Deputat: "20 Yanvar müstəqillik mübarizəsinin simvoludur”

Deputat: "20 Yanvar müstəqillik mübarizəsinin simvoludur”

20 Yanvar faciəsindən artıq 35 il ötür. 

Tarixə “Qanlı Yanvar” kimi həkk olunmuş bu hadisə xalqımızın azadlıq arzusunu və istəyini boğmaq məqsədilə həyata keçirilmiş ən ağır cinayətlərdən biridir. 

Bu faciə Azərbaycan xalqının yaddaşına həm kədər, həm də qürur günü kimi həkk olunub. 20 Yanvar-Ümumxalq Hüzn Günü Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda canını fəda edənlərə ehtiram göstərilən, xalqımızın tarixinin qəhrəmanlıq səhifəsidir. 1990-cı ilin Sovet ordusunun Bakı, Sumqayıt, Lənkəran və Neftçala şəhərlərinə etdiyi hücumun nəticəsində 150-yə qədər silahsız insanı gülləbaran edilərək qətlə yetirilib, 800-ə yaxın insan yaralanıb. 

"Bu hadisə Azərbaycanın müstəqillik mübarizəsinin simvoluna çevrilib. 20 Yanvar həm də xalqımızın işğala və zorakılığa qarşı mübarizə əzminin, azadlıq və demokratiya uğrunda göstərilən iradənin parlaq təzahürüdür". 

Bu fikirləri "Cebheinfo.az"a açıqlamasında millət vəkili Azər Badamov bildirib. Millət vəkilinin sözlərinə görə, 80-cı illərin sonunda xalqımız ermənilərin sovet rəhbərliyinin dəstəyi ilə Qərbi Azərbaycandan soydaşlarımızı güc yolu ilə deportasiya etməsinə və Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağı işğal etmək ssenarisinə kəskin etirazını bildirməyə başlamışdı: 

"O dövrdə SSRİ-nin ikili standartlı siyasətinə və hüquqlarımızın pozulmasına qarşı xalqın ayağa qalxması, azadlıq uğrunda birləşməsi böyük cəsarət tələb edirdi. Qorbaçovun əmri ilə qətliam törədilməsinə baxmayaraq, sovetin cinayətkar rəhbərləri xalqımızın azadlıq hislərini boğa bilmədi və Azərbaycanda başlanan azadlıq hərəkatı SSRİ –nin süqutunu tezləşdirmiş oldu. 

Yanvarın 19-dan 20-nə keçən gecə əsasən ermənilərdən təşkil olunmuş 66 minlik sovet qoşununun Bakı, Sumqayıt, Lənkəran və Neftçala şəhərlərinə etdiyi hücumun nəticəsində 150-yə qədər silahsız insan gülləbaran edilərək qətlə yetirilib, 800-ə yaxın insan yaralanıb və 4 nəfər isə itkin düşüb.

Xalqımıza qarşı ağır faciə törədilməsinə baxmayaraq, Azərbaycanın ovaxtkı rəhbərliyi susaraq insanlıqa qarşı törədilmiş bu cinayət hadisəsinə heç bir münasibət bildirmədi. Amma Moskvada yaşayan Ulu Öndər Heydər Əliyev təhlükəyə baxmayaraq Daimi Nümayəndəliyimizə gedərək xalqımızla bir yerdə olduğunu bildirdi. 

O, Sovet hakimiyyətinin 20 Yanvar əməlinə etiraz edərək Azərbaycan xalqının başına gətirilən qanlı faciənin ilk siyasi-hüquqi qiymətini verdi. O cümlədən, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı il noyabrın 21-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində 20 Yanvar faciəsinə ilk dəfə siyasi-hüquqi qiymət verən qərar qəbul edildi. Təbii ki, sover dövründə belə bir qərarın qəbul olunması üçün böyük qətiyyət və cəsarət tələb olunurdu". 

Millət vəkili qeyd edir ki, 20 Yanvar qətliamı xalqımızın iradəsini qıra bilmədi və bu, SSRİ-nin dağılmasının əsasını qoydu:

"Ümummilli Lider Heydər Əliyev hakimiyyətə qayıdandan sonra, 1994-cü il martın 29-da onun təşəbbüsü ilə 20 Yanvar faciəsinə ali qanunvericilik orqanı – Milli Məclis səviyyəsində ilk dəfə siyasi-hüquqi qiymət verildi. 

Xalqımızın 20 yanvarda nümayiş etdirdiyi milli birlik və həmrəyliyi 44 günlük Vətən müharibəsində və 20 sentyabr 2023-cü il lokal xarakterli antiterror tədbirlərində davam etdi. Biz monalitliyimizlə öz hüquqlarımızı pozmasına heç kimə imkan verməyəcəyini sübut etdik.

Prezident İlham Əliyevin rəhbərliyi altında xalqımız dəmir yumruğa çevrilərək Azərbaycanı qalib etdi. Bu birlik və həmrəylik əbədi davam edəcək. Allah bütün şəhuidlərimizə rəhmət eləsin”. 

Nigar Abdullayeva 
"Cebheinfo.az"