Bəhruz Məhərrəmov: “COP29-un Bakıda keçirilməsi Azərbaycanın qələbəsidir”
“2023-cü il dekabrın 15-də keçirilmiş müşavirədə Prezident cənab İlham Əliyevin də ifadə etdiyi kimi, COP29-un Azərbaycanda keçirilməsi ilk növbədə ölkəmizə növbəti dəfə böyük etimad və hörmətin birmənalı ifadəsidir”.
Bu sözləri Milli Məclisin VI çağırış deputatı Bəhruz Məhərrəmov “Cebheinfo.az”-a açıqlamasında deyib. O bildirib ki, COP29-un Bakıda keçirilməsi Azərbaycanın qələbəsidir:
“Dövlət başçımız da vurğulamışdı ki, biz bu hörməti öz əməlimizlə, işimizlə, siyasətimizlə qazanmışıq. Vətən müharibəsində yaradılan yeni reallıq fonunda, xüsusən lokal antiterror tədbirlərindən cəmi iki ay yarım sonra COP29-un Bakıda keçirilməsinə dair yekdil qərar bir sıra Qərb subyektlərinin qeyri-adekvat və ədalətsiz yanaşmaları fonunda Bakının ciddi qələbəsidir.
Digər tərəfdən, iqlim dəyişiklikləri ilə mübarizədə Azərbaycan faktiki olaraq nümunəvi siyasət yürüdür. Bakının öz enerji siyasətinin perspektivlərini alternativ enerjidə görməsi, beş milli prioritetdən biri kimi “təmiz ətraf mühit və yaşıl artım ölkəsi“ olmağın müəyyən olunması, ölkənin bu istiqamətdə çox cəsarətli hədəflər müəyyən etməsi Azərbaycanın ev sahibliyinə sual qoymur”.
Bəhruz Məhərrəmov qeyd edib ki, Azərbaycan dünyamiqyaslı tədbirlər üçün ideal məkana çevrilməkdədir:
“Bundan başqa, ötən dövrün təcrübəsi, xüsusən ölkənin Qoşulmama Hərəkatına sədrliyi, habelə BMT Təhlükəsizlik Şurasında qeyri-daimi üzvlüyü dövründə uğurlu fəaliyyəti, eyni zamanda Avroviziya, İslam Həmrəyliyi Oyunları, eləcə də digər çoxsaylı tədbirlərə təhlükəsiz, etibarlı və uğurlu formada ev sahibliyi etməsi fonunda siyasi əhəmiyyətinə görə yalnız BMT Baş Assambleyasının əsas sessiyaları ilə müqayisə oluna bilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Bakıda keçirilmə imkanlarına şübhə yoxdur.
Yəni görünən odur ki, müasir beynəlxalq qeyri-sabitlik zəminində Azərbaycanda təhlükəsiz mühit, o cümlədən yaratdığı yeni geosiyasi konfiqurasiya ilə cənab İlham Əliyevin ölkəni qlobal güc mərkəzi kimi təsdiqləməsi Azərbaycanı dünyamiqyaslı tədbirlər üçün ideal məkana çevirir”.
Elmir Mustafa
Cebheinfo.az