Demokratiya beşiyi, ilk müstəqil müsəlman dövləti - Azərbaycan

Demokratiya beşiyi, ilk müstəqil müsəlman dövləti - Azərbaycan

Şərqdə və müsəlman aləmində ilk demokratik dövlət yaradan Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək, xalqımızın müstəqillik əzmini nümayiş etdirdi.

1918-ci il mayın 28-də Azərbaycan xalqı özünün və Şərqin ilk demokratik, hüquqi, dünyəvi və parlamentli respublikasını yaratdı.

Bununla da Azərbaycanda yaşayan bütün xalqlara eyni hüquqlar tanındı. 

1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan edərək, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirmək yolunu seçdi. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Xalq Cümhuriyyəti Azərbaycan xalqının öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi. Cəmi 23 ay mövcud olan Xalq Cümhuriyyəti müsəlman Şərqində demokratiya ənənələrinin formalaşmasında çox böyük əhəmiyyətli rol oynadı.

Qısa dövr ərzində Azərbaycanın ilk parlamenti, hökuməti yaradıldı, dövlət atributları təsis olundu, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirildi. Cümhuriyyətin beynəlxalq münasibətlər sistemində tanınması, diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində mühüm addımlar atıldı. 

1919-cu ildə ABŞ prezidenti ilə görüş keçirildi və Paris sülh konfransının ali şurası Azərbaycanı de-fakto tanıdı. Yeni fəaliyyətə başlamış parlamentin qəbul etdiyi qanunlar milli müstəqilliyin möhkəmləndirilməsində, ölkədə siyasi, iqtisadi və mədəni inkişafın təmin olunmasında xüsusi rol oynadı.  

Dövlət bayrağı, Azərbaycan vətəndaşlığı təsis olundu. Milli ordu yaradıldı və bu rodu Qafqaz İslam Ordusu ilə birlikdə Bakının işğalçılardan azad edilməsində mühüm rol oynadı. Bu uğurlar yeni yaradılan orduya inamı artıraraq, onun sıralarının genişlənməsinə səbəb oldu. 

Qısa müddət ərzində olduqca mütərəqqi sayılan müddəaları özündə əks etdirən çoxsaylı qanunlar qəbul olunmuşdur. Bununla da müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti xalqın milli mənlik şüurunu özünə qaytardı. 

23 ay ərzində mütərəqqi nailiyyətlər qazanıldı. Xüsusi qeyd etmək lazımdır ki, bu qısa müddət ərzində 230 qanun qəbul edilib. Bunlar içərisində ən böyüyü, bu gün də Avropalıları təəccübləndirən qadınlara seçki hüququnun tanınması oldu. O zaman Avropada belə bir hüquq tanınmırdı. 

1918-ci ilin avqustunda “Xalq maarifinin, məktəblərin milliləşdirilməsi haqqında” qərarla tədris müəssisələrində təhsilin ana dilində aparılmasına başlandı. 1919-cu ilin sentyabrında Xalq Cümhuriyyəti Parlamenti tərəfindən Bakı şəhərində universitet açmaq haqqında qanun qəbul edildi. Bakı Dövlət Universitetinin Nizamnaməsinin qəbul edilməsi və onun fəaliyyətə başlaması milli və peşəkar kadrların hazırlanması istiqamətində atılan mühüm addım idi.

Xalq Cümhuriyyətinin dövründə universitet ilə yanaşı, digər ali və orta təhsil müəssisələrinin, habelə mədəniyyət ocaqlarının açılması üçün hazırlıqlar aparılırdı. Cümhuriyyətin ən böyük xidmətlərindən biri də fövqəladə tədqiqat komissiyası yaratmaq oldu. Həmin komissiya 36 cild sənəd hazırladı. Hazırlanan sənədlər bu gün də müstəsna əhəmiyyətə malikdir. 

Lakin bolşeviklərin məkrli planı və daxildə onların formalaşdırdığı kommunist bloku Azərbaycan Xalq Cümhuriyyətinin yaşamasına imkan vermədi. Sovet Rusiyasının işğalçı Qırmızı Ordusu Azərbaycana daxil oldu və Xalq Cümhuriyyəti süquta uğradı. 

70 illik sovet əsarəti nəhayət ki, 1991-ci ildə sona yetdi. Ümumxalq mübarizəsi ilə Azərbaycan Ali Sovetin tərəfindən 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul edildi. Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə istinad olunaraq, Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edildi.  

Yenidən müxtəlif xarici qüvvələrin təsiri və müdaxiləsi ilə Azərbaycanın müstəqilliyi 1993-cü ildə təhlükə altına düşdü. Bu təlatümlü zamanda Ulu Öndər Heydər Əliyevin məsuliyyəti, siyasi iradəsi və fədakarlığı sayəsində Azərbaycan öz dövlətçiliyini qoruya bildi. 

Dahi siyasətçi XX əsrin sonlarında müstəqilliyinə yenidən qovuşan Azərbaycanın müstəqilliyi və suverenliyini qoruyub saxlamağı bacardı. Çətin siyasi-iqtisadi dövrdə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi. 1989-cu ildən başlayaraq, Ermənistan Azərbaycan torpaqlarına qarşı işğalçılıq siyasəti aparır və torpaqlarımızı işğal edirdi.

Eyni zamanda ölkənin daxilində olan hərc-mərclik, müxtəlif silahlı qruplaşmalar arasında baş verən çəkişmələr müstəqilliyimizə böyük təhlükə yaradırdı. Məhz belə bir şəraitdə xalqın təkidi ilə hakimiyyətə gələn Ulu Öndər dövlətimizin və dövlətçiliyimizin xilaskarı oldu. Onun uğurlu siyasəti sayəsində nəinki böhrandan çıxıldı, eyni zamanda Azərbaycan dünyada tanınan nüfuzlu bir dövlətə çevrildi. Onun müdrikliyi və böyük siyasi təcrübəsi ilə Azərbaycan özünün geosiyasi imkanlarını genişləndirdi.

Azərbaycanın müstəqilliyi Ulu Öndərin dediyi kimi əbədi və dönməzdir. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı kimi Azərbaycan Bayrağı bu gün artıq işğaldan azad olunmuş Şuşada dalğalanır. Prezident İlham Əliyevin liderliyi və qətiyyəti ilə 30 il işğal altında olan torpaqlar azad edildi. İndi Ermənistanı məqlub edərək, azad etdiyimiz torpaqlarımızda abadlıq və quruculuq işləri böyük uğurla davam edir.  

Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasında demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi, siyasi, iqtisadi və sosial islahatlar uğurla həyata keçirilir, ölkə iqtisadiyyatı durmadan inkişaf etdirilir, əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün əsaslı tədbirlər görülür. 

2007-ci il 25 may tarixində Bakı şəhərinin İstiqlaliyyət küçəsində dövlət başçısının təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış İstiqlal bəyannaməsi abidəsinin rəsmi açılış mərasimində Prezident İlham Əliyev iştirak edərək, Xalq Cümhuriyyətinin keçdiyi böyük tarixi missiyaya böyük qiymət verdi. 

Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncamı milli yaddaşın formalaşması prosesində mühüm əhəmiyyət kəsb edir. 2018-ci il ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi Azərbaycanın dövlətçilik tarixində çox mühüm və şərəfli bir mərhələ olan Şərqdə ilk parlamentli respublikanın əhəmiyyətinin hər zaman uca tutulduğunun, eləcə də dövlətçilik ənənələrinə böyük dəyər verildiyinin sübutudur. 

Ötən illər ərzində atılmış hər bir addım və qəbul olunmuş hər bir qərar Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi, işğal altında olan torpaqların azad olunmasına xidmət edib. 2020-ci ildə Prezident İlham Əliyevin Müzəffər Ali Baş Komandan kimi liderliyi və qətiyyətli siyasəti nəticəsində Azərbaycan ərazi bütövlüyünə qovuşdu, xalqımız dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi tanınıldı. 

Bütün istiqamətlərdə qazanılan uğurların, əldə edilən nailiyyətlərin bir hədəfi var idi – işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın bütün sərhədləri boyunca bayrağımızın dalğalanması. 

Bu gün də müstəqilliyimizin möhkəmlənməsi istiqmətində mühüm addımlar atılır:

“Müstəqilliyimiz əbədidir, dönməzdir, sarsılmazdır! Yaşasın güclü, müstəqil Azərbaycan!”

"ELM” Gənclərin Sosial-İntellektual İnkişafına Dəstək İctimai Birliyinin sədri Səbuhi Abdullayev

"Cebhe.info"