Diqqət Ankarada: Missiya ona həvalə olunur?

Diqqət Ankarada: Missiya ona həvalə olunur?

Bir neçə müddətdir gərginləşən İran-İsrail münasibətləri zəminində ABŞ-nin Türkiyədən yardım istədiyi iddia olunub.

Xarici mətbuatın yazdığına görə, ABŞ Türkiyənin İranı Yaxın Şərqdə artan gərginliyi azaltmağa razı salmasını istəyib. 

ABŞ-nin Türkiyədəki səfiri Ceff  Flake İstanbulda jurnalistlərlə görüşündə Vaşinqtonun İranla əlaqələri olan bütün müttəfiqlərimizdən Tehranı gərginliyi azaltmağa razı salmalarını xahiş etdiyini bildirib.
 
O əlavə edib ki, Türkiyə bu ölkələr arasındadır.

Maraqlıdır, İsrail-İran gərginliyinin azaldılması istiqamətində Türkiyə Tehran ilə Təl-Əviv arasında təmasların qurulmasında vasitəçi kimi iştirak edə bilər? Türkiyənin buna imkanları var? ABŞ nəyə görə bu məsələdə Türkiyəyə etibar edir?

Məsələ ilə bağlı Yaxın Şərq őlkələri üzrə ekspert Vüqar Zifəroğlu “Cebheinfo.az”-a şərhində qeyd edib ki, Türkiyə bu regionda geosiyasi və geostrateji güc mərkəzinə çevrilib:

“Nəzərə almaq lazımdır ki, Türkiyə Yaxın Şərqi tanıyan, bu regionun idarə edilməsində təcrübəsi və bőlgə xalqları ilə dərin münasibətlərə malik olan bir ölkədir. Bu baxımdan təkcə İsrail-Fələstin münaqişəsi və İran-İsrail qarşıdurması deyil, həmçinin Yaxın Şərqdə bir sıra münaqişələrin həlli prosesində Türkiyənin potensialından yararlanmaq lazımdır.  

Təəssüf ki, biz indiyədək Qərb tərəfindən belə bir səmimi addımların atılmasının şahidi olmamışıq. Türkiyə hər zaman Yaxın Şərqdə münaqişəyə yol açan problemlərin həlli ilə bağlı çağırışlar edib.

Amma Qərb Ankaranın çağırışlarına məhəl qoymayıb. İstər İsrail-Fələstin, istərsə İran-İsrail qarşıdurması, istərsə də Yaxın Şərqdəki digər münaqişələrin nizamlanması, bőlgədə mővcud olan terrora qarşı mübarizə istiqamətində Türkiyənin çağırışları cavabsız qalıb.

Yaxın Şərqdə ciddi gərginliyin yaşandığı bir zamanda “ABŞ-nin Türkiyəni yada salması ilə bağlı səyləri nə dərəcədə səmimidir? sualına gəlincə, bunun özü bir qədər müzakirə predmenti ola bilər. Zamanında Türkiyənin çağırışlarına reaksiya verilməli idi ki, münaqişələrin nizamlanmasına əngəl olan problemlərin həlli istiqamətində əməli addımlar atılsın. 

Təəssüf ki, ABŞ və digər Qərb dövlətləri Türkiyəyə münasibətdə səmimi mövqe sərgiləmir. Artıq 30 ildən çoxdur ki, Türkiyə heç bir əsas olmadan Avropa İttifaqının üzvlüyünə qəbul edilmir. Qərb tərəfindən Türkiyəyə heç bir obyektiv səbəb olmadan sanksiyalar tətbiq edilir. 

Eyni zamanda Qərb mediasında Türkiyə haqqında qeyri-obyektiv yazılara yer verilməklə őlkənin imicini ciddi şəkildə zədələməyə cəhd gőstərilir, hətta qarayaxma kampaniyası aparılır. Bütün bunlar Qərbin Türkiyəyə qeyri-səmimi və riyakar münasibətindən irəli gəlir”.

Onun sözlərinə görə, Türkiyə NATO-nun və Qərb ailəsinin bir üzvü olmaqla yanaşı həm də Yaxın Şərq ölkəsidir:

“Buna görə də Qərb Türkiyəni Avropa ilə Yaxın Şərq arasında körpü rolunu oynayan ölkə kimi dəyərləndirməlidir. Təəssüf ki, indiyə kimi buna şahidi olmamışıq. Qərb Türkiyəyə qeyri-səmimi münasibətini davam etdirir.

ABŞ-nin Türkiyəyə etibar etməməsi üçün heç bir səbəb yoxdur. Bildirim ki, Türkiyə bir çox vasitəçilik məsələlərində mühüm diplomatik roy oynayıb və uğurlu nəticələr əldə edib. Belə ki, zamanla iki münaqişə tərəfi - Rusiya ilə Ukrayna arasında humanitar məsələlər üzrə keçirilən danışıqlarda Türkiyənin vasitəçiliyi ilə bəzi ciddi promlemlər öz həlli tapıb. “Taxıl dəhlizi”nin yaradılması və əsirlərin mübadiləsi Ankaranın təqdirəlayiq diplomatik uğurlarıdır. 

Türkiyə bir çox regional məsələlərdə özünü etibarlı tərəfdaş kimi təsdiq edib. Artıq Türkiyə özünü bir sıra münaqişələrin nizamlanması ilə bağlı məsələlərdə vasitəçilik etmək qabiliyyətinə malik olan ölkə kimi sübut edib. Buna görə də ABŞ və digər Qərb ölkələri Türkiyəyə etibat etməli, həmçinin Türkiyəyə səmimi münasibət sərgiləməlidir”.

Yunis Abdullayev 
“Cebheinfo.az”