İrəvan da “Qarabağ məsələsi"ni bitirdi

İrəvan da “Qarabağ məsələsi"ni bitirdi

 “Ermənistan üçün Qarabağın öz müqəddəratını təyinetymə məsələsi yoxdur”.

Cebhe.info-nun məlumatına görə, Ermənistan Milli Məclisinin Sədri Alen Simonyan jurnalistərin “Hökumət Qarabağ məsələsini həll olunmuş hesab edirmi?” sualına cavabında belə deyib. Eyni zamanda, Simonyan Qarabağ məsələsinin 2016-cı ildə həll olunduğunu vurğulayıb. “Qarabağ məsələsinin artıq həll olunması nə deməkdir? Bağışlayın, Qarabağda nə problem var, misal çəkə bilərsinizmi? Dayanın, nədən danışırsız?”,-deyə Alen Simonyan bildirib. 

“Bu gün Ermənistan Respublikasının belə bir məsələsi yoxdur. Ermənistan Respublikası Qarabağ da daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyünü tamamilə tanıyır. Biz bu barədə son bir-iki il ərzində yəqin ki, səkkiz dəfə danışmışıq. Başqa nə demək lazımdır?”,-deyə Simonyan bildirib. 

Milli Məclisin Sədri bəyan edib ki, indiki halda diqqət sülh müqaviləsinə yönəldilməlidir:

“Hesab edirəm ki, bu tarixi mərhələdə biz Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanmasına və regionda bütün kommunikasiyaların açılmasına diqqət yetirməliyik”. 

Alen Simonyan əlavə edib ki, hansısa azərbaycanlının Ermənistana, yaxud hansısa erməninin Xankəndinə qayıtması gələcəyin işidir. Qarabağdan köçən erməni əhalinin öz evlərinə dönməsi ilə bağlı suala cavabında Simonyan bildirib ki, ermənilərin yaxın vaxtlarda Xankəndinə və ya digər ərazilərə qayıtmasını qeyri-mümkün hesab edir.

“Biz hər şeyi edirik. Ümid edirəm ki, vaxt gələcək və bu, avtomatik olaraq baş verəcək: ermənilər və azərbaycanlılar bir-birinin yanında yaşamalıdır, ticarət etməlidir. İstisna etmirəm ki, kimlərsə Azərbaycan ərazisinə-öz evlərinə qayıdacaq. Nə vaxtsa azərbaycanlıların da gəlib burada məskunlaşa biləcəyini istisna etmirəm”. 

“Sülh müqaviləsində azərbaycanlıların qayıtması ilə bağlı məsələ varmı?” sualına Simonyan “Şəxsən mən sülh sazişində belə bir bənd görməmişəm” cavabını verib. 

Spikerin açıqlamasını Cebhe.info-ya şərh edən Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə hesab edir ki, Qarabağ məsələsi artıq öz həllini tapdığından müzakirə predmeti deyil. İndi Ermənistan Qarabağa ərazi iddiasından geri çəkilsə də, bu mövzuda qarayaxma kampaniyası aparır. Ona görə də sülh müqaviləsinin imzalanması üçün Ermənistan Azərbaycana qarşı informasiya müharibəsini dayandırmalıdır: 

“Qarabağ ermənilərinin öz müqəddaratını təyinetmə məsələsi ilə bağlı Alen Simonyanın dedikləri Nikol Paşinyan hakimiyyətinin mövqeyini əks etdirir. Görünür, onlar bu mövzunun qapadılmasını istəyirlər. Hətta Paşinyan hökuməti Ermənistanda qondarma rejimin qurumlarının fəaliyyətinə ehtiyac olmadığını, bir Ermənistan dövlətinin olduğunu bəyan edib. Bunlar praqmatik şəkildə verilən açılqmalardır. Alen Simonyan reallıqlara uyğun açıqlama verir. Ermənistan artıq Qarabağ da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanıyır.

Əvvəlki hakimiyyətlər bunu demirdi. Hesab edirəm ki, Alma-Atı Bəyannaməsində olduğu kimi, sülh müqaviləsində də Ermənistanın Qarabağ da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanıması öz əksini tapacaq. Ona görə danışıqlar prosesində nə öz müqəddaratını təyinetmə məsələsi, nə də Azərbaycan ərazisində Qarabağ müzakirə predmetidir. Ermənilərin hazırda Qarabağa qayıtmasında Ermənistan dövləti özü də maraqlı deyil. Rəsmi İrəvan azərbaycanlı qaçqınların Ermənistana qayıtmasını istisna etmir. Hesab edirəm ki, bu məsələ gələcəyin işidir”. 

O bildirib ki, bu məsələnin sülh müqaviləsində əks olunması rəsm Bakının mövqeyindən asılıdır: 

“Əgər Ermənistan Qarabağdan köçən ermənilərin qayıtmasını sülh sazişinə daxil etməyi təklif etsə, o zaman rəsmi Bakı da azərbaycanlıların Ermənistana dönməsini təklif etməlidir. Əgər Paşinyan hökuməti belə bir bəndin müqavilədə əks olunması şərti ilə çıxış etməsə, yəqin ki, Azərbaycan da qaçqınların Ermənistana qayıtmasında israr etməyəcək.

Göründüyü kimi, Ermənistan hökumətinin gündəliyində Qarabağ məsələsi bitib və artıq yoxdur. Amma bu məsələlər beynəlxalq müstəvidə də öz həllini tapmalıdır. Ermənistan “etnik təmizləmə”, “Qarabağda erməni mədəni irsi” kimi saxta iddialardan geri çəkilməlidir. Çünki bu ifadələr sülh müqaviləsinə mane olur”. 

Müşfiq Abdulla 
Cebhe.info