Azərbaycan-Pakistan qardaşlığı: Strateji əməkdaşlığa doğru

Azərbaycan-Pakistan qardaşlığı: Strateji əməkdaşlığa doğru

Azərbaycanla Pakistan arasındakı münasibətlər daha da yüksələn xətlə inkişaf etməyə başlayıb.

Nəzərə almaq lazımdır ki, ölkəmizin sıx dostluq və qardaşlıq əlaqələri qurduğu, qarşılıqlı münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş ölkələrdən biri də məhz qardaş Pakistandır. 

İki ölkə arasında möhkəm dostluq və qardaşlıq təməlləri üzrə qurulmuş strateji tərəfdaşlıq münasibətləri mövcuddur. Hər iki ölkə həm ikitərəfli, həm də çoxtərəfli platformalarda bir-birinə daim dəstək göstərir və əlaqələrimiz bütün sahələrdə sürətlə inkişaf edir. Üstəlik, Pakistan Azərbaycan Respublikasının müstəqilliyini tanıyan dövlətlərdən biri olub. 

Qeyd edək ki, Prezident İlham Əliyev Pakistanla əlaqələrin inkişafına xüsusi önəm verir. Dövlətimizin başçısı Pakistanın ali siyasi rəhbərliyi ilə qarşılıqlı inam və etimada əsaslanan yüksək səviyyəli münasibətlər saxlayır. Bu, Prezident İlham Əliyevin 11 iyulda Pakistana səfəri zamanı da özünü göstərdi.

Dövlət başçımızın İslamabadda möhtəşəm şəkildə qarşılanması, Pakistanın Prezidenti və Baş naziri tərəfindən İlham Əliyev və Azərbaycan haqqında səsləndirilən xoş fikirlər hər birimizi qürurlandırdı. 

Sözügedən səfər iki qardaş ölkə arasındakı münasibətlərin inkişafına böyük töhfə verəcək. Xüsusilə də Azərbaycanla Pakistan arasındakı strateji əməkdaşlıq bundan sonra da sürətlə inkişaf edəcək. 

Azərbaycan Ümid Partiyasının sədr müavini Tamilla Qulami "Cebhe.info"ya açıqlamasında bildirib ki, Azərbaycanla Pakistan arasındakı strateji əməkdaşlıq inkişaf etməyə davam edəcək:

"Pakistan Azərbaycanın bütün döməmlərində yanında olan ölkədir. Üstəlik, həm hərbi, həm də strateji istiqamətdə Azərbaycanın əleyhinə olan dövlətlərin qarşında hər zaman Pakistanı da görmüşük. Bütün bunlar çox əhəmiyyətlidir.
Onu da nəzərə almaq lazımdır ki, Azərbaycan Pakistanın ehtiyacı olan hər anında yanında olub. Pakistan da Azərbaycanın çətin günlərində həmişə yanında yer alıb. Düşünürük ki, bu iki dövlət arasındakı strateji əməkdaşlıq daha da inkişaf etdirilməlidir". 

Tamilla Qulami vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Pakistana rəsmi səfəri zamanı bir çox məqam diqqət çəkib:

"Səfər zamanı ən çox yadda qalan hadisələrdən biri cənab Prezident İlham Əliyevin təyyarəsininin Pakistanın qırıcıları tərəfindən müşayiət olunması idi. Ən əsas məqamlardan biri də Azərbaycanla Pakistanın paytaxtları Bakı və İslamabadın qardaşlaşmış şəhər olmasıdır.

Pakistan Prezidenti Asif Əli Zərdari ilə Azərbaycan Prezidenti cənab İlham Əliyev arasında keçən görüşün əhəmiyyətini də xüsusi vurğulamaq lazımdır. Həmin görüşdə hər iki dövlət arasında strateji əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində də mühüm çıxışlar oldu.

Həmçinin, Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif də Azərbaycanla bağlı çox xoş təəssüratlarını paylaşdı. O, Azərbaycana münasibətdə kifayət qədər yüksək səviyyədə addımlar atılmasının tərəfdarı oldu.

Bütün bunlar Azərbaycanla Pakistan arasındakı münasibətlərin kifayət qədər yüksək səviyyədə olduğunu, amma bundan sonra daha artacağını göstərir".

Elmir Mustafa
"Cebhe.info"