Azərbaycan erməni lobbisinə böyük zərbə VURDU

Azərbaycan erməni lobbisinə böyük zərbə VURDU

Qarabağ separatçılarının özlərini buraxması, “qurumlarının” fəaliyyətlərini dayandırması Azərbaycan torpaqlarında 35 illik separatçı hərəkatın sonu deməkdir.

Cebhe.info xəbər verir ki, bunu siyasi şərhçi Elxan Şahinoğlu uzun illərdir qondarma “Dağlıq Qarabağ respublikası” adı altında separatçılıq edən rejimin sonlandırılmasından danışarkən deyib.

Ekspert bildirib ki, Qarabağda separatçılığın tarixi daha uzundur:

“Təxminən 200 il əvvəl bölgəyə köçürüldükdən sonra bizə hər zaman problem yaratdılar, qətliamlar törətdilər, müharibələr baş verdi, on minlərlə insan həlak oldu.

Beləliklə 200 illik bəladan qurtulduq. Bu, xalqımızın və dövlətimizin ən böyük naliyyətlərindən biri sayıla bilər. Bundan sonra quruculuq işlərini sürətləndirə bilərik”.

E.Şahinoğlunun sözlərinə görə, Qarabağdan ermənilərin kütləvi köçü 2 ilin sonunu gözləmədən Rusiya hərbi kontingentinin bölgəni tərk etməsini sürətləndirəcək:

“Qalmağın mənası yoxdur. Biz təkcə separatizm üzərində qələbə çalmadıq, erməni ideologiyasına, erməni lobbisinə və onlarla əlaqələri olan mərkəzlərə zərbə vurduq. Ermənilər arasında dərin fikir ayrılğı yaranıb”.

Siyasi şərhçi bildirib ki, əldə etdiyimiz uğura baxmayaraq, meşələrdə gizlənmək istəyən separatçılar ola bilər.

“Əgər belələri olarsa, onları da məhv etməliyik. Qarabağda separatçı ocağın söndürülməsi Ermənistanla Azərbaycan arasında sülh sazişi imzalamaq imkanlarını artırır. Qarabağ Ermənistan üçün siyasi, iqtisadi və hərbi yük idi. Bu yükdən qurtuldular. Əgər baş nazir Nikol Paşinyanın məntiqi varsa, ilin sonuna qədər Azərbaycanla sülh sazişi imzalayar. Doğrudur, bu halda erməni lobbisi və yerli radikallar ona mane olmağa çalışacaq. Ancaq Paşinyan hələ də cəmiyyətin bir hissəsinin dəstəyinə malikdir. Bu dəstək onun devrilməsinin qarşısını alır. Bu, Paşinyana imkan verir ki, Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılması siyasətinə üstünlük versin”.

E.Şahinoğlu deyib ki, o, 1987-ci ildən başlayaraq Qarabağda separatizm mövzusunda yazılar yazmağa başladmışdı:

“Bu, gəncliyimdən bəzi mənim əsas mövzum oldu, müxtəlif ölkələrdə onlarla konfransda iştirak etdim, bu mövzuda 3 kitab yazdım. Ermənistanın keçmiş prezidentlərindən və siyasətçilərindən aldığım müsahibələr nəticəsində hələ 1990-cı illərin sonunda bu qənaətə gəldim ki, onlarla danışığın perspektivi yoxdur, nəticə əldə etməyəcəyik, qarşılarında güc görməlidirlər. Həmin günü görmək mənə qismət oldu. Allah şəhidlərimizə rəhmət eləsin! Onların qəhrəmanlığı və Ali Baş Komandanın əmrləri sayəsində torpaqlarımıza qovuşduq, ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etdik”.

Cebhe.info