Düyməyə basılıb: Paşinyanın "fatihə"si verilib
Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin əməliyyat axtarış tədbirləri nəticəsində ölkədə hakimiyyətin zorla ələ keçirilməsinə cəhdin qarşısı alınıb.
Bu barədə Ermənistanın İstintaq Komitəsi məlumat yayıb.
Bildirilib ki, Qarabağdan Ermənistana gələn iki nəfərin daxil olduğu ümumilikdə 7 nəfərlik cinayətkar qruplaşma ölkədə hakimiyyəti silah gücünə devirmək məqsədilə plan hazırlayıb:
“Araşdırmalar zamanı müəyyən edilib ki, həmin qanunazidd əməlin icrası üçün bu şəxslərin hər birinə 90 gün boyunca hər ay 220 min rubl məbləğində pul ödənilməklə onların Rusiya ərazisində təlim keçmələri, eləcə də Ermənistana qayıtdıqdan sonra təlimlərdə qazandıqları bilik və bacarıqları bu ölkədəki müəyyən şəxslər arasında yaymalı olduğuna dair razılıq əldə olunub.
Bir müddət sonra onlar Rusiyanın Rostov-Don şəhərinə gələrək, buradakı “Arbat” hərbi bazasında təlimlərə cəlb edilib, burada müxtəlif silah və hərbi texnikadan istifadənin sirlərinə yiyələniblər”.
İstintaq onu da müəyyən edib ki, həmin şəxslərin bəziləri sonradan Ermənistanda dövlət çevrilişinə dair tapşırığın icrasından imtina edib, üç nəfər isə hüquq-mühafizə orqanlarının xüsusi əməliyyatı zamanı həbs olunub.
Komitədən 4 nəfər barəsində axtarış elan edildiyi də açıqlanıb.
Maraqlıdır, hansı siyasi qüvvələr Paşinyanın devrilməsində maraqlıdır? Ermənistanda kimlər mövcud hakimiyyətə qarşı çevrilişə cəhd edə bilər?
Məsələ ilə bağlı politoloq Elçin Xalidbəyli “Cebheinfo.az”-a şərhində qeyd edib ki, Paşinyan hakimiyyətinin özü həm Rusiya, həm də Qərb üçün uğursuz siyasi xadim hesab olunur:
“Paşinyan hakimiyyəti Rusiyaya qətiyyən sərf eləmir. Ermənistanın indiki hakimiyyətinin dəyişdirilməsi Moskvanın maraqlarına cavab verir. Kremldə hesab edirlər ki, Paşinyan hakimiyyəti devrildikdən sonra Ermənistan yenidən Rusiyanın orbitinə qayıdacaq və Rusiyanın Cənubi Qafqazda forpostu olaraq davam edəcək.
Ancaq Nikol Paşinyanın problemləri təkcə bununla bitmir. Qeyd edim ki, bu gün Rusiya kəşfiyyatına bağlı, “Qarabağ klanı”nın rəhbərləri, vaxtı ilə dövlət başçısı və hərbi cinayətkar olan Robert Köçəryan və Serj Sarkisyanın nəzarətindəki siyasi qüvvələr Paşinyan hakimiyyətinin devrilməsi istiqamətində cəhdlərini davam etdirir.
Onlar çevriliş planlarını 2026-ci ildə keçiriləcək növbəti parlament seçkiləri ərəfəsində reallaşdırmaq istəyirlər. Paşinyan hakimiyyətini qorxudan önəmli məsələlərdən biri küllü miqdarda silahların ayr-ayrı şəxslərin əlində olmasıdır. 44 günlük müharibədə Ermənistan ordusunun ağır məğlubiyyətindən sonra 10 minlərlə silah yoxa çıxıb.
Ermənistanın aidiyyəti dövlət qurumları bunu sübut edib. Baş nazir Nikol Paşinyan və onun komandası bu silahların müxalif qüvvələrin əlinə keçməsindən və onlara qarşı istifadə olunacağından narahatlıq keçirir.
Xatırladım ki, ötən ilin 19 sentyabrında Ordumuzun 24 saat ərzində antiterror əməliyyatından sonra Qarabağın dağlıq ərazilərindəki qondarma rejimin terrorçular Ermənistana yerləşiblər.
Bu şəxslər ərazilərimizi tərk edərkən özləri ilə bərabər yüngül silahlar aparmaları barədə məlumatlar mövcuddur. Bu silahlar da Paşinyan hakimiyyətinə qarşı istifadə oluna bilər. Bütün bunları nəzərə alan Nikol Paşinyan “Qarabağ klanı”nın və Qarabağ ermənilərinin fəaliyyətinin məhdudlaşdırmağa və onların ölkədən çıxarılmasına çalışır”.
Qərbin maraqlarına gəlincə, politoloq vurğulayıb ki, ABŞ Nikol Paşinyanı Armen Qriqonyanla əvəz etmək istəyir:
“ABŞ və digər Qərb qüvvələri də Paşinyandan narazıdırlar. Çünki Qərb mətbuatına sızmış məlumatlara görə, Paşinyan Kreml ilə münasibətləri bərpa etmək niyyətinə düşüb.
Səhnə arxasında Rusiya rəsmiləriylə danışıqlar aparır. Qərb mətbuatında iddia olunur ki, Paşinyan öz hakimiyyətini qorumaq üçün ölkəni yenidən Rusiyanın təhlükəsizlik çətiri altına salmaq istəyir.
Hətta Paşinyanın Azərbaycanla sülh danışıqlarında Rusiyanın vasitəçiliyinə razılıq verməsi barədə iddialar da dolaşır. Buna görə də Qərb Paşinyanı cəzalandırmaq niyyətinə düşüb.
Bildirim ki, Rusiya və Qərbin Paşinyan hakimiyyətinə münasibətləri bir-birilə fərqlənir. Moskva Paşinyan hakimiyyətinin tam şəkildə dəyişdirilməsinin tərəfdarıdır, Qərb isə Nikol Paşinyanın özünü dəyişdirmək istəyir.
Belə ki, Qərb baş nazirlik postuna ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsinin agenti, ölkənin Təhlükəsizlik Şurasının katibi Armen Qriqonyanı gətirmək istəyir. Hazırda proseslər Nikol Paşinyanın əleyhinə cəriyan edir. Ermənistanda hadisələrin hansı istiqamətə doğru gedəcəyini yaxın zamanda şahidi olacağıq”.
Yunis Abdullayev
“Cebheinfo.az”