Azərbaycan “yaşıl enerji”yə keçid prosesində iştirak edir

Azərbaycan “yaşıl enerji”yə keçid prosesində iştirak edir

"Azərbaycanın çox ciddi səyi nəticəsində artıq 3 ildir ki, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında xüsusi rola malik olan Cənub Qaz Dəhlizi  fəaliyyət göstərir”.

Bunu "Cebhe.info"-ya açıqlamasında deputat İlham Məmmədov deyib.

O bildirib ki, hazırda bu qaz dəhlizi vasitəsiylə 8 ölkəyə qaz ixrac olunur:

“Artıq Avropanın digər ölkələri də enerji təhlükəsizlikləri məsələsini etibarlı şəkildə təmin etmək məqsədi ilə Azərbaycandan qaz almağa çox böyük maraq göstərirlər. Həmin ölkələrin bu marşruta qoşulması üçün yeni interkonnektor layihələri icra olunmaqdadır. Lakin daha çox ölkənin bundan faydalanması üçün yeni interkonnektorlara ehtiyac var. Əminəm ki,qarşıdakı illərdə bu məsələ də öz müsbət həllini tapacaq.

Avrasiyada ən böyük qaz infrastruktur layihələrindən biri olan Cənub Qaz Dəhlizi   enerji təhlükəsizliyi və əməkdaşlıq layihəsidir. Bundan bütün ölkələr faydalana bilər və bunun üçün çox böyük imkanlar var. Təəssüflə qeyd etməliyik ki, bəzi ölkələr tərəfindən tərəfdaşlıq və əməkdaşlığın qurulması üçün enerjidən, qazıntı yanacağından bir alət və vasitə kimi istifadə edirlər.

Cənab Prezident İlham Əliyev bu məsələni Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasında çıxışı zamanı dilə gətirərək narahatlığını ifadə etdi.

Ölkə başçısı qeyd etdi ki, biz indi qazıntı yanacağının bir növ problem yaradan bir məsələ olması meyilini görürük. "Biz ədalətli olmalıyıq və eyni zamanda, neft və təbii qaz ehtiyatları ilə zəngin olan ölkələrə münasibətdə ədalətli olmalıyıq. Bu ölkələrin günahı deyil ki, onlarda neft və qaz var. Onlar buna görə günahlandırılmamalı və onlara qarşı ayrı-seçkilik olmamalıdır. Hesab edirəm ki, qazıntı yanacağına malik olan ölkələrin fəaliyyəti onların ətraf mühitin müdafiəsi, “yaşıl enerji”yə keçid məsələlərini necə həll etdikləri baxımından qiymətləndirilməlidir. 

Yalnız bundan sonra, ədalətli təhlildən sonra bu ölkələr barədə mühakimə yürütmək olar. Əks təqdirdə, biz neft və qaz istehsal edən ölkələr və bu resurslara malik olmayan ölkələr arasında sanki ayırıcı xətlər görəcəyik", - cənab Prezident qeyd etdi.

Odur ki, bu cür ayrı-seçkiliyə və təzyiqlərə son verilməlidir. Bu cür yanaşmalar etibarlı tərəfdaşlıq və əməkdaşlığa deyil. Əksinə  dünyada çox pis presidentlərə yol açır". 

Onun sözlərinə görə, əməkdaşlığı genişləndirmək və Avropanın daha etibarlı şəkildə enerji təhlükəsizliyini təmin etmək üçün Cənub Qaz Dəhlizinin genişlənməsinin və təbii qaza aid istənilən digər layihənin maliyyələşməsi ciddi ehtiyac var:

"Ölkə başçısının bəyan etdiyi kimi, əməkdaşlıq münasibətləri Azərbaycanın əsas hədəflərinə mane olmasın. Daha ümumi hal almış qazıntı yanacağına qarşı meyillərin kölgəsi altına düşməməlidir".

O qeyd edib ki, bu gün Azərbaycan təkcə böyük karbohidrogen ehtiyatları baxımdan deyil, həm də bərpaolunan enerji sahəsində böyük potensiala malik ölkədir:

“Artıq Azərbaycan “yaşıl enerji”yə keçid prosesinin aktiv fazasındadır. Prezident də bəyan edib ki, Azərbaycan bərpaolunan enerji layihələrində də  çox iddialıdır. Beynəlxalq Maliyyə Korporasiyasının hesablamalarına əsasən, Xəzər dənizinin Azərbaycan sektorunda potensialı 157 giqavat təşkil edir. Bu istiqamətdə ciddi işlər gedir. 

Xarici investorlar bu prosesə cəlb edilib. Azərbaycanın hədəfi qarşıdakı 10 ildə ölkədə bərpaolunan enerjidən maksimum dərəcədə istifadə etməyi və daxili bazarda təbii qaz istehlakını azaltmaqdır. 

Azərbaycan həm də bərpaolunan enerjini xaricə, xüsusən Avropaya ixrac etməyi planlaşdırır. Bu istiqamətdədə ciddi addımlar atılıb və işlərə başlanılıb. Bu məqsədlə Azərbaycan-Gürcüstan -Rumıniya-Macarıstan arasında sənədlər də imzalanıb. Bununla da Azərbaycan qlobal iqlim dəyişikliyinə qarşı mübarizədə öz töhfəsini verməyi planlaşdırır".

Vilayət Muxtar
"Cebhe.info"