İrandan İsrailə hədə: Blef, yoxsa real təhlükə?

İrandan İsrailə hədə: Blef, yoxsa real təhlükə?

“İranla İsrail arasında genişmiqyaslı müharibənin baş verəcəyini düşünmürəm”. 

Bu sözləri politoloq Oqtay Qasımov “Cebheinfo.az”-a şərhində İranın İsrailə növbəti raket zərbərlərinin baş tutub-tutmayacağı ilə bağlı suala cavab verərkən bildirib. 

Onun sözlərinə görə, regionu əhatə edəcək böyük müharibə nə İsrail, nə də İranın marağındadır:

“İran rəsmilərinin son açıqlamaları onu göstərir ki, İran İsrailin hərbi əməliyyatına qarşı növbəti cavab zərbələrinə hazırlaşır. Tehran növbəti hücumunu bölgədəki öz proksi qüvvələri vasitəsi ilə həyata keçirmək niyyətindədir.

İran hakimiyyəti İsrailə raket hücumlarını İraq ərazisidən təşkil etməyi düşünür. İran hökumətinin buna imkan verib-verməyəcəyi ayrı bir məsələdir. Amma hər halda son günlər müxtəlif medialarda yayılan məlumatlara görə, İranda İsrailə növbəti raket hücumlarının təşkili istiqamətində ciddi hazırlıqlar gedir.

Təbii ki, İsrail də İranın hücumuna cavab verməyə hazırlaşır. İsrailin Baş naziri Benyamin Netanyahu son mətbuat konfransında bəyan edib ki, İran tərəfindən İsrailə hücum olunarsa, İsrailə buna qarşılıqlı olaraq cavab tədbirləri görəcək. 

Artıq ABŞ öz hərbi təyyarə daşıyan gəmilərini bölgəyə göndərməyə başlayıb. ABŞ-nin müdafiə naziri bildirib ki, Vaşinqton Amerikanın bölgədə maraqlarına hər hansı zərərin vurulmasına imkan verməyəcək.

Belə fikirlər səslənir ki, İranın cavab zərbərləri ABŞ-də prezident seçiləri ərəfəsində baş verəcək. Hər halda İranla İsrail arasında genişmiqyaslı müharibənin baş verəcəyini düşünmürəm.  Bu, hər iki tərəfin maraqlarına uyğun deyil. Belə bir hal baş verəcəksə, ABŞ prosesə müdaxilə etmək məcburiyyətində olacaq”.

Yunis Abdullayev 
“Cebheinfo.az”