AzVP-nin baxışı: ABŞ-nin məntiqsiz və qərəzli Qafqaz siyasəti
Moskvada Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasında Prezident İlham Əliyevin çıxışı Qərbin siyasətindəki ikiüzlülüyü ifşa edib.
Hazırda Cənubi Qafqazda siyasi və iqtisadi nüfuz uğrunda Rusiya və Qərb arasında münasibətlər olduqca kəskinləşib. Gürcüstanı müəyyən müddətə Moskvanın təsir dairəsindən çıxarmağa nail olan Qərb çoxdandır Ermənistanı da özünün protekratına çevirmək üçün ciddi səylər göstərir.
Bu istiqamətdə daha çox ABŞ və Fransa canfəşanlıq edir. Lakin son vaxtlar bu siyasət iflas etməyə başlayıb. İflasın səbəbi isə Rusiyadan çox Azərbaycana görədir.
Birincisi, Azərbaycan heç vaxt özünə qəyyum axtarmayıb, daim müstəqil siyasət yürüdüb. İkincisi, özünün siyasi-iqtisadi gücünə görə ölkəmiz Cənubi Qafqazın ən güclü dövlətidir. Üçüncüsü, Ermənistanın Qarabağı 30 ilə yaxın müddətdə işğalda saxlamasını özünün siyasi arqumentinə çevirən dünya gücləri Azərbaycanın ərazi bütövlüyünün bərpasına mane ola bilmədilər və bu qələbə bizi nəinki Cənubi Qafqazda, eləcə də bütün dünyada lider dövlətlər sırasına çıxardı.
Artıq Azərbaycan dünya ictimaiyyəti tərəfindən müstəqil və azad dövlətin nümunəvi modeli kimi qiymətləndirilir. Bu amil üçüncü dünya ölkələrinin inkişafına stimul verir, hegemon dövlətlərin isə xoşuna gəlmir.
Çünki dünya siyasi və iqtisadi düzənində 3-cü qüvvənin formalaşmasına ABŞ və Avropanın bir sıra inkişaf etmiş dövlətləri ciddi surətdə mane olmağa çalışırlar. Azərbaycan isə bu düzəndə özünəməxsus yerə malikdir.
Belə bir şəraitdə ABŞ rəsmiləri Azərbaycana sanksiya tətbiq ediblər. Məhz bu məsələ Azərbaycanın dövlət başçısının sərt reaksiyası ilə üzləşib və Prezident İlham Əliyev Moskvada “Rossiya-1” telekanalına verdiyi müsahibəsində deyib:
“Bizə sanksiyalar 1992-ci ildə, Azərbaycan ərazilərinin Ermənistanın işğalı altında olduğu bir vaxtda ölkəmizin “Ermənistanı blokadada saxlaması” barədə qondarma ittihamla tətbiq edilmişdi. Bu sanksiyalar 2001-ci ildə, ABŞ-ın öz yüklərini hava, quru və dəniz yolu ilə Azərbaycan ərazisindən Əfqanıstana tranzit daşımalı olduğu vaxt aradan qaldırılmışdı.
Partiya mənsubiyyətindən asılı olmayaraq, Birləşmiş Ştatların Prezidenti ABŞ Əfqanıstandan qaçana qədər hər il bu sanksiyaları öz qərarı ilə ləğv edirdi. Bundan sonra bizə qarşı həmin sanksiyalar yenidən tətbiq olundu. Bu nankorluqdur”.
Belə bir siyasət ABŞ-nin riyakarlığını ifşa etməklə yanaşı, onun Qafqaz siyasətinin iflasa uğradığını göstərir. Çünki hazırda Azərbaycanın iştirak etmədiyi siyasi və iqtisadi layihələrin regionda yerinə yetirilməsi mümkün deyil. Üstəlik, Gürcüstan Respublikası Qərbin orbitindən uzaqlaşmaq yolundadır.
Ermənistan isə nə qədər çalışsa da, əlini Rusiyanın ətəyindən qopara bilməyəcəkdir. Ona görə ki, bunun üçün onda müvafiq siyasi və iqtisadi resurslar yoxdur. Ümumi şəkildə, Qərbin Cənubi Qafqazı təsir dairəsinə salmaq imkanları sıfıra bərabərdir və görünür ki, bunu anlayan Qərb siyasətçiləri yanlışlıqlarını sanksiyalar vasitəsilə ört-basdır etməyə çalışırlar.
Azad Vətən Partiyasının (AzVP) İnformasiya və Təhlil Mərkəzi
“Cebheinfo.az”