Başlanğıcı olmayan son: Anar Əsədlinin siyasi fiaskosu

Siyasi mühit zaman-zaman siyasətlə yox, siyasətbazlıqla məşğul olanlar üçün bunu karyera və qazanc tramplinə çevirmək iddialarına da meydan olub.
Belələri üçün bütün yollar necə deyərlər, “Romaya aparır” və iddialarını reallaşdırmaq üçün hər vasitədən istifadə qəbulolunandır. Mənəvi dəyərlərin tapdanması hesabına olsa belə, istəklərini yerinə yetirmək üçün “canfəşanlıq” göstəriblər. Son zamanların belə siyasətbazları arasında yer alanlardan biri də Azərbaycan Yüksəliş Partiyasının sədri Anar Əsədlidir.
O Anar Əsədli ki, dələduzluq yolu ilə etibardan sui-istifadə edərək, başqalarının vəsaitini mənimsəyib və onu qaytarmaqdan imtina edib. Buna görə də ona qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb və haqqında həbs qətiimkan tədbiri seçilib.
Bu, Azərbaycanda partiya sədrinin bu miqyasda dələduzluqda ittiham olunmasına dair bəlkə də ilk məlumatdır. Anar Əsədli də zatən “ilk” olmaq yolunu tutduğunu çıxışlarındakı “siyasi əda” ilə təlqin etməyə çalışırdı və siyasətlə az-çox maraqlanan, siyasi kəsimi az-çox tanıyan hər kəsə bəlli idi ki, bu əda əslində siyasi fiaskoya aparan yoldur.
Bəlkə elə Anar Əsədli özü də hər çıxışı, hər davranışı ilə olmayan siyasi portretini bir az daha qaralayırdı, fiaskosunu yaxınlaşdırırdı və siyasətçi yox, siyasətbaz ədası ilə özünü camenənin “ən ası” kimi təqim etmək cəhdlərinin kənardan həm də gülünc göründüyünün fərqinə varmamağı üstün tuturdu. Haqlı olaraq Anar Əsədli barəsində həbs qətimkan tədbiri seçilməsi barədə məlumatları oxuyan hər kəs “Siyasətçi hara, dələduzluq hara?” düşüncəsindən azad ola bilmir.
Siyasət elə bir sahədir ki, onunla peşəkarcasına məşğul olanlar hər addımlarını yüz ölçüb bir biçirlər. Davranış tərzindən tutmuş fikrini ifadə vasitəsinə qədər hər şeyi düzgün seçmək cəhdi göstərərək həm də cəmiyyətə nümunə fiqur olmalarının fərqində olurlar. Özünə siyasətçi deyən hər kəs cəmiyyətin ona mövqeyindən asılı olmayaraq bütün təbəqələrə xitab etmək zorundadır.
Bunun üçün təkcə siyasi bilik, dünyagörüş, özünü ifadəetmə qabiliyyəti, analitik təfəkkür, natiqlik bacarığı kifayət etmir. Bunun üçün həm də mənəvi keyfiyyətlər olmalıdır. Siyasətçi olmaq istəyənlər üçün kriteriyalar heç də hamının sahib olduğu sıradan kriteriyalar deyil. Siyasət dövlətin və xalqın taleyini dəyişə biləcək qədər ciddidir, onunla oyun oynamaq həm də dövlətə və xalqa xəyanətə bərabərdir.
Bütün bunları özündə cəmləşdirənlər siyasətlə məşğul olmaq haqqı qazanr, cəmiyyətdə iqtidaryönlü, yaxud müxalifət təmsilçisi olmasından asılı olmayaraq ətrafına tərəfdarlar toplayır.
Anar Əsədli isə bütün bu keyfiyyətlərdən xali biri kimi siyasi cameəyə ancaq pafoslu çıxışlar və bu çıxışların təsirini artıran dərin siyasi biliklərlə yox, jestlərlə daxil olmağa cəhd edirdi. Ancaq bununla eyni zamanda adam dələduzluqla da məşğul olurmuş, hər halda ondan şikayətçi olanlar, xüsusilə də sabiq prezident Əbülfəz Elçibəyin köməkçisi olmuş Oqtay Qasımovun iddiaları bu yöndədir.
Azərbaycan siyasi cameəsi üçün kifayət qədər ciddi iddialardır və görünür, əsassız da deyil ki, Anar Əsədli haqqında cinayət işi açılıb, araşdırma aparılır. Ancaq Anar Əsədli iddia ortaya çıxandan bəri siyasəti söz qələbəliyi ilə dəyişik salma xüsusiyyətindən bu məsələdə də istifadəyə cəhd edib və beləliklə, öz siyasi fiaskosunun təməlini öz əlləri ilə atıb.
Əslində, Anar Əsədlinin nə zamansa siyasətdə təsirli fiqura çevriləcəyi inandırıcı deyildi, iddialarını gerçəkləşdirmək üçün ədadan və pafosdan başqa heç nəyi olmayan biri nə qədər söz qələbəliyi ilə özü barəsində fikir formalaşdırmağa çalışsa da, nəticə istədiyi kimi olmur. Siyasi əda pafosla birləşəndə ortaya Anar Əsədli portreti çıxır və ciddi siyasətçi imici olmayan birinin özü barəsində yaratmağa cəhd etdiyi mif bir anda darmadağın olur.
Əgər şəxs ciddi siyasətlə məşğul olduğunu iddia edib gələcəkdə hakimiyyətin hansısa qanadında və ya müxalifətdə təmsilçilk hüququ qazanmağa iddialı olduğunu ortaya qoyursa, özünə rəva bilməyəcəyi şeylər var. Özü dələduzlıqda ittiham edilən birisi siyasətlə məşğul olduğunu iddia edərsə, cəmiyyətə hansı faydanı verəcək? Sözlərinə kimi inandıracaq, səsləndirdiyi fikirlərdə səmimi olduğunu necə sübut edəcək? “Mən xalqın mənafeyini müdafiə edirəm” deyib ortalıqda dolaşmaqla, sosial medaiada tez-tez görünüb özünü xatırlatmaqla siyasətçi olmaq olmur.
Siyasətçi olmaq, ölkənin az-çox tanınmış insanlarını bir araya toplamaq üçün hansısa tədbir, müzakirə keçirmək, getdiyi ölkələrdə siyasətçilərlə foto çəkdirib paylaşmaq da kifayət etmir. Siyasət həm də düşüncə, ifadə və davranışların uzlaşmasıdır, birinin digərini tamamlamaması ortaya siyasi fiqur kimi çıxmaq arzusunun elə bəribaşdan məhv olması deməkdir. Siyasət şəxsi nümunədir, cəmiyyət öz səsi kimi görmək istədiyi şəxsi təkcə düşüncə və ifadələrinə görə yox, həm də bunlarla uyğunlaşan davranışlarına görə seçir, öz səsini ona etibar edir.
Cəmiyyətin etimadını qazanıb siyasətdə dayanıqlı olmaq istəyən, ortaya siyasi iddia qoymaq istəyən şəxs bəlkə də uzun müddət buna özünü hazırlamalı, bütün bu müddət ərzində iddiasına layiq olduğunu sübut etmək üçün çalışmalıdır. Buna xalq arasında “suyu da üfürə-üfürə içmək” deyirlər. Çünki onun məşğul olmaq istədiyi sahə spesifikdir, xalqın az qala bütün təbəqələrinə xitab edəcək bir sahədir, siyasətlə məşğul olmaq istəyən hər kəs öncə buna layiq olduğunu xalqa sübut etməlidir.
Anar Əsədlinin davranşları isə onun siyasətlə yox, siyasət adı altında hansısa oyunla məşğul olduğu, siyasəti xalqa xidmət üçün vasitə yox, özünə xidmət üçün yol olaraq seçdiyini göstərdi. Bu davranışlar isə siyasi karyerasının başlamadan bitməsini şərtləndirdi, fiaskonu qaçılmaz etdi. Bu, elə başlanğıcı olmayan sondur...
Süleyman
Cebhe.info