Azərbaycan-İran-Rusiya birgə qazanacaq

Azərbaycan-İran-Rusiya birgə qazanacaq

Azərbaycan, İran və Rusiyanın nümayəndələri Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində yükdaşımaları üzrə işçi qrupun yaradılması barədə razılığa gəliblər.

Nümayəndələr Rusiya -Azərbaycan və Azərbaycan - İran sərhədlərində sərhəd və gömrük terminallarına baxış keçiriblər. Bu barədə ekspertlərin işçi qrupunun yaradılmasına həsr edilmiş görüşündə Rusiyanın nümayəndə heyətinin tərkibində iştirak etmiş Dağıstan hökumətinin Rusiyanın İrandakı ticarət missiyasındakı nümayəndəsi Andrey Tanayev TASS-a bildirib. A.Tanayev bildirib ki, qrupun hər üç ölkədən olan nümayindələri “İran Astarası”, “Azərbaycan Astarası”, “Cənub Azərbaycan Astarası”, “Tagirkent-Kazmalyar”, “Yaraq-Kazmalyar” məntəqələrinin daxil olduğu gömrük və sərhəd məntəqələrinə baxış keçiriblər. Birgə işçi qrupunun yaradılması onu deməyə əsas verir ki, Moskva və Tehran Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizində Ermənistanı, məhz Azərbaycanı görmək istəyir. 

Ən əsası da bu dəhliz Azərbaycana bir çox iqtisadi prioritetləri və faydalar qazandıracaq. 

Məsələ ilə bağlı politoloq Oqtay Qasımov "Cebhe.info"-ya şərhində qeyd edib ki, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi mühüm nəqliyyat qovşaqlardan biri kimi fəaliyyətə başlayıb:

"Bildiyimiz kimi, bu nəqliyyat dəhlizi Hindistanın Mumbai şəhərini Rusiyanın Sank-Peterburq və Şimali Avropanı birləşdirən xətdir. 

Azərbaycan, İran və Rusiya bu dəhlizin əsas təşkilatçılarındandır. Bu dəhliz həm üç ölkənin maraqlarına cavab verir, həm də geosiyasi və geoiqtisadi cəhətdən önəmli bir layihədir. Hər il bu nəqliyyat dəhlizi ilə 10 milyondan çox yük daşınması nəzərdə tutulub. Bu da hər üç ölkənin tranzit keçidlərdən milyard dəyərində vəsait qazanmasına gətirib çıxaracaq. Eyni zamanda, belə bir nəqliyyat dəhlizinin əsasının qoyulması Azərbaycan, İran və Rusiyanı qarşılıqlı maraqlar çərçivəsində əməkdaşlıq etməyə sövq edəcək”. 

Ekspert deyib ki, Azərbaycan ilk zamanlardan bu layihənin fəal iştirakçısı olmaqla bərabər, bu layihənin həyata keçməsi üçün vəsait yatırıb:

“Misal üçün, Azərbaycan İranın öz ərazisində Astara-Rəşt-Ənzəli dəmir yolunun yenidən qurulması üçün 500 yüz min güzəştli kredit təklif edib. Sözsüz ki, Azərbaycan, İran və Rusiyanın bu istiqamətdə birgə addımlar atması Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin tam şəkildə fəaliyyət göstərməsinə təkan verəcək". 

Yunis Abdullayev 
"Cevhe.info"