Deputata açılan güllələr və Əli Kərimlinin İran sevgisi

Deputata  açılan güllələr və Əli Kərimlinin İran sevgisi

Milli Məclisin deputatı Fazil Mustafa martın 28-i axşam saatlarında yaşadığı evin qarşısında silahlı saldırıya məruz qaldı.

Qatil(lər) onu öldürə bilməsə də, çiynindən və ayağından yaraladı. Deputat hazırda müalicə alır. Baş verən terror aktı ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində Cinayət Məcəlləsinin 277 (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb.

Fazil Mustafaya qarşı düzənlənən terror saldırısı ilə bağlı cəmiyyətdə müxtəlif müzakirələr gedir. Mediada, sosial şəbəkələrdə müxtəlif versiyalar səsləndirilir ki, bu versiyaların içində əsas motiv İranla bağlıdır. Əksəriyyət hesab edir ki, baş verən terror aktının sifarişçisi İran və ona bağlı təşkilatlar, icraçısı isə necə deyərlər, daxildən “verbovat” etdikləri şəbəkənin üzvləridir. Təbii ki, bu versiyaların nə qədər həqiqət olması istintaqda üzə çıxacaq və hadisəni törədənlər də, sifarişçilər də aşkarlanacaq. İstintaqın nəticəsi olaraq, sifarişçi, təşkilatçı və iştirakçıların ciddi şəkildə cəzalandırılacağından hər kəs əmindir.

Niyə İran?

Çünki ssenari oxşardır. Avtomat, özü də “Kalaşnikov”... İrandan şübhələrin əsaslı olması təbiidir. Çünki cəmi 2 ay öncə, 27 yanvar səhər saat 08:00 radələrində Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum edildi. Hücum edən şəxs, İran vətəndaşı Yasin Hüseynzadə "Kalaşnikov" markalı avtomat silahla mühafizə postunu sərbəst şəkildə keçərək, səfirlik əməkdaşlarını gülləbaran etdi.

Təhlükəsizliyinə İran hökumətinin cavabdeh olduğu səfirliyimiz polis tərəfindən müdafiəsiz qaldı. Nəticədə hücum edən terrorçunu zərərsizləşdirməyə səfirlik əməkdaşları özləri cəhd etdilər. Hücuma məruz qalan diplomatik nümayəndəliyin mühafizə xidmətinin rəhbəri Orxan Əsgərov həlak oldu, digər iki mühafizəçi isə yaralandı.

Ölkədə hər kəs bu olaydan danışır və yuxarıda dediyimiz kimi, əsas şübhə çəkən yerlərdən biri də İrandır. İran Azərbaycanla qəvi düşmənçiliyini müxtəlif platformalarda sürdürür. Son zamanlar Azərbaycanda dəfələrlə İranın casus şəbəkələri ifşa olunub və zərərsizləşdirilib. Şəbəkə üzvləri etiraflarında da İrandan tapşırıq aldıqlarını və icra etdiklərini bildiriblər. Lakin İranın Azərbaycana qarşı düşmənçilik münasibəti təkcə şəbəkələri ilə məhdudlaşmır. Bütün platformalarda bu münasibətlər davam etdirilir. Azərbaycanı təhdid edir, müxtəlif ranqlı adamlarımızı təhqir edir, hədələyirlər.

Bir zamanlar Nardaranda özlərinə “islam qalası” qururdular. Dövlətin qətiyyəti hesabına planları alt-üst oldu, ifşa edildilər. İranın din pərdəsinə bürünmüş uzantılarına çevrilənlər isə əməllərinə görə qanun qarşısında cəzalandırıldılar.

Bu baş verənlər uzaq tarix deyil. Bir neçə ilin söhbətidir. Təəssüf ki, özünü demokratik müxalifət adlandıran, dünyəvi dövlət modelinə sadiqlikdən danışan bir qrup bu uzantıları müdafiə etməklə məşğuldur. İranı başa düşdük. Başa düşdük ki, Bütöv Azərbaycan xofu, orada yaşayan 40 milyonluq xalqın azadlıq istəyi, müstəqil Azərbaycanın regional aktora çevrilməsi, güclü dövlət olması və ən nəhayət, Qarabağ zəfəri onları rahatsız edir. Bəs daxildə İran uzantılarını müdafiə edənlər kimlərdir və niyə onları müdafiə edirlər?

AXCP (Elçibəy zamanında əsas ideoloji xətlərindən biri Bütöv Azərbaycan olan bir təşkilat) ilə Nardaran hadisələrinin əsas fiqurantı olan Taleh Bağırzadəni nə və niyə birləşdirir? Əli Kərimli Fazil Mustafaya qarşı törədilən terrorla bağlı mövqeyində də Toplum TV-yə müsahibəsində İran faktorundan yan keçməyə çalışdı.

Jurnalistin “daha çox İran versiyası hallanır” sualına özünün şəxsi mövqeyinin olmadığını, istintaqın nəticəsini gözlədiyini bildirdi. Prinsipial olaraq, başadüşülən mövqedir. İstintaqın nəticəsini gözləmək, ona uyğun rəy bildirmək daha doğrudur. Amma... Amma ən azı ictimai fikirdə üstünlük təşkil edən versiyadan danışmaq olardı.

Əli Kərimli özü ən fəal sosial şəbəkə istifadəçilərindən biridir. Orada yayılan fikirlərlə, məlumatlarla tanış olmaq imkanı genişdir. Ona görə də ictimai rəydən danışa bilərdi. Məsələn, deyə bilərdi ki, cəmiyyətin fikrincə, baş verən hadisədə İran dövlətinin, ona bağlı təşkilatların adı hallanır.

Fazil Mustafanın İran tərəfindən “şiə düşməni” elan olunmasını, yaxud baş verən basqından yarım saat sonra SEPAH-a məxsus media quruluşlarında sevinə-sevinə ölüm xəbərini paylaşılmasını söyləyə bilərdi. Bununla da ən azı İran və İrana bağlı uzantılar arasına bir məsafə, sədd çəkmiş olardı. Lakin demədi və etmədi.

Hüseyn
Cebhe.info