İrəvanın mina xəritəsi yalanı: “Böyük Qayıdışı hansısa formada ləngitməyə…”

İrəvanın mina xəritəsi yalanı: “Böyük Qayıdışı hansısa formada ləngitməyə…”

Ermənistan 3 rayonun mina xəritələrini hələ də verməyib.

Bu barədə Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) açıqlama verib.

Bildirilib ki, keçmiş təmas xəttinin Xocavənd, Tərtər və Goranboy rayonları ərazisindən keçən hissəsi, habelə 2020-ci ilin noyabr ayında geri çəkilən zaman Ermənistan hərbi birləşmələri tərəfindən minalanmış ərazilər barədə məlumatlar hələ də təqdim edilməyib. 

Xatırladaq ki, 44 günlük Vətən müharibəsindən sonra 345 nəfər mina qurbanından 247 nəfəri keçmiş təmas xəttindən kənarda baş verən mina hadisələri nəticəsində həlak olub və ya müxtəlif dərəcədə bədən xəsarətləri alıb.

Ümumiyyətlə, Ermənistan nə üçün hələ də mina xəritələrini bizə vermir?

Azad Vətən Partiyasının (AzVP) sədri Akif Nağı “Cebhe.info”-ya açıqlamasında bildirib ki, erməni rəsmiləri yalan danışmaqla məşğuldurlar:

“Onlar danışıqlar prosesində qeyri-müəyyənlik yaratmağa çalışırlar. Həmçinin, rəsmi İrəvanın mina xəritələri ilə bağlı da qeyri-müəyyən ifadələrdən istifadə etdiyini görürük. Ermənistan hakimiyyəti bilir ki, Azərbaycan beynəlxalq səviyyədəki platformalarda mina xəritələrini tələb edir və faktları ortaya qoyur. 

Təəssüf ki, Azərbaycanda dinc əhali hələ də mina qurbanı olur. Demək olar ki, hər həftə kimsə minaya düşür. Yəni Ermənistan mina xəritələrini vermədiyi üçün bu hadisələr baş verir. Rəsmi Bakı bunların hamısını beynəlxalq qurumlara təqdim edir”.

Partiya sədri qeyd edib ki, Ermənistan dünyanı öz yalanlarına inandırmaq üçün Azərbaycana mina xəritələri verdiyini iddia edir:

“Hətta bunu öz təşəbbüslərini ilə etdiklərini göstərməyə çalışırlar. Buna baxmayaraq, mina xəritəsi ilə bağlı vəziyyət dəyişməyib. Ermənilər mina xəritələri ilə bağlı ictimaiyyətə yalan məlumat verir. 

Onlar həm danışıqlarda, həm də digər məsələlərdə yalançı mövqedən çıxış edirlər. Biz də onların yalançı mövqedə olmasından arqument kimi istifadə etməliyik. Ümumiyyətlə, Ermənistanın elan etdiyi məlumatları 10 dəfə yoxlayıb sonra inanmaq lazımdır”.

Akif Nağı Ermənistanın mina xəritələrini vermək istəməməsindəki məqsədlərindən də bəhs edib:

“Hesab edirəm ki, Ermənistanın mina xəritələrini verməməklə ondan danışıqlarda təsir vasitəsi kimi istifadə etməyə çalışır. Amma bu, ciddi təsir vasitəsi deyil. Əksinə, mina xəritələrini verməmək onların özlərinin ziyanınadır.

Çünki hər dəfə minaya düşənə vətəndaşımıza görə rəsmi İrəvan məsuliyyət daşıyır. Amma daha çox Azərbaycan vətəndaşının həyatını itirməsi üçün Ermənistan mina xəritələrini vermək istəmir.

Nəzərə almaq lazımdır ki, insanlar hərbi obyektlərin olduğu yerlərdə yox, daha çox dinc əhalinin yaşadığı yerlərdə minaya düşürlər. İrəvan hakimiyyəti də mina xəritələrini verməməklə insanların Qarabağa qayıdışına əngəl törətməyə çalışır.

Yəni insanlarda mənfi əhval-ruhiyyə yaratmaq istəyirlər. Düşünürəm ki, mina xəritələrini verməməklə Böyük Qayıdışı hansısa formada ləngitməyə çalışırlar”.

Elmir Mustafa
“Cebhe.info”