İrəvan Kremllə bütün körpüləri yandırdı

İrəvan Kremllə bütün körpüləri yandırdı

Ermənistan parlamenti Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunu ratifikasiya edib.

Bununla bağlı qərar qanunverici orqanın oktyabrın 3-də keçirilən iclasında qəbul olunub.

Müxalifətdən olan “Ermənistan” və “Şərəfim var” fraksiyaları səsvermədə iştirakdan imtina edərək iclas zalını tərk edib. Lakin çoxluq hakim “Vətəndaş Müqaviləsi” fraksiyasına məxsus olduğundan müxalifətin boykot qərarı nəticəyə təsir etməyib.

Ermənistan parlamentinin bu addımından sonra Nikol Paşinyan hakimiyyətinin Rusiya ilə münasibətlərinin daha da gərginləşəcəyi gözlənilir.

Çünki Ermənistan Roma statutunu təsdiq etməklə Beynəlxalq Cinayət Məhkəməsinin Rusiya Prezidenti Vladimir Putin barəsində çıxardığı həbs orderinin icrasına dair öhdəliyə qoşulub. Bu isə o deməkdir ki, Vladimir Putin Ermənistana gələcəyi təqdirdə həbs edilərək Haaqa Tribunalına verilməlidir.

Ona görə də Ermənistan parlamentinin qərarına Rusiyanın sərt reaksiya verəcəyi proqnozlaşdırılır. Yəni bu qərar iki ölkə arasında gərgin olan münasibətlərin qarşıdurma müstəvisinə keçməsi ilə nəticələnə bilər.

Politoloq İlqar Vəlizadə Cebhe.info-ya açıqlamasında bildirib ki, Paşinyan hakimiyyəti qeyd edilən addımı atmaqla Rusiyanın siyasi orbitindən uzaqlaşmaq və Qərbə inteqrasiya yolunu tutmaq niyyətini nümayiş etdirir:

"Hətta Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, Avrasiya İqtisadi Birliyi və Müstəqil Dövlətlər Birliyindən də uzaqlaşa bilər.

Bundan sonra Rusiya-Ermənistan münasibətləri məhdudlaşdırıla bilər. Əgər Ermənistanda KTMT, Avrasiya İqtisadi Birliyi, MDB səviyyəsində hər hansı bir tədbir keçirilsə, Rusiya Prezidenti Vladimir Putin ora gələ bilməyəcək.

Ona görə də Putinin bundan sonra belə cəhd göstərəcəyini düşünmürəm. Ermənistanın Roma Statusunu ratifikasiya etməsi Rusiyaya çağırış təsiri bağışlayır və Kremlə qarşı çıxmaq deməkdir. Çox güman ki, Moskva da buna cavab verəcək və Nikol Paşinyan Rusiyada keçiriləcək tədbirlərə dəvət edilməyəcək.

Hər iki şəxsin münasibətləri pisləşərsə, bu, Rusiya və Ermənistan arasında gərginliyə səbəb olacaq. Ermənistan Rusiyanın liderlik etdiyi KTMT və AİB-dən tədricən ayrılacaq və üzünü Qərbə tutacaq. Ermənistan parlamentinin qərarı İrəvanın həm də KTMT-də və AİB-dəki fəaliyyətini birmənalı şəkildə məhdudlaşdırması deməkdir.

Bir neçə gündən sonra Qırğızıstanda MDB ölkələrinin dövlət başçılarının sammiti keçiriləcək. Bu yaxınlarda MDB ölkələri müdafiə nazirlərinin Rusiyada keçirilən toplantısına Ermənistanın müdafiə naziri Papikyan getməkdən imtina etdi. Əgər Paşinyan Qırğızıstana getməsə, bu o deməkdir ki, Ermənistan Moldovanın yolu ilə gedəcək.

Amma Moldova KTMT-nin, AİB-in üzvü deyil. Eyni zamanda, Moldovanın MDB-dən ayrıldığını görürük. Moldovanın Prezidenti MDB-nin toplantılarında iştirak etmir. Yəni Moldova Rusiya ilə münasibətlərini məhdudlaşdırır. Ermənistanı isə bu vəziyyətdə görmürəm. Çünki Ermənistan Rusiya ilə sıx bağlıdır. İki ölkə arasında ziddiyyətlərin artması Ermənistanda daxili siyasi vəziyyətin gərginləşməsinə gətirib çıxaracaq.

Nəticədə, Ermənistanda böyük iqtisadi problemlər yarana bilər. Ermənistanın son addımlarını Rusiyanın asanlıqla qəbul edəcəyini düşünmürəm. Əgər Rusiya buna sərt reaksiya verməsə, deməli Moskva Ermənistanda təsir imkanlarını itirib və aciz qalıb. Belə olan halda Rusiya Ermənistanı bəri başdan Qərbə təhvil verəcək”.

Müşfiq Abdulla
Cebhe.info