Ermənistanda Paşinyan-kilsə savaşı QIZIŞIR 

Ermənistanda Paşinyan-kilsə savaşı QIZIŞIR 

Ermənistan Baş nazir Nikol Paşinyan bu dəfə erməni apostol kilsəsinə və bütün ermənilərin katolikosuna qarşı növbəti sensasion kampaniyaya başlayır.

“Cebheinfo.az”-ın məlumatına görə, “Johovurd” qəzeti belə yazıb.

“Ancaq əsl məqsəd başqadır, insanların diqqətini yayındırmağa yönəlmiş təhlükəli manevrdir. Hökumət başçısının ruhani liderə hücum etdiyi bu anda həqiqətən nə baş verir” sualını gündəmə gətirən qəzet qarşıdurmanın Azərbaycanla sərhədin demarkasiyası ilə bağlı olduğunu iddia edir. 

Qeyd edilir ki, Ermənistan hökuməti sərhədi Azərbaycanın şərtləri ilə çəkməyə hazırlaşır.

Kilsənin mövqeyini müdafiə edən “Johovurd” qəzeti Paşinyanı təhlükəli şərtlərlə sülh müqaviləsini qəbul etməkdə ittiham edir.

“Artıq bir neçə aydır ki, erməni konyakının Gürcüstan üzərindən Rusiyaya ixracına qadağa qoyulub. Konyak istehsalçıları çıxılmaz vəziyyətdədir və hökumət heç nə etmir. Xarici borc təhlükəli həddi ötüb. Belə ki, 2024-cü ilin sonuna olan məlumata görə, xarici borc 11 milyard dolları keçib, hər bir vətəndaşın borcu isə 3 600 dollara yaxındır. Əhalinin xaricə axını isə son illərdə yenidən artıb.

Biz təkcə yoxsulluqdan yox, həm də məyusluqdan gedirik. Bütün bunların fonunda Paşinyan korrupsiyaya qarşı deyil, erməni kilsəsinə və katolikosuna qarşı mübarizə aparmaq qərarına gəlib. Sual yaranır, nə üçün dövlətin bu qədər taleyüklü problemləri olduğu halda məhz Paşinyan bütün diqqətləri Eçmiədzinin Ana Taxt-Tacına yönəldib?”, - deyə nəşr qeyd edir.

Müşfiq Abdulla 
“Cebheinfo.az”