində onunla çiyin-çiyinə uzun illər yol gəlmiş, birgə mübarizə aparmış insanları belə bir anda həbsə göndərəcək qədər acımasız olan Əli Kərimli bu yolla həm də partiyadakı kürsüsünü qoruyur. Az qala 30 illik uğursuz və nəticəsiz fəaliyyətin hesabını partiya sədri kimi ondan soruşmağa cəhd edən hər kəs anında cəzalandırılır, yerinə Əli Kərimlinin özünə sadiq hesab etdiyi şəxslər gətirilir.

Başqa sözlə, Əli Kərimli partiyanı hər çıxışında and-aman etdiyi demokratiyadan əsər-əlamət olmayan prinsiplərlə idarə edir və bu da zaman-zaman yerlərdə narazılığa səbəb olur. Görünən odur ki, Əli Kərimlinin bu siyasəti artıq rayon şöbələrində də ciddi narazılıqla qarşılanır və Kərimli ona qarşı başlayacaq daxili üsyanı yatırmaq üçün təcili konfranslar keçirərək sədrləri dəyişmək qərarına gəlib.

Budur Əli Kərimlinin sadiq olduğu “demokratiya”...

Elnarə Kərimova
Cebhe.info